20 Yanvar 2020 16:23
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötənlərdə Türkiyədə yaşayan tarixçimiz Ramin Sadıqov CİA-nın 1959-cu ildə dərc etdiyi raportdan bir hissə paylaşdı.

Raporta görə, 1925-ci ilədək bolşeviklər Azərbaycanda baş verən üsyanları yatırtmaq üçün 100 min insanı qətlə yetiriblər. Bu sayın nə qədər olduğunu tam şəkildə təsbit etmək hələ ki imkanımız xaricindədir. Çünki 1920-ci ildən 1937-ci ilədək Azərbaycanda baş verən milli azadlıq hərəkatı hələ də tədqiq edilməyib, arxivlər açılmayıb, konkret siyasi qiymət verilməyib.

Mühacirət mətbuatında bu barədə geniş bilgilər olsa da, bu məlumatlar da dəmir pərdənin arxasından nə qədər sızıbsa, o şəkildədir.

Bu üsyanlar o qədər geniş şəkildə olub ki, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə 1930-cu ildə Almaniyada çap etdiyi kitabında buna geniş yer ayırıb. Eləcə də "Odlu yurd", "Bildiriş" kimi qəzetlərdə də mütəmadi işıqlandırılıb.

Bolşeviklər bu üsyanların mahiyyətini sonralar bəzi filmlər çəkərək, kitablar dərc edərək fərqli məcraya çevirməyə çalışdılar. Amma bu il 100-cü ildönümünü qeyd edəcəyimiz Gəncə, Qarabağ, Tərtər üsyanları və arxasınca davam edən qaçaq hərəkatları sırf rus idarəçiliyinə, qətliamlara qarşı idi.

SSRİ dönəmində Nargin adasında güllələnən, daha sonra repressiyaya məruz qalan insanlar haqqında uzun illər məlumatsız yaşadıq. Heç bir zaman bilmədik ki, Cəfər Cabbarlı kimi yazıçılarımız da zindana salınmışdı. Bu məlumatlar mühacirətdə Əbdülvahab Yurdsevərin silsilə şəklində yazdığı "QPU vəhşətləri" adlı xatirələrdə ilk dəfə üzə çıxdı. Mühacirin yazdığı ilə Asif Rüstəmlinin DTX arxivlərində tapdığı materiallar bir-birini tamamlayır və bizə hələ indi məlum olur ki, 1920-ci illərdə nə zülmlər çəkmişik.

Hətta İkinci Dünya müharibəsi başladığı ildə də Bakıda müsavatçı ovu aparılıb. Demək ki, 1940-cı illərədək mübarizə gizli şəkildə aparılıb.

Dünya bolşeviklərin bu cinayətlərini 1956-cı ildə Macarıstan faciəsindən sonra eşitməyə başladı. Bu artıq SSRİ-nin açıq şəkildə törətdiyi cinayəti idi ki, 30 il öncə də Bakıda törədildi.

20 yanvar o gün üçün SSRİ-nin daxili işi kimi göstərilsə də, 1920-ci ildən başlanan azadlıq mücadiləsini boğmaq üçün atılan addımların davamı idi.

Gəncə üsyanından sonra ilk dəfə idi ki, imperiyaya qarşı kütləvi etirazlar başlamışdı. Artıq meydanlarda üçrəngli bayraq dalğalanırdı, Xalq Cəbhəsi formalaşmışdı, siyasilər, ziyalılar xalqın yanında idilər.
Məhz bu birliyin və müstəqilliyə gedən yolun qarşısını almaq üçün bu cinayət törədildi.

Cinayəti törədənlərdən fiziki olaraq qisasımızı ala bilməsək də, cəmi bir il sonra müstəqilliyi elan etməklə bu qətliama cavab vermiş olduq...


Müəllif: Dilqəm Əhməd