28 Yanvar 2020 13:27
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözləri dalğın baxır, bir şeylər əksikdir həyatından. Baxır, baxır, baxır, tapa bilmir. Axtarır, axtarır, axtarır, su kimi axır gözləri.

Uçurumun kənarından baxır sanki, bu uçurumun dibində qalır adam onda, o, susanda, gözləri dalğın süzəndə. Geri çağıra bilməyəcək qədər uzaqlarda qalır, çox uzaqlarda, gözləri onda solğun göz üzünə bənzəyir, ağ topa buludlar arasından çıxıb yenidən buludlara baş vuran quşlar kimi bir-birini izləyir gözləri. Artıq baxmaq, görmək istəmirlər sanki, qəribə süzür həyatı.

Adamı gözlərindən unudur onda, o, dalğın baxanda. Gözlər də unudur, bunu ondan öyrəndim. Deyəsən, insan ən birinci gözlərindən unudur.

Əskik qalan tərəfi, itirdiyi şey mən deyiləm. Bəs mən kiməm? Həqiqətən mən kiməm onun üçün? Yara bağı deyiləm, ürəyinə yaxın buraxmır – yaralı yerinə. Eləcə uzaqdan baxıram, eləcə uzaqlara baxır. Dalğın baxışları etinasız, sürətlə üstümdə gəzişib sonra çıxıb gedir. Bu sürət fonunda alatorana qarışmış yarı-xəyal bir şeyəm. Hərəkətsiz bir şey. Müqəvva... Ümidsiz bir şey, belə kiçicik, bu boyda – hörümçək toruna düşmüş milçək kimi...

Kirpiklərini qırpır. Qabağında bir təlxək oynadır, dayanmadan danışıram, onun kirpikləri isə bu təlxəyə əl vurur, onu bu məharətinə görə alqışlayır. Öz-özümə danışıb-gülürəm, o isə uzaqlardan gülümsəyir, uzaqlara gülümsəyir, buludların arxasına. Göyə baxır, mənə yox. Sadəcə gülümsəyir, məni ələ salarcasına.

Gülümsəyir, görəsən nə düşüb yadına, ya da kim? Sarılır, mənə sarılır. Gözlərimə baxır. Görəsən kim üçün yalvarır mənə, kim üçün təsəlli istəyir? Kimi axtarır məndə, kim yadına düşüb, ya da nə? İkimizə də işgəncə verir, məndəki onun əzabıdır, onunkunu bilmirəm. Ruhuna başqasının bədənini geyinib sanki, yoxsa özünə belə əzab verməz. Belə nifrət etməz özünə, ancaq sevmədiyi birinin bədənini belə bir sonsuz işgəncənin qurbanına çevirə bilər - belə sevməz, belə nifrət edər, belə sevər insan. O da ruhuna başqasının bədənini geyinib. Mənsə, ürəyindən od tutub yanan bu qorxunc alovun içində od tutmuş bir odun parçasıyam, məni hiss etmir.

Elə ki dalğın baxır, əlləri ətə çevrilir, sümüksüz, bir əl içi boyda yumşaq ətə. Diksinirəm onda əllərindən. Soyuyur ovcum içində, isidə bilmirəm. Mənimlə olmur onda, dalğın baxanda. Çünki onu mənim yanıma qovub gətirən şey ürəyi yox, onu ağrılarının içində azdıran ayaqlarıdır. Öz ağrılarının kənarına çıxmaq istəyir, ona görə vurnuxur. Ağrıyan insan gəzməyə vərdişkardır. Özündən ixtiyarsız gəzişir, ağrılarına çarə axtarır sanki. Məni də ağrıyan böyük bir dişə çevirmişdi. Bir də bu ağrını, yəni, məni canında duyanda... ürəyindən tez-tez çıxarıb atmağa vərdiş etməsi bundandır.

Onun yarasının dişləri var. Bu yarası ağrıdıqca onu da, məni də yeməyə başlayır. Ən çox da məni. Yedikcə doyur, sakitləşir bir az.

Ürəyi, onun ürəyi də var. O ürəyi də ayaqlarının arxasınca sürünür. Ürəyini də arxasınca sürüyür, onu kiminsə ovcuna qoyub qaçmaq istəyir sanki. Yerlə bir olur, hər dəfə yanıma gələndə. Daha doğrusu mənə gəlib çatanadək. Elə məndən sonra da. Yəqin ki...

Bəzən gözlərinə elə səssizlik çökür ki, adam çağırmaq istəmir, geri qaytara bilmir, pozmaq istəmir içindəki sükutu. Səssizliyi qorumaq naminə məğlubiyyət bayrağını qaldırıb razılaşır adam, bağışlayır onu. Susur, dənizin dibinə düşüb suyla əhatələnmiş, su dolmamaq üçün ağzını yummuş insan kimi susur. Yumur ağzını, son nəfəsini içinə çəkib danışmır, boğulur sanki. Çapalayır, çapalayır, çapalayır...

Çapalayanda, yəni, yaşamaq istədiyini duyanda gedir, qalxıb gedir, arxasına baxmadan gedir. Amma qayıdır, bir təsəlli üçün, amma əlsiz qayıdır. Şeh damlası yarpaqdan düşüb geri qayıtmadığı kimi onun da əlləri heç vaxt dönmür qopdusa. Geri qayıtmır ona görə...


Müəllif: Mənsur Rəğbətoğlu