24 Fevral 2020 15:32
2 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşgəncə və əzablarımızın mənbəyi budur; gözlərimizi yumaraq, ağlımızdan keçən hər şeyi istəmək. İnsanı öz iradəsi, sahib olduğu yeganə gücü qarşısında məğlub edən bu sonsuz aclığıdır. İnsan həmişə acdır. Lakin bu sərhədsiz istəkləri və ya nəticə hasil etməyən xəyalları qarşısında dəfələrlə məyus olmasına baxmayaraq, inadkarcasına iradəsini inkar edir. İnsan olmağın mənfi cəhətləri… İradəsini yoxa sayan hər bir fərd üçün başqaları illüziya və ya xəyali varlıqlardır. İnsan şüurunun mənfi cəhətləri; qəbul etmək yerinə inkar etmək, inkar yerinə inanmaq.

İnsan kölədir, öz iradəsinin qurduğu tələdə çırpınan, göydəndüşmə azadlığa meyl edən, azadlığın göydən ona hədiyyə qutusunda göndəriləcəyinə inanan qəzəbli bir enerjinin boşluğa çırpılmasından əmələ gəlmiş təsadüfdür. Mübarizə yerinə, məyusedici ümidlər… Nə qədər qəribə görünsə də, insanın nəzəri etirazçı və ya tənbəl olmasının əsas mənbəyi də budur: diqqətini iradəsinə döndərmək yerinə, kainatın sonsuz qaranlığına – göy üzünə dikmək...

Necə ki, valideynlərimiz uşaq planlaşdırmasında bizi gözləmirdi, ortaya çıxacaq hər nəticəni qəbul edəcəkdilər, həyatı var edən bir qəzəbli enerji də hansı nəticəni əldə edəcəyini əvvəlcədən bilmirdi. İnsan, həmin yaradıcı enerjinin şüursuz davranışının nəticəsidir. İki insanın cinsi əlaqə zamanı bir-birini həvəsə gətirmək üçün əl atdığı vasitələri xatırlayın: akt zamanı sürətlə ilahi bir məqama çataraq, hər şeyi çılpaqlığıyla dərk etdiyini düşünən bu bir cüt insan aktdan sonra eyni sürətlə həmin Olimpin zirvəsindən yerə çırpılaraq öz şüuruna geri qayıdırlar. Süni dərketmə şüurunun məyusluğu… Biz həmin bir cüt insanın son andakı məyusluğunun hasil etdiyi nəticəyik.

Qəzəbli enerjinin boşluğa səpdiyi toxumları indi çoxdan tərk edilmiş insanların özləri cücərdirlər. Yəni yaratdığı insanlardan nə vaxtsa, imtina etmiş bir qəzəbli enerjinin – allahların öz üzərindən atdığı qəyyumluq missiyasını indi biz özümüz həyata keçiririk. On səkkiz yaşına çatdıqdan sonra kimsəsiz uşaqlar evindən qovulan birini düşünün. Kimsəsiz bir insan - o, öz başına çarə tapmalı, sağ qalmalıdır. İndi də bizim hər birimiz kainatın sonsuz qaranlığında tək qalmışıq, o qəzəbli çırpıldığı boşluğun içində yoxa çıxıb. Bu, onun intiharı idi.

Yəni insan sevilməyən, gözlənilməyən, arzulanmayan canlı növüdür. Buna görə də ölənədək bu boşluğu doldurmaq üçün istəklərinin, həzz və ehtiraslarının sonsuz aclığını doydurmaqla məşğul olur. Həyat elə budur – insan həmişə məşğuldur, heç vaxt kifayətlənmir. İnsan olmağın mənfi cəhətləri bu sonsuz aclıq, yaxud tamahkar duyğulara bağlıdır. Yəni insan ölənədək razı deyil, doymadıqca da mədəsiz yırtıcıya çevrilir, kifayətlənmir. Buna görə dünya heç vaxt yaşanılacaq ən ideal yer olmayıb, indi də hamı bu planetin doğma sakini olmadığını düşünür. Lakin iradəsinin önündə yox, arxasınca gedən insanda əzaba yer tapılmır. İradəsi oyaq olanların ölkəsində əzablar əbədi yuxuya gedib. Amma insan öz iradəsinin nə önündə, nə də arxasında yox, üzərində dayanıb, oradan çatmaq istədiyi yerə əl uzadır. Həmişə öz iradəsini inkar edir, onu əzir. Halbuki insanı insan edən, başqa canlılardan fərqləndirən şey iradədən başqası deyil. Məntiq yerinə, ümidsiz arzular xarabalığı…

İnsan həmişə iradəsi ilə mübahisə edir, onunla qarşıdurma içindədir, bu mübarizədə isə insan həmişə məğlub olur, öz iradəsi xaricində əzab çəkir. Çünki iradədə əzaba yer yoxdur, o, ağrılara yer vermir. Amma insan öz istəklərinin sonsuz, tikanlı dəhlizində sürünməyə can atır həmişə. Bu işgəncə anında iradəsindən özünü saxlamaq üçün qalxan kimi istifadə etmək istəsə də, istəklərinin dəyişəcəyindən qorxur. Öz istəklərini əvəz etmək zəhmətli işdir, insan zəhmət çəkmək əvəzinə, yerindən tərpənməmək üçün özünə haqq qazandıran fəlsəfəsini yaradır və həmişə ora istinad edir. Hər insanın öz iradəsizliyinə haqq qazandıracaq fəlsəfəsi var, xüsusən də tənbəllər və qorxaqların...

Yəni iradə sadəcə olaraq insanın tamahkar narahatlığını səssiz müşayiət edən işgəncə alətidir. Buna görə də iradəsini həqiqətlərlə yox, inanmaq istədiyi yalanları ilə qarşıdurma vəziyyətində qoyur. Bu mübarizə heç vaxt ali təbiət-iradə qarşıdurması səviyyəsinə çatmır. Əlbəttə belə bir gərginlikdən qalib çıxmaq, hər şeydən - insanın özündən belə irəlidə gedən iradə tələb edir. İnsan isə öz iradəsinə qarşı zəifdir. Halbuki çox vaxt üz tutulmayan, yada düşməyən bir iradə yeni bir səyin yeni başlanğıc nöqtəsidir.

İnsan öz gücünün fərqində deyil, iradəsiz olmağa, əzab çəkməyə meyillidir, buna görə də heç vaxt məmnun və razı deyil. Hər şey olmağı bacaran insan, xoşbəxt ola biləcək qədər istedadlı deyil, bütün həyat hekayələri ağrılardan ibarətdir. Halbuki başının içində arzuladığı o sehirli çubuğu – iradəni görsə… Beyin, yəni açılmamış sirli “Pandora qutusu”. Bu qutuda nəyin olduğunu görmək üçün qapağı azca aralamaq kifayətdir.

İnsan öz iradəsindən ağrıyır, üzərinə çıxıb yuxarı can atdığı sahib olduğu yeganə güc onu əzir. İradə həmişə oyaqdır, insanlar ona gözləri yumulu baxırlar. İnsanın “mən” dediyi şey də budur.

İstəklərinin sonsuz aclığı ətrafında səs-küy salaraq dövrə vuran insanın əl ataraq özünü saxlaya biləcəyi yeganə həqiqət varsa, o da iradəsidir. İradədən kənarda xoşbəxt olmaq mümkün deyil, insan heç vaxt bunu anlamır. İnsan xoşbəxtliyini iradəsində axtarmalıdır, o mütləq oradadır - özü üçün işgəncə alətinə çevirdiyi nəticəsiz istəklərinə təntənəli qəhqəhə çəkən iradədə. Amma insan həmişə ondan qorxur, öz iradəsinin yerini tutmuş sonsuz aclığın yaratdığı illüziyaya, ilğıma inanır. Bir boşluğa…

Elə buna görə də, insan düşüncəsində diqqətəlayiq bir yerdə duran da bu boşluqdur. Həmin boşluq – insanın gedib-gəlib bilərək ayaq atdığı o dibsiz çuxur. Vaxtilə bir qəzəbli enerji bu boşluğa çırpılmaqla həmin insanı yaratmışdı. İradəsini görməzdən gələn insan üçün mövcud olan yeganə həqiqət də bu boşluqdur. Bu dibsiz çuxur insan düşüncəsinin yaratdığı illüziyalar və boş xəyallarla doludur. İradəsizliyin xoşbəxtlik ilğımı…

İradənin inkarı da sərhədsiz illüziyalardan, arxasında mütləq boşluğun mövcud olduğu, həqiqət kimi görünən bu ilğımın içindən boylanır. Buna görə də insan hərəkətə keçməyə həvəsli olan iradəsini bu boşluğun dibindən görə bilmir. Bu səbəbdən də həmişə geri darmadağın olmuş halda qayıdır. Öz iradəsinə əmr verən insan xoşbəxt ola bilməz. İradənin önündə gedənlər geri qaçmağa meyilli olanlardır. İradə isə insanı həmişə irəli çağırır.

İradə ağrıyan bir köpək dişinə bənzəyir. Necə ki, köpək dişi sancan insan kəskin ağrıların müşayiəti ilə yediyi yeməyin necə ləzzətli olduğunu bu ağrının keçməsindən sonra anlayır, verdiyi yanlış qərarın uçurumun kənarına qədər gətirən insan da iradənin gücünə son anda inanır, daha doğrusu inanmaq istəyir, ən azı nəzərdən keçirmək ehtiyacı hiss edir.


Müəllif: Mənsur Rəğbətoğlu