24 Fevral 2020 23:26
1 791
12 Punto 14 Punto 16 Punto 18 Punto

101 il öncə Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvləri qanun çıxararaq Azərbaycan qadınına dedilər ki, “qadınsan, get deputat ol, xalqı təmsil elə”.

O zamankı Azərbaycan hökuməti Qarabağın adlı-sanlı nəslinin nümayəndəsi, xeyriyyəçi Həmidə xanım Cavanşirin ayağına gedib ona təklif edib dedilər ki, “qadınsan, gəl bölgənin parlamentdə təmsilçisi ol”.

Hələ bunlar baş verməmişdən öncə Hacı Zeynalabidin Tağıyev min bir əziyyətlə Bakıda qızlar üçün məktəb açıb dedi ki, “qadınsan, oxumalısan, təhsilli kişiylə bərabər olmalısan”. Həmin məktəbin müdiri də bir qadın təyin edildi – Hənifə xanım Məlikova. O, Hənifə xanım ki əri Həsən bəy Zərdabi “Əkinçi” üçün, təhsil üçün əziyyətə qatlaşarkən yanında oldu, 1908-ci ildə ilk Azərbaycan qadın xeyriyyə cəmiyyətini qurdu.

Yenə 102 il bundan öncə parlamentin iclasında Əhməd Cövdət Pepinov dedi ki, qadınsan, kişi ilə hüququn bərabər olmalıdır: “Müdafiə edəcəyimiz məsələlərdən biri də qadınlarımızın haqq və səlahiyyəti kişilər ilə bərabər olmaqdır”.

Həmin parlamentin digər üzvü Əkbər Ağa Şeyxülislamov deyirdi ki, qadınsan, get Vətənimiz üçün azad insan böyüt: “Bu gün qadınlarımız gələcək övladlarımıza tərbiyə verməkdədirlər. Əgər onlar azadə olmasalar, dövlət və vətənimizi müdafiə edən azad fikirli övlad dəxi yetirə bilməyib, özləri qul və əsir insanlar yaradarlar”.

1911-ci ildə Mustafa Əlibəyov həyat yoldaşı Xədicə Əlibəyovaya “qadınsan, get ev işlərinə bax” demədi, əksinə birlikdə Azərbaycanın ilk qadın jurnalı olan “İşıq” dərgisini yaratdılar. Xədicə xanımın redaktorluğunda jurnalın 68 sayı çap olundu.

1918-ci ildə Məhəmmədəmin Rəsulzadə qadınları ictimai fəaliyyətə cəlb olunmasının vacibliyini yazdı: “Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”.

XIX əsrin sonlarından maarifçilərin, siyasətçilərin başlatdığı qadınlara azadlıq kampaniyası nəticəsində Azərbaycan Cümhuriyyətinin konstitusiya hökmündə olan İstiqlal Bəyannaməsində qadınlar kişilərlə bərabər hüquqlara malik oldular.

1934-cü ildə Türkiyədə qadınlara seçki hüququ verilərkən də bunu sevinclə qarşılayan və bu tarixi hadisəyə məqalə həsr edən də yenə Azərbaycan kişisi Əhməd bəy Ağaoğlu oldu. Məqaləsində yazdı: “Şəxsən mən türk qadınına inanıram, onun əsrlərdən bəri qəlbində yığdığı yüksək həssasiyyətə, insani duyğulara çox güvənirəm və bu həssasiyyət və duyğuların sabahkı türk icmasının quruluşunda mənəvi bir məhək daşı olacağı inancındayam.

Türk qadınının verilən hüququ istifadə etməsinə gəldikdə isə mütləq şəkildə kişidən yaxşı istifadə edəcəyinə əminəm!”

1920-ci ildə Azərbaycanda sovet hökuməti quruldu. Qadınların ictimai-siyasi həyatdakı mövqeyi yüksəlməyə davam etdi. “Şərq qadını” jurnalı təsis edildi, şəhərin mərkəzində qadınlar klubu yaradıldı. Qadın təyyarəçilərimiz, tədqiqatçılarımız yetişdi.

Şövkət Məmmədova, Qəmər Almaszadə, Adilə Şahtaxtinskaya kimi öz sahələrində məşhur olan qadınlar cəmiyyətdə tanındılar. Qoçular Şövkət xanıma “qadınsan, evində otur” dedikləri zaman onu müdafiə edən, təhsil almasına yardım edən Üzeyir bəy Hacıbəyli oldu.

Müstəqilliyin bərpasından sonra isə Azərbaycan qadını cəbhə bölgəsinə yola düşdü. Vətən uğrunda şəhid oldular. Gültəkin ananın timsalında meydanlar üçün bayraq toxudular.

Və bu gün Azərbaycan qadınının parlamentdə təmsil olunmaq ən böyük haqqıdır. Parlamentdə qadınların sayı azdır. 150 illik qadın azadlığı uğrunda aparılan mübarizədən, qazanılan haqlardan sonra kimsə Azərbaycan qadınına “get evində bozbaş bişir” deyə bilməz.

Bunu deyən şəxs bir balaca burnunu yuxarı qaldırıb baxmalıdır.


Müəllif: Dilqəm Əhməd