İnsan ölə bilmir, onda, yəni ölə bilməyəcəyini duyanda nəhəng bir dünya onun üçün heç bir məna kəsb etməyən, çirkabın içində durğunlaşan bir gölməçədə çapalayır. Heç nə durultmur adamı. Amma məsələni bu qədər poetikləşdirmək, ona bu qədər qeyri-ciddi don biçmək insanda ikrah hissi oyadır. Özünə qarşı yönələn bu qara duyğudan uzaqlaşmaq üçün ehtiyatlı olmaq, hər şeyi öz adıyla çağırmaq lazımdır. Yaşayırsa, insana “ölə bilmir”, “çirkli gölməçə boğulur” demək olmur. Həqiqətə gələndə, o, heç nəyə çevrilmir, sadəcə hər şeyin mahiyyəti onun üçün itir, heç nə istəmir, heç nə onu həyəcanlandırmır. Heç nə - nə vaxtilə gəzdiyi yerlər, nə gedə bilmədiyi yerlər, nə keçmiş, nə də gələcək. Dedim axı, heç nə...
Hər şey səhərlər başlayır. Yuxudan ayılar-ayılmaz qırtlağından görünməz iki əl yapışıb boğa-boğa silkələyir adamı.
Bax belə, gözlərini açar-açmaz o məşum sual dilindən iflic etməyə başlayır: bu nədir belə? Kaş yuxu olaydı? Necə yaşamaq olar belə? Yenə ağzı zəhər dadır, elə bil içindəki zəhər tuluğu deşilib. Bu tuluqdan axan zəhər qanına qarışıb bədənində dolaşır. Kiminsə, nəyinsə ona təsəlli olacağına ümidi yoxdur. Süst düşdüyü bu yerdə tərpənmək istəmir, heç nə istəmir, ayılmaq işgəncəyə çevrilir, təkrar yuxuya getmək əzab verir. Bu, onun taleyi deyil, hər səhər ağzı zəhər dadmaq, baxdığı hər yeri cəhənnəm kimi görmək, bu adamlardan qaçmaq, özüylə baş-başa qala bilməmək onun taleyi deyil. Kimi aldadır axı, bunu onun özü müəyyən edib. Boş tavanın altında uzanıb gözləmək onun taleyidir.
Bu necə dəhşətlidir, bu necə dəhşətlidir, nə istədiyini bilməmək necə dəhşətlidir, ayılıb, amma gözlərini açmaq istəmir, aça bilmir, elə bil tavan çöküb üstünə, tərpənə bilmir o da.
Külək, külək... Bu necə küləkdir belə? Kaş kənardan səs gəlməyəydi, səsboğucu olaydı pəncərədə, bütün səsləri udub yoxa çıxarardı. Kaş nə edəcəyini yataqdan qalxmadan bilərdi. Nə edəcək bu gün, nə etmək istəyir? Bilmir, kaş bir səhər də olsa, bu sualla başlamayaydı günə, kaş belə olmayaydı. Beyninə kor bıçaq kimi saplanan heç bir sualın cavabı yoxdur onda, artıq bu suallardan bezib, özündən diksinir. Sanki bu nifrətin səbəblərini zilləndiyi boş tavanda axtarır.
Hər şey – bu otaq, gözlərini açmaq istəməməsi, külək, kənardan eşidilən səslər, tərdən islanmış bu yataq, nə edəcəyini bilməyəcəyi, tavan, o – hər şey ümidsizliyi ifadə edir. Bu gün sanki hər şey əvvəlcədən sözləşmiş kimi onu məhv etməyə hazırdır. Kaş, əvvəlcədən bütün bunlar olmayaydı, ən azı yuxusu olardı.
Bütün bunlar nəyə lazımdır? Bütün bunlar, yəni, nə? Bütün bunlar, bütün bunlar... Sanki harada bir ümidsizlik görürsə, ora qaçır, ya da ona elə gəlir.
Kaş pəncərədə bir səsboğucu olaydı, bütün səsləri udardı, sonra o səslərdən nəhəng bir mərmi hazırlayıb gözlərini açar-açmaz düz alnından nişan alıb darmadağın edib yoxa çıxarardı onu. Kaş... Niyə kaş, niyə peşmanlıq? Yenə nə olub? Hə, yenə nə olub? Bu sualı öz-özünə vermək nə qədər ağırdır? Kaş bütün səhərlər açılanda bir nəfər başının üstündə gözləyib bu sualı verə, yenə nə olub? Ağzını açmamış o çıxıb gedə. Nə ona maraqlı ola o sual, nə də onun cavabı özünə maraqlı gələ? Elə indiki kimi. Hə, deyəsən o, özünə ölüm axtarır.
Deyəsən dəli olur, deyəsən uzun zamandır içində bəslədiyi dəli yavaş-yavaş əllərini yaxasına uzadır. Cəhənnəmə, cəhənnəmə...
Gözlərinin altında yuxu dolaşır, bunu duyur, amma yata bilmir. Bu yuxu deyil, bu bir arzudur sanki, keyləşmək, heç nə hiss etməmək, daşa çevrilmək arzusudur. Yox, bu yatmaq istəyi deyil.
Əlini salıb onu narahat edən bütün daxili orqanlarını çıxarmaq istəyir, ən çox da mədəsini. Ürəyin, beynin, digər orqanların da başına oyun açan mədədir. Sanki mədəsi həyatla onun arasına uçurum kimi girib. Bundan sonra əllərini kəsmək istəyir, əlləri olmasa mədə ona heç nə edə bilməz. Mədəsinə nifrət edir. Mədə, yəni çirkabın içində durğunlaşan gölməçə, onu hiss olunmadan bu gölməçənin dibinə çəkən bataqlıq tanrısı... O, həmin tanrıdır ki, hər səhər hökmünə baş əyərək əllərini həyatdan çəkir, hər gecə dibsiz çəlləyinə şərab daşıyır. Şair demiş, heç belə dərin olmamışdı dibi düşən çəllək...
Ən yaxşısı səsboğucudur, səhər açılar-açılmaz pəncərəyə zillənən gözlərinə nəhəng bir mərmi tuşlanır, sən düşünməyə vaxt tapmamış birdəfəlik yuxuya gedirsən. Başında dolaşan sakitliyə çatırsan, işıq sürətilə rədd olursan bu cəhənnəmdən. Bəlkə səhərlər belə açılmasa, sevərdi özünü, nifrətdən birdəfəlik əl çəkərdi. Hə, belədir, belədir...
Gözlərini açıb qalxsa, bilir onu nə gözlədiyini, mətbəxə, su dolu çaydanın üstünə cumacaq, elə bil su yox, içinə zəhər tökəcək, mədəsinin dibinə kislota kimi axacaq su. Cəhənnəm suları – onu içmək yerinə içində boğulmaq... İlahi, su içmək necə ağır bir iş imiş. Sonra küçəyə zillənəcək, mətbəxin pəncərəsindən gördüyü ilk şey sıxacaq onu, canını boğazına yığacaq təkrar-təkrar. Sonra zaman ağrıların tikanlı çarxında ağır-ağır gecəyə doğru- zülmətin ortasına çökmüş dibsiz çəlləyə şərab tökmək üçün fırlanacaq. Onda yenə ölə bilməyəcək adam...