14 Mart 2020 22:02
2 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Milli Məclisdə iki vacib məsələyə toxundum.

Birincisi koronavirusla bağlı ən çox risq altında olan həkimlərin, tibbi xidmət personalının təhlükəsizliyi və sosial müdafiəsi ilə bağlı təcili addımların atılması barədə idi.

Qeyd etdim ki, bu peşə sahibləri artıq 8 saatdan daha artıq vaxt üzərində gecə-gündüz fədakarlıq edirlər, onların xəstəliyə yoluxmaq risqi hamıdan daha artıqdır. İkincisi isə məktəblərdə on-line təhsillə bağlı təcili tədbirlərin görülməsi barədə idi. Burada da professor Ədalət Muradovun rektoru olduğu UNEC-i nümunə göstərərək, qeyd etdim ki, bu universitet 20 min tələbəyə distant təhsil verməyə hazır olduğunu bəyan edib. Bu o deməkdir ki, indiyədək gələcəyin ekstremal situasiyasına hazırlaşa biliblər. Bütün məktəblərdə işə bu cür tələbkar yanaşılsaydı, təhsilin axsamasının da qarşısını ala bilərdik.

Bu arada qeyd etdim ki, Təhsil Nazirliyinin də "Mədəniyyət" kanalı ilə təqdim olunan dərsləri, eləcə də elektron dərsləri də təqdir olunmalıdır. Çünki bütün mümkün vasitələrdən istifadə edərək təhsilə ara veriməsininin zərərlərini minimuma endirməliyik.

Yaxın günlərdə "Koronovirus"la bağlı qanun da qəbul etməliyik, əhalinin narahatçılığına son vermək üçün hökumətin atdığı zəruri addımlar konkret qanunvericilik bazasına söykənməlidir.

Bununla belə, yenə də insanlarımızın kritik vəziyyətlərdə davranışlarını seyr etmək çox üzücüdür. Əksər insanlar marketlərə doluşub təhlükəsizliyə məhəl qoymadan zənbilini qida məhsulları ilə doldurmaq yarışına girib.

Xatırlayırsınızsa, 2012-ci ilin dekabr ayının 12-də Qədim Maya təqvimində qeyd olunmuş mülahizələrə görə dünya dağılacaqmış, qaranlıq hər tərəfi bürüyəcəkmiş, qara deşik bir az da genişlənib hər şeyi udacaqmış. Bunu eşidən insanlarımız dərhal axışdılar marketlərə və nə qədər şam varsa alıb yığdılar evə. Hamı şam ehtiyatı gördü, ancaq kimsə düşünmədi ki, dünya dağılan anda kibriti necə alışdıracaq ki, bu şamla evlərini işıqlandırsın. Dünya dağılmadı və indiyədək evlərdə tələb olunandan artıq şam stoku mövcuddur. Hələ bəzi din adamından da soruşurlar ki, bu ərəfədə insanlar nə etməlidirlər, cavablandırır ki, ilk öncə Allaha sığınmalı və ağıllla davranmalıdır. Nədənsə müsəlman dünyasında ağılla davranmaq deyəndə ancaq kütləvi ibadətlərdən, ziyarətlərdən çəkinmək nəzərdə tutulur.

Qərb və Konfutsi dünyası isə ağılla davranmanı bu virusa qarşı peyvənd üzərində işləmək, vəziyyətdən çıxış üçün elmi təcrübələri genişləndirmək kimi anlayır. Bütün hallarda bu ümumdünya bəlasının yola verilməsi üçün Allah sığınmaqla yanaşı, ağlı işlədib təhlükəsizlik və gigiyena qaydalarına sərt şəkildə əməl etməklə yanaşı milli intizama əşhədü-zərurət var. Marketə də gedin, qidanızı da yığın, manatınızı da dollara dəyişin, ancaq bunları intizamı pozmadan, öz həyatınız üçün təhlükə yaratmadan edin. Fikrimcə, koronovirusa qalıb gəlmənin tək yolu intizamdır.


Müəllif: Fazil Mustafa