24 Mart 2020 20:34
2 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist Müsəllim Həsənov ölkədə koronavirusla bağlı aparılan maarifləndirmə işinə bəzi hallarda laqeyd yanaşılmasına öz münasibətini maraqlı bir yazı ilə ifadə edib.

Teleqraf.com yazını oxucularına təqdim edir:

…Daxili İşlər Nazirinin müavini iyunun 21-də teleqrmla xəbər verib ki, Həmədan vilayətində, Tehran və Qum (!) şəhərlərində vəba xəstəliyinin yayıldığını nəzərə alaraq Xəzərin biz tərəfki sahillərində və Zaqafqaziyanın İranla sərhəd hissələrində sanitar-icra komissiyaları yaradılmalıdır. İrandan bizim limanlara gələn gəmilər diqqətlə yoxlanmalıdır.
Bu təlimat təzə deyil.

Bu təlimat Bakıya 1904-cü ilin iyun ayında Qafqazin ali mülki rəisinin (Qafqaz canişininin) imzası ilə göndərilmişdi…

Epidemiyanın yayılmasının qarşısını almaq üçün dərhal komissiyalar yaradılır, həkimlər cəlb olunur, şəhərdə müvafiq sanitariya tədbirləri başlanır. Lakin şəhərin müsəlman əhalisi bu tədbirlərə biganə yanaşır, bəzi məhdudiyyətlərin şəriət qaydalarına uyğun olmadığını əsas gətirərək dövlətin həyata keçirdiyi tədbirlərə mane olurlar.

Hətta Ə.B.Topçubaşovun sədrliyi ilə xüsusi komissiya yaradılır ki, müsəlmanlar arasında təbliğat işi aparsın. Bakı qazısı Axund Mirməmməd Kərim Hacı Mircəfərzadənin, Dumanın qlasnısı H.B.Məlikov- Zərdabinin, Məmmədrza Ağa Vəkilov və Həsən bəy Ağayev kimi həkimlərin daxil edildiyi komissiya təcili tədbirlər görür.

Qərara alınır ki, bütün məscidlərdə cümə namazı zamanı mollalar vəba ilə mübarizə tədbirlərinə dəstək verən moizələr oxusunlar.
Bakı qazısı vəzifəsinə təzəcə seçilən Axund Mirmməməd Kərim sentyabrın 17-də Bakının Cümə məscidindəki çıxışı zamanı ilk möizəsinin belə bir fəlakətə həsr olunmasından təəssüfləndiyini bildirir. Axund din qardaşlarının bu bəlaya biganə münasibətindən daha çox təəssüf hissi keçirdiyini dilə gətirir, əhalini tətbiq olunan qadağalara əməl etməyə çağırır.
Bakıda epidemiya təhlükəsinə qarşı mübarizənin vəziyyətini yoxlamaq üçün Rusiya imperatorunun tapşırığına əsasən qraf Şuvalov da Bakıya gəlir.

Nəticəsi olurmu?
Təəssüf ki, yox!

Şəhər əhalisi bütün tələb və qadağaları qulaqardına vurur.
Bakı qubernatoru knyaz M.Nakaşidze məcbur qalaraq, oktyabrın 3-də şəhər dumasının zalında Bakının fəxri müsəlmanları ilə görüş təşkil edir (Fikir verin, vəba xəbəri iyunun 21-də gəlir, amma bəlanın masştabı hələ sentyabrın ortalarına qədər bizə çatmır!).

Qubernator nüfuzlu müsəlman xadimlərinə müraciət edərək deyir ki, “cənablar, mən sizi ona görə dəvət etmişəm ki, şəhərimizi bürümüş vəba epidemiyası barədə danışım. Bu bəlaya qarşı bütün cəmiyyət mübarizə aparmalıdır”.
Qubernator təəssüf hissi ilə bildirir ki, əhalinin azsavadlı hissəsi bu mübarizədə iştirak etmədiyinə görə ziyalıların, nüfuzlu müsəlmanların mənəvi borcudur ki, bu işdə öz köməyini əsirgəməsin: “Biz müsəlmanların dini adətlərinə mane olmaq fikrində deyilik, onları inandırmaq lazımdır ki, görülən bütün tədbirlər onların xeyrinədir”.

Əsas tələblər isə sadə idi: quyu suyunu içməmək, yaxud heç olmasa qaynadıb içmək, hamamlarda gigiyena qaydalarına əməl etmək və s.
Qubernator onu da xatırladır ki, vəba, əsasən yoxsulların xəstəliyidir, amma varlılardan da yan keçmir. Ona görə də Bakı varlılarını xeyriyyəçiliyə çağırır.
H.Z.Tağıyev yoxsullara yardım üçün komissiya yaratmağı təklif edir.

Nakaşidze bu təklifi dəstəkləyir və ilk ianəni özü edir – 100 rubl.
Bakı qazısı – 25 rubl;
H.Z.Tağıyev – 1000 rubl;
Ağabala Quliyev – 100 rubl;
Mirzə Əsədullayev – 500 rubl və s.

Elə ordaca 3725 rubl tolanır.
Qubernator Nakaşidze tədbiri tərk edəndən sonra Tağıyev xəstələnən yoxsul müsəlmanların maddi vəziyyətinin ağır olduğunu xatırladaraq xüsusi müsəlman xəstəxanası açılmasının zəruri olduğunu bildirir. Bu məqsədlə də pul toplanır. Tağıyev yenə öndədir: 5000 rubl…

Mirzə Əsədullayev 2 min, Ağamusa Nağıyev 2 min, Ağabala Quliyev 500 rubl və s. yardım edir.
Növbəti gün oxşar toplantı Tağıyevin evində təşkil edilir və vəbadan əziyyət çəkən yoxsulların siyahısının hazırlanması barədə qərar qəbul olunur.
Bir sözlə…

Epidemiyalar həmişə olub.
İndi yardım toplanmasını təşkil etmək üçün H.Z.Tağıyevin olmasına ehtiyac yoxdur. Artıq dövlət belə bir fond yaradıb, ora pul köçürmək nümunəsi də göstərib. Sadəcə verilən təlimatlara, qadağa və məhdudiyyətlərə əməl etmək lazımdır.

Edirikmi?
Təəssüf ki, yox!

Bu qadağaların tətbiqi üçün “qubernator dəyənəyinə”, deyəsən, ehtiyac olacaq. Axı bizə həm də “qılınc müsəlman” deyirlər…


Müəllif: Müsəllim Həsənov