30 Sentyabr 2014 13:16
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kələyimizi kəsən dəhşətli istilər keçib deyə övadlıq borcumu rahat yerinə yetirə bilirəm.

Hava əl-qol açmağa imkan verdiyindən anamı başmaqseyrinə aparıram. (Bakıda bax belə – axşamüstü gəzintilərə başmaqseyri deyirlər). Anamın qardaşıgilə getmişik. Gedənbaş taksimiz bir saatdan artıq tıxaca düşdüyündən geri dönəndə yollardakı seyrəklikdən lap ləzzət alıram. Küçənin qaranlığında əlimi atıram çantama ki görüm taksilik xırdam var, ya yox. Birdən hesablayıram ki, gün ərzində yalnız taksiyə düz 23 manat xərcləmişəm. İndi də taksiylə qayıdası olsaq, edəcək 31 manat. Götür-qoy etmədən avtobus dayanacağına gedirəm – düz evimizin qabağına gedir – bu bir, ikincisi, hava sərin, yollar da bomboşdur. Ana-bala rahatca söhbət edə-edə gedəcəyik.

Dayanacaqda görür onu. Başlayır bəh-bəhlə seyr etməyə. Baxışımı tutunca göz-qaş eləyib qızı nişan verir, “sən də saçını belə uzat”, - deyir. Mən adamın kimliyindən tam əmin olduğumdan özümü o yerə qoymuram, anamsa heyranlığın pik həddindədir. Bəxtdən o da biz minən avtobusa minir – ucaboy, qədd-qamətli, sapsarı düzdüz saçları belindən də bir qarış aşağıdır. Geyimi şıq, ədaları cazibəli, plastikası da yerində. Anam hələ də bu ceyran yerişliyə valeh.

Bomboş avtobusda elə üçcə nəfərik. Bu ara adamın telefonuna zəng gəlir. Əcaib bir kişi səsi telefona cavab verir. Və o dəm 75 yaşlı anamın sifətini görmək lazım. Qadın özünü itirib. Yerində fır-fır fırlanır. Bilir ki, nəqliyyatda-filanda danışmaqla aram yoxdu, amma həyəcandan lap ürəyi partlayır, bilmir mənə nə cür him-cim eləsin. “Kişidi, kişidi, kişidi, kişidi...” O gecə arvad səhərəcən yata bilmir. Adamın qarasınca deyinib gəzir otaqları. Bax o səkkiz manat taksi puluna xəsislik eləməsəydim... Nə işi vardı qoca adamın avtobusda ki, yuxusu da beləcə ərşə çəkilsin. TV ekanlarında belələrini çox görüb, gerçəkdə isə ilk gördüyüdü. Adam şokda. Adam mat-məəttəl...

***

Amerikalılar yenə də ağını çıxarıblar. İnsanlığı abırdan salan qərblilər bu dəfə flora aləminə təcavüz ediblər, həm də yüksək sənətkarlıq adı altında. Sem Ban Aken adlı bir rəssamın “düzəltdiyi” təzə ağac il boyu bar verir. Rəssam bu işini kətan üzərində yox, gerçəkdə həyata keçirib. Uşaqlıqdan təbiət hadisələrilə maraqlanan Sem Ban Aken bir ağaca 40 müxtəlif meyvə budağını calaq edib. Nəticədə əndrəbadi bir bitki əldə olunub. Bu qəribə ağac ilin on iki ayı çiçək açıb meyvə verir. Məllifin “40 meyvə ağacı” adlandırdığı ağacdan ayrı-ayrı vaxtlarda albalı da dərmək olur, gavalı, ərik, şaftalı da. Seleksiya bilicisi ən nadir meyvələri də bu ağaca calaq edib. Mütəxəssislər deyirlər, o, qeyri-adi calaq üsulundan istifadə edir. Bax elə həmin calaq üsulu ilə bir ingilis elə bir alma ağacı yetişdirib ki, düz 250 növ meyvə verir. Bir ağacdan 250 müxtəlif alma sortu. Sizcə, təbiətin işinə qarışmaqdı, ya yox? Eynən anamı avtobusda şoka salan nacins kimi. Bilmirsən güləsən, ya ağlayasan. Günah zamandadı, ya insanda – anlamaq olmur.

***

Pirsaatda bir çayxana var. Məmləkətin cənub bölgəsinə səfər edənlər görməmiş olmaz. İlk baxışdan adi trasüstü çayxanalardan biridir – nə komfortu var, nə məxsusi personalı, nə adnan tanınan aşpazı. Hə, sıradan bir yerdi. Bir fərqi bu ki, spirtli içki verilməz. Sahibi hacıdır, könlü belə istəyir. Bununla belə, günün istənilən vaxtı iynə atsan, yerə düşmür. Niyə? Həmin bu hacı demə, təbiət vurğunudu. Çölün düzündə öz vəsaiti hesabına bir heyvanxana düzəldib ki, gəl görəsən. Dünyanın müxtəlif yerlərində yaşayan 100-ə qədər quş növü burada sərbəst, həm də pulsuz sərgilənir. Yol gedən insanlar da burada əməlli-başlı istirahət edir, təbiət gözəlliklərinə baxıb zövq alırlar. Hacının ölənlərinə rəhmət oxuyub çayını içənlər qazancını da çoxaldırlar.

***

Dövran yaman dövrandı. Ət ürpədən eybəcərliklər bizi təəccübləndirmir, olsa-olsa transvistitlər yaşı 70-i ötənləri narahat edir, yuxusunu qaçırır. Normal xeyirxah əməlləri isə qeyri-adi fakt kimi dəyərləndiririk. Ciddi yanaşanda adam xoflanır. Hara gedirik axı? Hara belə?

Afaq Vasifqızı


Müəllif: Afaq Vasifqızı