24 Aprel 2020 22:19
3 784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin Tehrandakı səfiri olmuş Adil xan Ziyadxan “Azərbaycan” adlı əsərində maraqlı bir əhvalatdan bəhs edib:

“Hər millətin tarixi ya qəmginlikdən, yaxud şadlıq səhifələrindən ibarət olur. Qəmginlik və əsirliyə aid səhifələri vərəqlədikcə o zaman hürriyyət – o ali müqəddəslik qədri bilənlər burada xatirimə Venesiyada ədliyyə məhkəməsinin qapısı üstündə yazılmış bir lövhə düşdü ki, rəvayətə görə o lövhədə bu sözlər yazılmış imiş.

Ədliyyə məmurları hər dəfə məhkəmə idarəsinə girməkdən əvvəl məcburdurlar ki, qapının astanasında dayanıb bu lövhəni oxusunlar: “Xatirinizə bədbəxt dəyirmançının əhvalını salınız”. Dəyirmançının hekayəsi bu imiş: Dəyirmanın yaxınlığında günorta bir nəfəri xəncərlə qətlə yetirirlər.

Qatil dəyirmançını görüb xəncərini öldürdüyü adamın sinəsindən çəkib-çıxartmağa fürsət tapmayıb qaçır.

Dəyirmançı ölən şəxsə rəhmi gəlib xəncərin dəstəyindən tutub çıxartdığı halda bunu qaravullar görürlər. Bu cinayət məhkəməyə, istintaqa verilir. Məhkəmənin hakimi dəyirmançının yalvar-yaxarmasına və bilmərrə müqəssir olmadığına əsla inanmayıb qətlinə hökm verir.

Dəyirmançını qətnaməyə görə boğazdan çəkirlər, onun asılmasından sonra əsl qatil aşkar olur. Lakin iş işdən keçmiş və yazıq dəyirmançı məhkəmə qətnaməsinin xətasının günahsız qurbanı düşür.

Bizə də peşmançılıq və nədamət üz verməsin deyə qara mərmər daş üzərində iri və qızıl xətt ilə böylə bir şey yazmalıyıq: “Əsirliyi xatirdə saxla”.

Adil xanın əsirlik məsələsinə diqqət göstərməsi həm də onun mənsub olduğu nəsillə bağlı idi. Cavad xanın nəticəsi kimi o, xanlığın işğalı, Cavad xanın şəhid edilməsi tarixini çox yaxşı bilirdi. Cavad xanın əsir düşməmək üçün xalqı ilə birgə apardığı mübarizə yüz ildən çox müddətdə xatırlanmışdı. Bu baxımdan yenidən müstəqillik əldə edən Azərbaycanın o məşum günləri unutmamasını tövsiyə edərkən söykəndiyi tarixi keçmiş vardı.

Təəssüf ki, Adil xanın bu qorxuları haqlı çıxdı. 1920-ci il aprelin 27-də Azərbaycan bolşevik ruslar tərəfindən işğal edildi, əsirlik məsələsi yenidən gündəmə gəldi... Mühacirlər istila tarixinin fərqində olduqlarına görə 28 may müstəqillik, 15 sentyabr Bakının azadlığı hadisəsi ilə yanaşı 27 aprel gününün də unudulmaması üçün mətbuatda mütəmadi yazılar və xatirələr çap ediblər...

3 gün sonra 27 aprel işğal tarixinin 100-cü ildönümü olacaq. Parlamentin bugünkü iclasında millət vəkili Fazil Mustafa qərar layihəsi təqdim edib. Layihədə bunlar qeyd olunub: “Azərbaycanın işğalı zamanı Yalamada şəhid olan 300 nəfərin adı əbədiləşdirilsin”.
Azərbaycan işğal edildikdən sonra hökumət rəhbərlərindən adi şəxslərə qədər yüzlərlə insan güllələndi, həbs edildi. Yalama şəhidləri ilk mücahidlər olduqlarına görə rəmzi anlamı da var. Ona görə də Fazil bəyin bu təklifini yüksək qiymətləndirir və həyata keçirilməsini arzu edirəm.

Yalama döyüşündə şəhid olan vətəndaşlarımıza qoyulacaq abidə əsirliyin yadda saxlanılması ilə yanaşı müstəqillik uğrunda mübarizənin də bir simvoluna çevrilə bilər.

Ümid edirik ki, bu məsələ işğalın 100-cü ildönümündə həyata keçəcək, Azərbaycan parlamenti də məsələyə hüquqi qiymət verəcəkdir.


Müəllif: Dilqəm Əhməd