Soruşuram, ay Samir, nə yonursan bu qara torpaqdan? Cavab verir ki, canıma dərd yonuram.
Keçib oturur balaca kətildə, üst-başı torpaq, özü də qan-tər içində. Baxıb- baxıb gülür. Soruşur ki, sən nə gəzirsən buralarda? Söz tapa bilmirəm. Qalxıb tiyəni çəkir qabağına, palçıq yoğurur. İki ayaq qalxıb heykəl. Saman qatır bir az, bir az da kül ələyir palçığa. Soruşuram, ay Samir, bu nə küldü belə? Deyir, o tərəfdən gətirmişəm, o tərəfdən gəlirəm, yaman yanır oralar.
Qalxıb kətilin üstündə oturur. Baxıb-baxıb gülür. Qalxır ayağa, deyir, gedirəm o tərəfə. Hansı tərəfə, ay Samir? Deyir, canıma dərd olan tərəfə gedirəm, torpaq gətirməyə gedirəm.
Qalxıb yoxa çıxır. Arxasınca çıxıram çölə. Baxıram, hər tərəf saman içindədir. Bataqlığa səpilib saman, torpaq çəkir adamı canına. Hərbi formalı adamlar torpağı yoğururlar. Samiri axtarıram, gözümə dəymir. Çağırıram, hardasan, ay Samir. Tanımadığım bir əsgər yaxınlaşır, barmağını ağzına tutub dodağını uzadır, “Ss”. Yəni səsini çıxarma - dilimi qarnıma qoyub kiriyirəm.
Səsimi udub geri qayıdıram. Baxıram ki, Samir palçıqdan heykəl tökür. Soruşuram, hardan gəldin, nə vaxt qayıtmısan? Deyir, getməmişdim, elə buradaydım. Soruşuram, ay Samir, kimin heykəlidi belə? Gülə-gülə deyir, Karl Marksın. Deyirəm, hər saqqalı olan Karl Marks olmur axı. Deyir, sən yaxşı bax, odur. Soruşuram ki, Samir, bu gen dünyada adam tapmadın heykəlini düzəltməyə? Deyir, mən gedirəm o tərəfə, gedim torpaq gətirim.
Gedir o tərəfə...
Yoxa çıxır, çölə boylanıram qapıdan. Dünya oyuq-oyuq olub, hər tərəf çala-çuxur. Adamlar var içində, başlarına qədər batıblar çuxurların dibinə. Baxıram ki Samirdir, gəlir çuxurları adlayaraq. Soruşuram ki, Samir, bu adamlara nə olub belə? Deyir, yatırlar. Başqa heç nə demir, ötüb keçir yanımdan. Geri dönürəm, Samir də yoxa çıxıb, heykəl də. Bir də baxıram çuxurlar da yoxdur, adamlar dipdiri - axın-axın harasa gedirlər. Samir də içlərində, əlində də bir vedrə palçıq. Çağırıram, ay Samir, hara gedirsən? Deyir, o tərəfə - dağı göstərir. Gövdəsi yerdən, zirvəsi göydə bilinməyən nəhəng bir dağdır. Dağın o tərəfinə adlayırlar, qanadları var elə bil, bir göz qırpımında yox olurlar.
Qaçıram sıldırım qayalara sarı. Bir çaydır, yarıb qayanı tən ortasından, axır harasa. İçi də adam dolu, boğazlarına qədər batıblar suyun dibinə. Deyəsən, o tərəfdən gəlirlər – Samirin dediyi yerdən. Torpağın apardığı adamları çay geri gətirir, harasa aparır. İçlərində də Samir, arxasına da heykəli alıb. Dirilib elə bil heykəl, tərpənir. Dinmir Samir, sakitcə boğulur. Qaçıram, amma çata bilmirəm, çay məndən yüyrək, əcəl düşüncəmdən yeyin – ölümə çatırlar. Haradansa Samirin səsini eşidirəm, deyir, gəlmə, o tərəfdən gəlirəm, gəlirlər...
Yarısı röya, yarısı xəyal, yarısı qarabasma, yarısı da uydurma yuxudan beləcə ayılıram.
Tanımıram Samiri. Soyadı Kaçayevdir, ilk nəfəsini aldığı yeri bilmirəm, son nəfəsini verdiyi yer haqda isə eşitmişəm. Dörd il əvvəlin aprelində ermənilərlə döyüşdə həlak olub. Qarabağa çox yaxın bir cəbhədə... Heykəltəraş imiş, yəni şəhid olmamışdan əvvəl. Sosial şəbəkədə bir fotosu çıxdı qabağıma, yonduğu bir heykəlin yanında dayanıb. Kimin heykəlidirsə bilmirəm, baxıram şəklə - bir Samirə, bir də heykələ və tanımadığım bu adamın həyatda olmadığı qəribə gəlir nədənsə. Baxıram dönə-dönə, nədənsə heykəltəraşın ölümü sıxır canımı.
“Pianoçu” filmini xatırlayıram. Hələ müharibənin başlanğıcında ailəsini və bütün yaxınlarını itirən yəhudi pianoçu Vladislav Şpilman sovet ordusu almanları Polşadan çıxarmaq üçün gələnədək sağ qalmağı bacarır. Uzaqdan sovet toplarının gurultusu eşidiləndə isə pianoçu dağıntılar arasında alman zabiti ilə qarşılaşır. Əlində iki gündür qapağını aça bilmədiyi bir banka xiyar turşusu ilə zabitin ona dikilən soyuq baxışları altında heykəl kimi donur. Bir göz qırpımında ölümə hazırlayır özünü. Amma alman ona toxunmur, tanışlıqdan sonra pianoçu olduğunu öyrəndiyi yəhudini öldürmür. O an savaş sovet əsgərlərinə yox, sənət qarşısında ağ bayraq qaldırır.
Bəs adi bir erməni əsgəri Samir Kaçayevin heykəltəraş olduğunu bilsəydi, canını bağışlardımı? Bəlkə də bağışlamazdı, bəlkə də ona görə ki, o ermənidir, Samirin heykəl yonduğu o torpağı istəyir. Bilmirəm...