8 May 2020 11:50
5 902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən insan qayıda bilmədiyi xatirələri kimi getmədiyi yerlər üçün də darıxır. Heç vaxt görmədiyi, bəlkə də görə bilməyəcəyi – oraların necə olduğunu, oralarda onu nə gözlədiyinin şahidi olmayacağı yerlərə can atır.

Məsələn, ilıq bir bahar axşamı sakura ağaclarının çiçək açdığı uzaq bir ölkə, bir qış gecəsi taxta daxmalarında isti sobaya sığınmış şimal qütbü, bir səhər də qağayıların bəyaz qanadları arasında, dəniz sahilində uyuyan yad bir şəhərin özləmini duyur.

Xəyal dünyası insanın gizli vətənidir. Bəlkə də yeganə vətəni… Xəyal dünyası nə qədər böyükdürsə, insanın vətəni də o boydadır. Xəyal dünyanda nə qədər azadsansa, dünyan da o qədər sərhədsizdir. Ən əlçatmaz azadlığı ilə xəyallar dünyası insanın yeganə vətənidir. Xəyallarının insanı qayğısız körpəyə çevirən bir yumuşaq qadın əlləri var.

Elə bir vətən ki, insan orada heç vaxt məyus olmur, qırılmır, üzülmür. Səni qıran, üzən kimsəni ora buraxmırsan, amma zaman gəlib ora da kimsəsiz qalanda, gedəcəyin yerin qalmır. Onda heçliyə - duyğuların ən qorxuncuna sığınır adam. İnsan xəyallar dünyası yox olanda ölür – ölmək, yoxa çıxmaq istəyir.

Bəzən insan elə anlamsız, izahsız duyğulara qapılır ki, azıb qalır ünvanı bəlli olmayan yolun ortasında. Nə heçliyə amadə duyğuları, nə də nə axtardığını bilməyib vurnuxan gözləri ilə başa çıxa bilir. İnsanı gözləri azdırır. Gözlərin tapa bilməyəndə anlayırsan ki, yad bir yerə gəlib çıxmısan, xəyal dünyanın sərhədlərini aşmısan, artıq orada deyilsən.

Canına xatirəsi olan bir qoxu dolanda, gözlərin elə bir əşyaya, keçmişə çağıran bir tanış üzə sataşanda bilirsən ki, heç buralarda da deyilsən.

Hər şeyin bir adı, bir xatirəsi var. Görmədiyin yerlərin belə. Bir qoxunun bir sahibi, bir tanış üzün uzaqlarda qalmış doğmalığı, bir tələsən ayağın vidası, arxasından çırpılan qapının bir gün döyüləcəyi həyəcanı, bir gedişin də bir gün qayıdacağı ümidi var. Anlamsız bir təlaşın da, özləm duyan bir ürəyi…
Hər şeyin adı xatirədir.

İnsanın görmədiyi yerlər üçün özləm duyduğu o an, getmək istədiyi andır. Baş götürüb qaçmaq istədiyi o an… Onda getməyə nə ayaq tapılır insanda, nə də dinləməyə ürək, qolları da sallanıb qalır yanında.
Amma ümidi heç vaxt insanı yollardan yığılmağa qoymur. Bəzən uzaqlardan çəkilməyən gözlərinin sataşdığı bir ilğım, bəzən özləmin dolaşıq labirintində azdırdığı ayaqları, bəzən də bir doğma səsə ac qulaqları yanıldır adamı. Yığılmazmış adamın gözləri yollardan, qayıtmazmış qapının kandarından içəri.

Bəzən düşünürəm ki, insan gözlərindən unutmağa başlayır, gözlərindən darıxır, gözlərindən eşitmək istəyir – görə bilməyəndə. Günlərlə, aylarla, bəzən də illərlə gözlərin zillənib qalır yollarda. Amma zamandan başqa keçən olmur. O zamana qoşulub uzaqlaşırsan, bir daha geri qayıda bilmirsən. Zaman insanı böyüdür, amma öyrədə bilmir – nə unutmağı, nə dəyişməyi, nə də dayanmağı. Nə bir təsəlli əli uzadır, nə də gedər bir ayaq verir. Bəzən də bir səs duyursan, ya da gözlərin bir əşyaya sataşır – doğma bir nəfəsi xatırladan bir səs, tanıdıq bir əşya. Bələdçin – getmək üçün bir bəhanən olur onda. Bəzən gəlməyən bir məktub, çağrılmayan adın da getməyə səslənişdir.

Amma hara?

Diləklərin sahillərində dalğaları buza çevrilmiş okeana çatmır. Şaxta Baba azıb qalır haradasa – uzaqlarda. Amma soyuq bir gecədə göy üzündən ələnən qar dənəcikləri səssizcə pəncərəni döyəcləyəndə bir ümid boylanır içindən: bəlkə gələn qış gəldi…

Bir səhər də yalavac bir qarğanın qara çığırtısına boz küçəyə boylananda ölür adamın ümidləri. Yuxunun dumanı gözlərindən çəkilməmiş izahsız bir duyğuların içində azıb qalanda qarğanın çığırtısı azadlığa səsləyən bəyaz-bəyaz qağayıları xatırladır. Bəlkə bir gün – bir məşum gecənin o səhəri bir bəyaz qanadlı qağayı çağırdı səni, dəniz sahilində uyuyan o yad şəhərə…

Bəzən də sakura ağacları çiçəkləmir, çılpaq budaqları dibinə tökülmüş yarpaqlarına uzanır, yerdən qaldırmaq üçün. Amma bir axşam uzaqdan gələn bir meh gözlərini nəmləndirir, bir qığılcım parıldamağa başlayır onda: bəlkə gələn bahar – sakura ağacları çiçək açana…

Bilmirəm, bəlkə də insan doğulduğu yerlərə heç vaxt doğma ola bilmədiyi üçün məchulluğa can atır. Bəlkə də doğmaların ətrafından bir-bir yoxa çıxdıqca… Kim bilir. Amma an gəlir ki, uzaqlardakı o yerlərin yadlığında yoxa çıxmağa tələsirsən. Xəyallarından qopanda isə xatirələrə boylanırsan, bəlkə görmədiyin nəsə var deyə, hər dəfə əliboş qayıdırsan – limana yan alan yük gəmisi kimi - ağır-ağır, tənbəl-tənbəl. Batıb qalırsan öz dibində - xatirələrin bu tərəfində.

Bəzən gecələr göy üzü bəyaza çalır, onda uzaqlarda qalan günəşi, onun işığını duya bilirsən. Yerin yamacına saçılan işığının göy üzünə vurduğunu görə bilirsən. Yəni içdən-içə yer üzünə can atdığı, uzaqlardan boylandığını… Onda duyursan uzaqların xoşbəxtliyini, onda gözlərin qamaşır əlçatmazlığın işığına, onda bilirsən yoxluğun nə olduğunu.

Amma uzaqlar günəş kimidir, can atdıqca yandırır – nə çata, nə toxuna bilirsən.


Müəllif: Mənsur Rəğbətoğlu