18 May 2020 11:07
5 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

1908-ci il yanvarın 12-də Bakıda, Hacı Zeynalabidin Tagıyevin teatrında Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası ilk dəfə nümayiş olunurdu. Təkcə Azərbaycan deyil, bütün müsəlman Şərqinin ilk operası “Leyli və Məcnun”un ilk tamaşası ilə bağlı olan hər kəsin və hər şeyin də qarşısında mütləq İLK sözünü yazmalıyıq.

Beləliklə, Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Sarabski idi. İlk Leyli isə aşpaz şagirdi işləyən, amma yaxşı səsi olan Əbdürrəhim Fərəcov olub. Çox xahiş-minnətdən sonra bir dəfə qadın paltarı geyib səhnəyə çıxıb, sonra kişilərin hoydu-hoydusundan qorxub Leyli olmaqdan birdəfəlik imtina edib. İlk tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru isə Əbdürrəhim bəy Haqverdiyev idi. Bəli, bizim əsasən, yazıçı və dramaturq kimi tanıdığımız Əbdürrəhim bəy Haqverdiyev “Leyli və Məcnub” operasının ilk tamaşasında xor və orkestri idarə edirdi...

Bu gün (mayın 17-də - red.) həmin KİŞİnın - Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur. (Kim isəyirsə, bu informasiya ilə kifayətlənib yazının ardını oxumasın. Mənim isə Əbdürrəhim bəydən deyəcəyim sözlərim hələ qalıb)

Qayıdaq “Leyli və Məcnun”a. Operanın liberettosu Füzulinin eyni adlı poeması əsasında yazılsa da, ideya Əbdürrəhim bəy Haqverdiyevdən gəlirdi. Bunu Üzeyir Hacıbəyov özü də 1938-ci ildə, operanın 30 illiyi ilə əlaqədar yazdığı məqalədə təsdiq edirdi: “...məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasında «Məcnun Leylinin məzarı üstündə» səhnəsini gördükdən sonra yaranmışdır. Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim”. Üzeyir bəyin Şuşada gördüyü həmin səhnəcik isə məhz Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü, Cabbar Qaryağdıoğlunun və xorun iştirakı ilə “Xandəmirovun teatrı”nda oynanılıb.

Əbdürrəhim bəy Haqverdiyevin adı ilə bağlı olan daha bir İLKi xatırladım. 1901-ci ilin yayında yenə Şuşadakı həmin “Xandəmirovun teatrı”nda ilk Şərq konserti təşkil olunub. Bu konsertdə o dövrün məşhur sənətkarları Cabbar Qaryağdıoğlu, Keçəçi Məhəmməd, Məşədi Dadaş, tarzən Sadıqcan, Məşədi Zeynal, aşıqlardan Abbasqulu, Nəcəfqulu və başqaları iştirak ediblər. Təşkilatçı isə yenə Əbdürrəhim bəy Haqverdiyev idi.

Görürsüzmü, mən hələ Əbdürrəhim bəy Haqverdiyevin yazıçılığına və dramaturqluğuna gəlib çıxa bilmirəm. Onun elə musiqi sahəsindəki xidmətləri də bu gün adını minnətdarlıqla çəkməyə bəs edir.

Yazıçılıgına keçməmiş bir faktı da mütləq qeyd etmək lazımdır. Haqverdiyevin adı Azərbaycan tarixinə həm də diplomat kimi düşüb. İndiki Çeçenistan, İnquşetiya, Dağıstan, Kabardin-Balkar, Qaraçay-Çerkesiya ərazisində 1917-cu ildən 1920-ci ilə qədər mövcud olan Dağlılar Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin ilk və son diplomatik elçisi də Əbdürrəhim bəy Haqverdiyev idi. Sonra Azərbaycanın Ermənstanda nümayəndəsi təyin edilib. O dövrdə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında, ermənilərin apardıqları soyqırım siyasəti barədə məlumatların dünyaya çatdırılmasında böyük xidmətləri olub.

Ədəbiyyatımızdakı xidmətlərini isə hamınız bilirsiniz. Əsərlərini də oxumusunuz. Mən, sadəcə, bəzilərinin adını xatırladacağam: “Bəxtsiz cavan”, “Pəri cadu”, “Ağa Məhəmməd Şah Qacar”, “Mоzalan bəyin səyahətnaməsi”, “Marallarım”, “Cəhənnəm məktubları”, “Mirzə Səfər”, “Çeşmək”... Bu əsərlərin də əksəriyyəti ədəbiyyatımızda hansısa cərəyanın və janrın ilk nümunəsi sayıla bilər. Əgər Ədürrəhim bəy Haqverdiyev yalnız “Bomba” novellasını yazmış olsaydı belə, adı Azərbaycan ədəbiyyatı tarixində mütləq qalacaqdı. “Bomba”nı yalnız Cəlil Məmmədquluzadənin hekayələri ilə müqayisə etmək olar. Həm də Qoqolun.

Əbdürrəhim bəy Haqverdiyev 63 yaşında vəfat edib. 4 il də yaşasaydı, 37-də ya güllələnəcəkdi, ya da sürgün olunacaqdı. Bunun üçün bəy nəslindən olması və bəy sözünü adında saxlaması da kifayət edərdi. İndi isə qəbri Fəxri Xiyabandadır. Anadan olmasının 150 illiyi də dövlət səviyyəsində və UNESKO xətti ilə qeyd olunacaq. Sadəcə, koronavirus imkan vermir. Amma bu gün “Allah rəhmət eləsin” deməyimizə xidmətləri ilə haqq edib.


Müəllif: Faiq Novruzov