25 May 2020 12:49
6 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi dağların gözəl vaxtıdır. Başındakı qar əriyəndən sonra yerini dizəcən qalxan ot tutub-hələ də yaşıldır-içindən də qan rəngində lalə boy verib. Yardımlıya gərək ilin bu vaxtında gedəsən, qalxasan dağa, uzanasan otun üstündə, ciyər dolusu təmiz hava udasan-ruhun təzələnə, yorgunluğun canından çıxa... Və dərdlərini də unudasan.

Yardımlı rayon Arvana kənd tam orta məktəbinin coğrafiya müəllimi Tural Zəkilini isə dağın başına DƏRD çıxarıb. Eyni ilə Məhəmməd Füzulinin yazdığı kimi.

Füzuli dərd əlindən dağa çıxdı,
Dedilər bəxtəvər yaylağa çıxdı.

https://qafqazinfo.az/news/detail/muellim-onlayn-musahibeye-qatilmaq-ucun-dagin-basina-cixdi-video-287679?fbclid=IwAR3Div1rUrsckxrbqgTXH0D2xuPdGbVHw7fHOW0Mnr58xj23TueGqL2nV1c

Tural Zəkiliyə də bəxtəvər deyənləri mayın 19-da sosial şəbəkələrdə və saytlarda yayılan videonun altından yazılan şərhlərdən gördüm. Biri təbiətin gözəlliyindən yazır, başqası ordakı daşla, ağacla bağlı xatirələrini yada salır... Əslində isə Tural Zəkili müəllim işlədiyi Arvana kəndində internetin zəif olmasına görə dağa çıxmağa məcbur olub ki, müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üçün keçirilən onlayın müsahibədə iştirak etsin. Adam bilmir bu tragikomediyaya gülsün, yoxsa ağlasın... Bəlkə internet üçün dağlara çıxanlara səbr etməyi arzulasın, çünki “Səbr edən heç vaxt uduzmur”. Ya da əlini internetdən üzənlərin adından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bir teleqram vursun. Orda da yazsın: "Tanrım, sənin işlərin möcüzəlidir”. (Nazirlikdə də bu teleqramı oxuyub heç nə başa düşməsinlər və cırıb atsınlar).

********

"Tanrım, sənin işlərin möcüzəlidir"- bu dünyada ilk teleqram mətnidir. 176 il əvvəl, 1844-cü il mayın 24-də ABŞ-da Vaşinqtondan Baltimora göndərilib. O vaxta qədər isə yeganə rabitə vasitəsi gəmilərlə daşınan poçt idi. Ona görə də bir ölkədə baş verən hadisədən digər ölkələrin sakinləri bir-iki həftədən, hətta aydan sonra xəbər tuta bilirdilər. Bəşəriyyətin ən mühüm ixtiralarından sayılan teleqrafın icad edilməsi isə ölkələri və qitələri bir-birinə yaxınlaşdırdı, insanlara baş verən hadisələrdən bir neçə saatdan sonra xəbər tutmaq imkanı yaratdı. Bu ixtira isə amerikalı Samuel Morzenin adı ilə bağlıdır. O, 1836-cı il yanvarın 6-da Nyu-Cersi ştatının Morristaun şəhərində teleqraf aparatını nümayiş etdirir və bu aparat vasitəsilə özünün yaratdığı kodla teleqram göndərir. Teleqramın ötürülmə məsafəsi 3 km-ə yaxın, mətni isə belə idi: “Səbr edən heş vaxt uduzmur”. Sonrakı illərdə o, ABŞ hökumətini öz cihazının faydalı olmasına inandira bildi və 1843-cü ildə ABŞ konqresi Vaşinqtonla Baltimor arasında 64 km məsafəyə teleqraf xətti çəkilməsi üçün maliyyə ayrılması haqqında qərar çıxardı. 1844-cü il mayın 24-də də ilk teleqram vurulur...

*********
Günün tarixi kimi 1844-cü il mayın 24-də ABŞ-da baş verən və dünyada böyük dəyişikliyə səbəb olan hadisəni seçməyimin səbəbi isə teleqraf və teleqramın müasir dövrümüzdəki SMS-in və internet üzərindən mesajların babası olmasıdır. Mənim üçün ən təəccüblüsü budur ki, Morze aparatı sıradan çıxsa belə, həmin teleqramın bir az müasir formasından indiki internet dövründə də istifadə edilir. Tutaq ki, Yardımlının Arvana kəndinin sakini indi də Bakıdakı hansısa nazirliyə sözünü teleqramla çatdırır. Yəqin əsas səbəblərdən biri odur ki, həmin vətəndaşın evində kompüter, yaxud noutbuk yoxdur. Varsa da, internetə qoşulmayıb. Qoşulubsa da, internet zəif oldugundan istifadə edə bilmir. Yoxsa bu məsələni internet üzərindən daha tez və etibarlı həll etmək olardı. Təəssüf ki, Arvana kimi yüzlərlə kəndin adını çəkmək olar ki, sakinləri internetin olmamasına görə “Elektron hökumət”, “Elektron Kənd Təsərrüfatı” kimi portalların geniş imkanlarından da istifadə edə bilmirlər. Niyə uzaga gedirəm. Hazırda yaşadığım Maştağa qəsəbəsinin Savalan massivindəki evlərin əksəriyyətinə heç adi telefon xətti belə çəkliməyib. İnternet almaq üçün istifadə olunan alternativ variantlar isə baha başa gəlməkdən savayı həm də sürəti zəif olduğundan ehtiyacları ödəmir. Tərs kimi Maştağada internet üçün çıxa biləcəyimiz dağ da yoxdur.

**********

Koronaviris dünyanı yeni reallıqlar qarşısında qoyduğundan internet məsələsi bu qədər aktuallaşıb. Çünki evdən çıxmağın təhlükəli oldugu bir vaxtda internetsiz yaşamaq, sadəcə, mümkün deyil. Ali və ümumtəhsil məktəbləri bağlanandan sonra məlum oldu ki, universitetlərin yalnız 1-2-si internet üzərindən qurulan distant təhsilə hazırdır. Orta məktəblərin çoxunun internetə çıxışı yoxdur. Müəllimlərin də arasında müasir texnologiyalardan istifadə edə bilməyənlərin sayı çoxdur. Belə vəziyyətdə bölgələrdə onlayın dərs keçmək, onlayın imtahan vermək çətin məsələdir. Elə bu çətinliyi nəzərə alaraq Lənkəran Dövlət Universitetinin tələbələri rektora müraciət edib onlayın formada olan imtahanların ləgvini istəyiblər. İndi təsəvvür edin ki, ali məktəblərə qəbul imtahanlarının onlayın formada keçirilməsi zərurəti yaranarsa, bölgələrdə hansı çətinlik yaşanar?

İnternetin vəziyyəti ölkəmizin dünyadakı hazırkı yeri və nüfuzuna da uyğun gəlmir. Fikir verin: Azərbaycan iqtisadi inkişaf tempina görə dünyada ilk sıralardadır. “İqtisadi azadlıq indeksi”nə görə ölkəmiz 44-cü pillədədir. “Enerji Keçidi İndeksi” üzrə də 44-cüyük. Avtomobil yollarının keyfiyyətinə görə dünyada 27-ci, turizmin sürətli inkişafı baxımından 20-ci pilləni tuturuq. Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. 600-dən çox yeni xəstəxana, 3 min 300-dən çox məktəb tikilib... Təəssüf ki, internetin sürətinə görə nəinki ilk 50-likdə, heç 100-lükdə də yoxuq. Ötən ilin iyul ayının məlumatına görə, 207 ölkənin yer aldığı reytinq cədvəlində Azərbaycan 141-ci pilləni tutub. Ötən bir ildə ciddi bir dəyişikliyin olduğuna inanmıram. Bunu ötən iki ay ərzində ölkəmizdə internetin bir neçə dəfə çökməsi faktı da təsdiq edir. Bu ilin mart ayına olan məlumata görə, ölkəmizdə sabit genişzolaqlı şəbəkədən istifadə zamanı internetdə endirmə sürəti 19.93, yeniləmə sürəti 21.54 Mbps-dır. İlk beşlikdə olan Sinqapurda bu göstərici 60.39 (bəzi məlumatlara görə 70.86), İsveçdə 55.18, Danimarkada isə 49.19 Mbps-dır.

********

Dünya daha əvvəlki kimi olmayacaq-artıq internet üzərinə köçüb, internet üzərindən idarə olunur. Ona görə də koronavirus pandemiyasından sonrakı dönəmdə ilk növbədə internetin sürətini artırmaq üçün bir yol tapmalıyıq. Dağların başına çıxmaq bu dərdin çarəsi deyil.


Müəllif: Faiq Novruzov