Bir neçə gün öncə COVİD-19 yeni növ koronavirusla bağlı həqiqətdən başqa hər şeyə inananlara, sanitariya-gigiyena normalarına, xüsusi karantin rejiminin tələblərinə əməl edənləri, sosial məsafə saxlayanları, maska taxanları, kəsəsi, özü ilə yanaşı başqalarının da sağlamlığnı düşünənləri məsxərəyə qoyanlara xitabən “Yalnız məsuliyyət, məsuliyyət, məsuliyyət” adlı yazı yazmışdım.
Son günlər eşitdiklərim, gördüklərim və oxuduqlarım məni eyni yanaşmanı bəzi dövlət qurumlarının ictimai rəylə işləyən nümayəndələrinə, öz qafasına görə marifləndirmə işi apardığını düşünüb, yumşaq desək, qıcıqlandırıcı açıqlamalar, şərhlər verən hərşeyşünas ekspertlərə münasibətdə sərgiləməyə məcbur edir.
Bilirəm ki, indi yazacaqlarım özünü hədəfdə görən bəzilərinin xoşuna gəlməyəcək. Ona görə də öncədən davamlı su içmələrini məsləhət görürəm. Cana xeyri var...
Keçək mətləbə... Və insanlara şəxsi və ictimai nəqliyyat vasitələrindən istifadə etməyi məsləhət görməyən, qarşılığında isə “kreativ alternativlər” təklif edən özündənmüştəbehlərdən başlayaq...
Artıq bir neçə gündür ki, vətəndaşlara şəxsi və ictimai nəqliyyat vasitələrinin əvəzinə velosipeddən, motosiklet və mopeddən istifadə etməyi məsləhət görənlərin, üzr istəyirəm, bəzi abırsız əyalət arvadlarına xas cır səslə TV və radiolardan üzərimizə püskürdükləri “unikal” arqumentlərini yağır olmuş qulaqlarımın süzgəcindən keçirmək məcburiyyətində qalmışam.
Və bunu o adamlar deyir ki, özləri, yaxud rəhbərləri ailə üzvləri bir yana qalsın, hətta xidmətçiləri, bağbanları və şəxsi bərbərləri üçün belə xüsusi avtomobil və sürücü ayırıblar. Bunu da bir kənara qoyaq. Mənə maraqlıdır, görəsən belələri danışmazdan öncə, yaxud ümumiyyətlə düşünürlər ya yox? Bakının relyefi və iqliminin velosiped, motosiklet, yaxud mopedlə hərəkət etmək üçün yaramadığını anlamaq üçün nə qədər böyük intellekt sahibi olmaq lazımdır? Bəlkə insanlar at-eşşəkdən, yaxud bu heyvanların qoşulduğu arabalardan istifadə etsinlər? İfrazatlarından da alternativ enerji mənbəyi kimi istifadə etmək olar...
Bakı Dənizkənarı Parkdan ibarət deyil. Bu şəhərdə velosiped, yaxud digər ikitəkərli nəqliyyat vasitələri ilə işə getdikdən sonra yuyunmadan, geyimini dəyişmədən adam arasına çıxmağın mümkün olacağı barədə düşünmək belə istəmirəm...
İndi siz təsəvvür edin, öz “ağıllı” məsləhətləri ilə insanların sinirləri ilə oynayan bu adamlar kostyumda, ağ köynəkdə, qalstukda... velosipedlə işə gedirlər. Və sonra gün ərzində TV-ləri gəzərək belə... mənasız açıqlamalar vermək lazım gəlir – kostyumda, ağ köynəkdə və qalstukda...
Velosipedlə... Azneft meydanından üzü yoxuşa doğru qan-tər içində hərəkət edirlər yol üstündə olan telekanallardan birinə doğru və sonra toz-torpaqlı görkəmdə çıxırlar efirə...
Başa düşə bilmirəm, bu adamlara vətəndaşlarımıza bu qədər yuxarıdan aşağı baxmaq, ağızlarına gələn hər şeyi püskürmək səlahiyyətini kim verib? Əgər, misal üçün deyirəm, ictimai nəqliyyatda sosial məsafə saxlanılmasını, sanitariya-gigiyena qaydalarına əməl edilməsini təşkil edə bilmirsinizsə, o zaman bunu etiraf edin və gedin bacardığınız işlə məşğul olmağa...
...İnsan sosial varlıqdır, robot deyil ki, düşünmədən-daşınmadan bütün göstərişləri yerinə yetirsin. Və hər şeyin məntiqi bir izahı olmalıdır.
Qəbul edilən qərarların da həmçinin... Çox güman ki, var da. Amma bunu insanlara akademik dildə, terminlərlə, qəzəbli və yaxud emosional ifadələrlə, məntiqsiz, arqumentsiz şərhlərlə, söz yığınından ibarət cümlələrlə yox, hamının anlayacağı, qəbul edəcəyi bir tərzdə çatdırmaq lazımdır.
COVİD-19 virusu sərhədlərimizdən içəri ayaq basdığı ilk gündən başlayaraq, insanlara o qədər bir-birini təkzib edən məlumatlar verilib ki, adamlar bunlardan hansının həqiqət olub-olmadığını müəyyənləşdirə bilmirlər. Əgər xatırlayırsınızsa, virusla mübarizənin ilk günlərində yalnız xəstələrin və tibb işçilərinin maska taxmasının vacibliyi vurğulanırdı, virusa yoluxmayanların isə buna ehtiyacı olmadığı deyilirdi... ÜST nümayəndəsi də belə deyirdi, Baş infeksionist də...
...Və elə həmin günlərdə öz-özümə sual verirdim ki, əgər immuniteti möhkəm olan insanlar bu xəstəliyi simptomsuz keçirirlərsə, o zaman kimin xəstə və maska taxmasının vacib olub-olmadığı necə və hansı üsullarla müəyyənləşdiriləcək? Sadə məntiq deyirdi ki, hər kəs maska taxmalıdır. Sadə məntiq həm də onu deyirdi ki, nəinki ölkədə, bütün dünyada maska çatışmazlığı var və adamlara bunu açıq şəkildə demək lazımdır! İndi hər kəsin maska taxmasının vacib olduğu deyiləndə, bir çoxları bunu ciddiyə almır. Çünki bunu bir müddət öncə xəstə olmayanlara maska taxmağın vacib olmadığını təkrar-təkrar xatırladanlar deyir.
...Sosial şəbəkələrdə son günlərin trendi iki günlük evdən çıxma qadağasına görə “yağmalanan” marketlər, çörək növbələridir. Hər kəs, hətta “yağmalama” əməliyyatlarının fəal iştirakçılarının özü belə başqalarını qınayır, acgözlükdə, mədəniyyətsizlikdə ittiham edir. Amma heç kim olduqca sadə və vacib bir suala cavab tapmaq istəmir – Adamlar niyə belə edirlər? Baş verənlərin səbəbi nədir? Bununla bağlı öz şəxsi fikirlərimi açıqlamayacağam. Ümumiyyətlə, cəmiyyətə hazır cavabların ötürülməsinin tərəfdarı deyiləm. İnsan bütün suallara özü cavab tapmağı bacaranda şəxsiyyətə çevrilir. Bu baxımdan, düşünürəm ki, bizi narahat edən suallara cavab tapmağı öyrənməyənədək arzuladığımız cəmiyyəti qura bilməyəcəyik.
İndi qarşımda duran sual isə kifayət qədər mürəkkəbdir və geniş təhlil istəyir – Biz niyə beləyik?
Bu barədə növbəti yazılarda...