Koronavirus bizə onu göstərdi ki, keçdiyi inkişaf yolundan, demokratiyanın səviyyəsindən asılı olmayaraq kütlə psixologiyası hər yerdə hakimdir, qida uğrunda mübarizə bioloji varlıq kimi insanın ən təməl instinkti və haqqıdır. Çünki insan sənətsiz yaşaya bilər, çörəksiz isə əsla.
Koronavirus bizə onu göstərdi ki, insanlar gözlənilməz hallara qarşı hazırlıqsızdır, hər gün balacalaşan dünyaya o qədər yerləşib ki, ikicə gün evinə sığışmaq istəmir. Yəni əslində aydın oldu ki, ölkə vətəndaşlarının dünya ilə əlaqələri (təhsil, səyahət, sağlamlıq, iş baxımından) kifayət qədər artıb, bu kimi hallarda həm dövlət, həm də vətəndaşlar hazırlıqlı deyil. Ona görə də vətəndaşların ölkəyə gətirilməsinin tədricən baş verməsi, insanların hava limanlarına axışması başadüşüləndi.
Koronavirus bizə onu göstərdi ki, insanlar kütləvi baş verən hadisələrin arxasında başqa səbəblər axtarır. Bunu təbii qarşılamalıyıq. Unutmayaq ki, eboladan koronoya qədər pandemiya hadisələrinin arxasında hansısa qaranlıq güclərin dayanması ilə bağlı filmlər, seriallar, sənədli filmlər çəkilib, saysız-hesabsız kitablar yazılıb, televiziya verilişləri yayımlanıb. Xüsusilə, Rusiya və Türkiyə kanallarına baxan vətəndaşlarımızın bu təbliğat qarşısında virusa inanmama mövqeyi sərgiləməsi başadüşüləndir. Bunun qarşısını almaq üçün görünür, daha çox təbliğat aparılmalıdır. Onu da yaddan çıxarmayaq ki, müharibədən bu yana insanlara “evdən çıxmayın” deyilməyib, komendant saatı, “bir-birbirinizdən məsafə saxlayın”, “maska taxın” kimi göstərişlər olmayıb. Ona görə də xalqdan yüksək nizam-intizam gözləmək də tezdir. Dünya kimi biz də tədricən öyrənirik. Hətta Kəbənin də ziyarətə bağlanacağı bir il əvvəl təsəvvürümüzə sığışmadığı halda baş verənlərin dərk edilməsinin kütlə üçün xeyli zaman alacağı şübhəsizdir. Belə olmasaydı, damda yemək bişirən, polis görəndə ağaca qalxan insan mənzərələrinə rast gəlməzdik.
Vətəndaşla yanaşı dövlətlər də buna hazır deyildi. Maska, spirt çatışmazlığı, xəstəxanaların yetməzliyi, nəfəsalma cihazlarının əskikliyi çox ölkədə yaşandı, tualet kağızı qalmaqalı başlandı, universitetlər, ticarət mərkəzləri bağlandı. Bunlar dövlətlər üçün də yenilikdi. Ona görə də sevinməliyik ki, Azərbaycan hələ ki bu mərhələlərdən uğurla keçir.
Həkimlərin, sosial mediada aktiv olan şəxslərin, ziyalıların virusla bağlı paylaşımları müəyyən qədər effekt verir. Amma unutmayaq ki, bu sahədəki şəxslərə daha əvvəl baş verən hadisələrlə bağlı sərgilədikləri mövqelərə görə cəmiyyətdə inamsızlıq da hökm sürür. Ətrafımızda gecə-gündüz xəstələrə yardım edən, buna görə özü də virusa yoluxan həkim obrazı ilə yanaşı, xəstənin sağlam ayağını kəsən “həkim” obrazı da var. Ona görə də müəyyən kəsimin həkimlərə inanmaması, hətta həkimlər arasında da baş verənləri oyun hesab edənlərin olması vəziyyəti gərginləşdirir. Bu baxımdan dövlət cəmiyyəti inandırmaq (nə qədər qəribə səslənsə də) məqsədilə həkimlərin, psixoloqların iştirakı ilə daha uyğun maarifləndirmə yolu da tapmalıdır. Nəzərə alaq ki, Operativ Qərargah, Təbib mövcud situasiya ilə bağlı bilgiləndirmə, tədbir görmə funksiyalarına malikdir. İnsanları inandırmaq ayrı bir sahədir.
Pandemiya və karantin sınağından dövlət və millət olaraq sağ-salamat çıxmağımız üçün dünyada tətbiq olunan qaydalara əməl etməyimiz vacibdir. Məhz bu halda qida günlərimiz virusa vida günlərimizlə əvəzlənə bilər.
P.S. İnsanların evinə hər hansı bir şəkildə çörək aparması vəhşilik yox, ehtiyacdır. Ehtiyaclı insanların videolarının çəkilməsi və paylaşılması etik deyil. Evinə qida və çörək aparan ataların, anaların səbətlərini çəkmək doğru deyil. Unutmayaq ki, baş verənlər müharibə görməyən nəsil üçün yenilikdir. Çörək zənginlərin mədəsi üçün ziyan olsa da, kasıbların mədəsi üçün doymağa xidmət edən ən ucuz qidadır.