15 İyul 2020 00:55
4 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycana növbəti hücumu bir sıra məsələləri aşkara çıxardı.

Gördük ki, Azərbaycan xalqı bəzilərinin iddia etdiyi kimi zaman ötdükcə Qarabağ və digər işğal edilmiş bölgələrimizi unutmayıb, əksinə, ildən-ilə müharibəyə daha da hazırdır. Gənclər könüllü şəkildə cəbhəyə yola düşmək üçün müraciət edir, şəhid dəfnləri izdihamlı keçir, sosial mediada qələbə arzusu şiddətli şəkildə dilə gətirilir.

Gördük ki, Azərbaycanın 18 yaşındakı əsgəri də, generalı da düşmən hücumuna qarşı canından keçməyə hazırdır, “kabinet generalları” ilə yanaşı əsgəri ilə birgə silah da, odun da daşıyan generallara sahibik.

Gördük ki, Azərbaycan qadını Novella Cəfəroğlunun timsalında əsgərimizə dayaqdır, onun ruh halının uca qalması üçün hər yaşda dəstək olmağa hazırdırlar.

Gördük ki, bu çətin günlərdə yanımızda olan yenə də Türkiyədir və əvvəlki illərlə müqayisədə bu dəfə daha yüksək – Çavuşoğlu və Hulusi Akar səviyyəsində Azərbaycana açıq dəstək ifadə olundu, türk gəncləri Azərbaycan səfirliyinə döyüşə hazır olduqları ilə bağlı çağırışlar etdilər.

Eləcə də Pakistan, Moldova, Ukrayna kimi dövlətlər konkret mövqe sərgilədilər, hətta sonuncu Ermənistanı o qədər qəzəbləndirdi ki, səfir nazirliyə dəvət edildi.

Tovuzdakı təxribatlar nəticəsində yüksək rütbəli hərbçilərimiz şəhid oldular. Bir valideynin, bir övladın şəhid olması geridə qalan ailəsi üçün bir ömür şərəfli əzab olacaqdır. İnsan itkisinin əvəzi heç nə ilə ödənməsə də, Azərbaycan ordusunun borcudur ki, şəhidlərin qisasını işğal altındakı ərazilərimizi azad etməklə alsın. 1804-cü ildən etibarən əsası qoyulan bugünkü vəziyyətimiz bizi cinayətkar bir dövlət və onun əlaltısı ilə üz-üzə qoyub. Ona görə də nə qədər ağrılı olsa da, Azərbaycanın ərazi bütövlüyü bərpa edilənədək şəhid verəcəyik. 1918-də Bakı, 1920-də Şuşa ermənilərdən təmizlənəndə də vəziyyət indiki kimi idi.

Unutmayaq ki, qarşımızdakı düşmən 1918-ci ilin martında Bakı, Şamaxı, Lənkəranda soyqırımı həyata keçirənlərdirlər.

Unutmayaq ki, qarşımızdakı düşmən ilk cümhuriyyətimizin işğal edilməsi üçün Qarabağda üsyan qaldıranlardırlar.

Unutmayaq ki, qarşımızdakı düşmən 1988-dən etibarən Azərbaycan türklərini yurdlarından qovanlar, ərazilərimizi işğal edənlər, Xocalı soyqırımını törədənlərdirlər. Onların arxasında kimin durması, onları kimin yönləndirməsindən asılı olmayaraq da mahiyyətləri belədir.

Ona görə də Azərbaycan xalqı bu çətin günlərdə fərqli görüşləri, siyasi qarşıdurmaları kənara qoyub ordumuzun yanında olmalıdır. AXCP sədri Əli Kərimlinin bəyanatı təqdirəlayiq idi. Çünki müharibə vaxtı Rəhim Qazıyev təfəkküründə olmaq siyasi mübarizə deyil, vətənə xəyanətdir.


Müəllif: Dilqəm Əhməd