27 İyul 2020 12:08
10 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

90-cı illərin ortalarında erməniyə rəğbət göstərən kitab çap etdirmiş bir "ziyalı"yla bağlı bu yaxınlarda diskussiyaya girəsi oldum. Bu boyda itkilərdən – şəhidlərdən, əsirlərdən, yaralılardan, yaralardan, ağrılardan sonra da həmin kitaba haqq qazandıran vicdanına, mövqeyinə indiyə kimi əsla şübhə eləmədiyim insanların şərhlərini oxudum, heyrətlənməkdən başqa əlimdən fərqli bir şey gəlmədi.

Məqsədli-məqsədsiz "humanist" mövqeli "qəhərli" yanaşmaları görəndə bir həqiqətin ya hələ insanlarımıza çatmadığını, ya da sərf eləmədiyini düşünürsən.

Xalq, millət olaraq bizim mövcudluğumuz erməni məsələsindən keçir. Ermənilərlə döyüşdən keçir. Bu savaşın ünvanı indiki şəraitdə hər yerdi. İnternetdi, sosial şəbəkədi, qərbdi, şərqdi, düşüncələrdi, mikro və makro dünyadı. Zərrəciklər aləmidi. Bütün planetdi.

Bu taleyi seçən biz deyilik, bu taleyi bizə veriblər, lap ola bilsin, sırıyıblar. Heç savaşı da biz başlamamışıq. Bir şey dəqiqdi: indiyəcən taleyindən qaçan bir kimsəyə rast gəlinməyib.

...Bundan sonra kim onun tv-sinə baxar?

***
Hər şeyi dövlətlə eyniləşdirmək, hər şeyi dövlətin boynuna qoymaq yanlışdı. Dövlət bu prosesdə “bir hissədi”, yaxşı, olsun, “böyük hissə”di, əsas məsuliyyəti o daşıyır. Ancaq bu əraziyə və millətə dəxli olan insanlar da öz mövcudluğunu, qürurunu, şərəfini qorumaqdan ötrü görə biləcəyi xeyli işə mükəlləfdi – hər yerdə: Bakıda, Tovuzda, Vaşinqtonda, Parisdə. Evdə, küçədə, səfirlik qarşısında, kompüter arxasında…

Məğlubiyyətə uğramaq bir şeydi, təslim olmaq tamam başqa.

…Hər dəfə onun adı çəkiləndə cin atına minirəm. Mənə elə gəlir, ilk daşı o atdı. “Daş yuxular”la.

Nə zamansa böyük azərbaycanlı-erməni barışığı baş tutsa belə, bu mətn yenə oxunmayacaq. Heç vaxt oxunmayan bir mətnin müəllifi olmaqdan pis şey varmı?

***
Məğlubiyyətə uğradılmış, başına oyunlar açılmış, torpağı yağmalanmış, qadını zorlanmış, dəlmə-deşik olmuş xalqını günahkar çıxaran birisinə rast gəldinizmi? Ermənilərin ünvanına bir-iki tənqid deyib, sonra tələsik azərbaycanlıların “günahları”na adlamaq, bərabərlik yapmaq, obyektiv görünmək… Yapma, Allah xətrinə.

Azərbaycanlı kimi, Azərbaycan türkü kimi danışmaya bilərsən, mozambikli, banqladeşli ol, neytral qal, amma doğrunu de.

Onda bir şeyə qəti əmin olacaqsan: bu savaşda azərbaycanlıların zərrə günahı olmayıb, indi də yoxdu! Biz müqavimət göstərdik, biz döyüşdük, biz öldük.

Ölülərsə bağışlamayacaq – nə erməniləri, nə də onlara boyun əyənləri.

Ölülərimiz şəhidlərimizdi.


Müəllif: Qurban Yaquboğlu