29 İyul 2020 22:00
14 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siz Abdullah Sofiyevi tanıyırsınızmı? Yox? Bəs Təhmasib Əliyevin, Surxay Əkbərovun, İsrafil Hüseynovun adlarını eşidibsizmi? Yox! Hardan eşidəcəksiz? Toy mügənnisi deyillər ki, hamısının adını və tərcümeyi-halını əzbər biləsiz. Məhəllədə nisyə mal aldıgınız dükan da bu adamlardan heç birinin deyil. Biznesmendilərmi? Yox. Bələdiyyə sədri də olmayıblar. Olsaydılar, yəqin tanıyardıq.

Onlar elm adamlarıdır. Alimdilər. Adları ABŞ və Hollandiya mütəxəssislərinin hazırladıqları “Dünyanın ən nüfuzlu elm adamları”nın siyahısına daxil edilib. Siyahı ABŞ-da 2003-cü ildən nəşr edilən və dünyanın ən nüfuzlu elmi jurnallarından olan «PLOS Biology»də çap olunub. Əsasən biologiya, kimya, riyaziyyat, fizika, tibb, genetika kimi elmlər üzrə ixtisaslaşıb. Adları bu jurnalda dərc olunan alimlər də həmin sahələr də daxil olmaqla 22 kafedra və 176 ixtisas üzrə dünyanın ən nüfuzlularıdır. 105 min alim arasında Türkiyənin “Süleyman Dəmirəl Universiteti”nin inşaat mühəndisliyi bölümünün müəllimi Abdullah Sofiyev, "Orta Doğu Teknik Universiteti"nin fizika bölümünün müəllimi Təhmasib Əliyev, "Yıldız Teknik Universiteti"nin mexanika mühəndisliyi bölümünün müəllimi Surxay Əkbərov və "Çanaqqala Onsekiz Mart Universiteti"nin müəllimi İsrafil Hüseynovun da adı var.
İstədim ki, onları siz də tanıyasız.

Abdullah Sofiyev

Türkiyədə daha çox Abdullah Avey kimi tanınır. Bu o deməkdir ki, Qazax rayonundandır. 1961-ci ildə Daş Salahlı kǝndindǝ anadan olub. Azǝrbaycan Pedaqoji İnstitutunun “Riyaziyyat” fakultǝsini bitirəndən sonra Texniki Universitetin “Nǝzǝri Mexanika” kafedrasının dosenti vǝsifǝsinə qədər qalxıb. 90-cı illərdə Azərbaycandan “ağıl axını” başlayanda Türkiyəyə gedib. Əvvəlcə “Ondokuz Mayıs” Universitetində işləyib. 2005-ci ildǝn Süleyman Dǝmirǝl Universitetinin professoru vǝ İnşaat Mühǝndisliyi Bölümü Mexanika kafedrasının müdiridir. 2016-cı ildǝ Teorik vǝ Uygulamalı Mekanik Türk Milli Komitəsinin sǝdr müavini seçilib. 2003-cü vǝ 2004-cü illǝrdǝ dünyada ilk dǝfǝ funksional dǝrǝcǝlǝnmiş materiallardan hazırlanan silindir vǝ konus şǝklindǝki örtüklǝrin dinamik stabilitǝ probleminin hǝllinǝ nail olub. 2006-cı və 2014-cü illǝrdǝ fǝrqli nǝzǝriyyǝlǝrdǝn istifadǝ edǝrǝk yeni nǝsil kompozitlǝrdǝn hazırlanan tabakalı vǝ sendviç örtüklǝrin bütöv mühitdǝ stabilitǝ vǝ titrǝşim problemlǝrinin hǝll yolunu tapıb. Bu nǝticǝlǝr peyklǝrdǝ, raketlǝrdǝ, kosmik gǝmilǝrdǝ vǝ atom reaktorlarında geniş istifadǝ edilir. 200-dǝn çox fundamental elmi mǝqalǝnin müǝllifidir. Əsǝrlǝrindən mötǝbǝr jurnallarda 1500-dǝn çox sitat gətirilib. Bu fakt da onun adının dünyanın nüfuzlu alimləri arasına düşməsində mühüm rol oynayıb.

Surxay Əkbərov

1954-cü ildə Qərbi Azərbaycanda - Masis rayonunun Zəhmət kəndində anadan olub. İndiki Bakı Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsini bitirib. SSRİ dönəmində elmi fəaliyyəti Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu və Ukraynada Timoşenko adına Mexanika İnstitutu ilə baglı olub. 1993-cü ildə Türkiyəyə gedib. İstanbulda Yıldız Texniki Universitetinin professorudur. Bakı ilə əlaqələri davam edir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 400-dən çox elmi məqalə yazıb. Əsas elmi nəticələri bircins olmayan kəsilməz mühitlərin statikası, dinamikası və dözümlülüyünə aiddir. Əyri struktura malik kompozit materiallar mexanikası üzrə dünya miqyasında aparılan başlanğıc və əsas tədqiqatların müəllifidir.

İsrafil Hüseynov

Həyatının 60 ilindən çoxunu Kvant fizikasına həsr edib. 1934-cü ildə anadan olub. İndiki Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. MDU-nun aspiranturasında oxuyub, 1959-cu ildə nüvə fizikası üzrə namizədlik, 1981-ci ildə Kiyevdə Ukrayna EA-da doktorluq dissertasiyası müdafiə edib. 1960-1993-cü illərdə BDU-nun fizika fakültəsində çalışıb. Təxminən 20 il bu fakültənin kimyəvi fizika kafedrasının müdiri olub. Kembric və Oksford universitetlərində dərs deyən yeganə azərbaycanlı olduğu bildirilir. 1969-cu ildə Kembric, 1970-ci ildə Oksford, 1985-86-cı illərdə Con Hopkins və 1986-87-ci illərdə Jilin (ÇXR) universitetlərində işləyib. 1993-cü ildən Türkiyədə, Çanaqqala “Onsekiz Mart Universiteti"ndə çalışıb. 300-dən çox elmi işin müəllifidir. Elmi araşdırmalarında istənilən açıq təbəqəli atom-molekul və nüvə sistemlərini birləşdirə bilən Xartri-Fok nəzəriyyəsi verib, istənilən spinə malik olan zərrəciklər üçün dekart-moment və dörd ölçülü sistemlərdə də tam ortonormal funksiyalar sistemləri tapılıb. Yeni daxil edilən tam ortonormal funksiyalar yığımından istifadə edərək atom-molekul və nüvə sistemlərində hissəciklərin istənilən sürətli hərəkətlərini öyrənmək imkanı yaranıb.
İsrafil Hüseynov vəfat edib.

Təhmasib Əliyev

Türkiyədə Orta Doğu Teknik Universitetinin fizika bölümündə işləyir. Fizika-riyaziyyat üzrə elmlər doktoru, professordur. Universitetin saytında elmi fəaliyyətinə görə dəfələrlə bu ali məktəbin mükafatlarına layiq görüldüyü bildirilir. Maraqlıdır ki, onun adı Bakıda, AMEA ilə bağlı bir qalmaqalda da hallanıb. 2014-cü ildə Elmlər Akademiyasının fizika və riyaziyyat üzrə müxbir üzvlüyünə seçkilər zamanı bir qrup alim dövlət başçısına müraciət edərək başqa ölkələrin vətəndaşlarının seçkidən kənarlaşdırılmasına və seçkilərin obyektiv keçirilməsinə göstəriş verməyi xahiş edib. Riyaziyyat və fizika ixtisası üzrə akademiyanın 7 müxbir üzvlüyünə namizədlər arasında Almaniya və Türkiyədə işləyən alimlər, o cümlədən Təhmasib Əliyev də olub. Akademiyanın nizamnaməsinə görə seçkilərdə yalnız Azərbaycan vətəndaşlarının iştirak etmək hüququnun olduğunu deyən müraciət müəlliflərinin növbəti arqumentləri bu qalmaqalın əsl səbəbini aydanlaşdırır: “Ötən əsrin 90-cı illərində xaricdə işləyənlərin maaşları bizim buradakı əmək haqqımızdan 100 dəfə, indi isə ölkəmizin iqtisadi qüdrətinin artması nəticəsində təxminən 10 dəfə artıqdır”. Belə görünür ki, Elmlər Akademiyasındakı o zamankı dava sadəcə, maaş davası imiş. Bu davanın nəticəsi olaraq Təhmasib Əliyev AMEA-nın müxbir üzvü seçilə bilmir. Adı isə dünyanın ən nüfuzlu alimləri sırasındadır. Demək, itirən Azərbaycan elmi olub. Elə bu cür qalmaqalların, maaş davasının və elmi mühitin olmamasına görədir ki, adı bu il «PLOS Biology»dakı siyahıya düşən 4 azərbaycanlı alimin hamısı Türkiyəni təmsil edir. Yeri gəlmişkən, həmin siyahıda Türkiyədən 196 alimin adı var. Dünyanın nüfuzlu elm adamları arasında başqa ölkələrdə yaşayan və işləyən azərbaycanlı alimlərin olmasına da şübhə yoxdur. Siyahıda baxanda da daha bir neçə azərbaycanlı ad və soyada rast gəlmək olur. Amma təəssüf ki, o siyahıda Azərbaycandan heç kim yoxdur. Bax problem budur. Bu boyda Elmlər Akademiyası, bu qədər universitet ortaya bir nüfuzlu, elmi araşdırmalarına dünyada sayğı ilə yanaşılan və istinad edilən bir alim belə çıxara bilmir. Elm və texnologiya əsri olan 21-ci əsrdə də “yox millətimin imzası imzalar içində”. Razılaşın ki, biz birlikdə güclü olsaq da, bütün hallarda “qüvvət elmdədir”, dövlətin qüdrəti isə daha çox “qələmin ucu, qılıncın gücü” ilə ölçülür. Amma o qələm şair qələmi deyil, ALİM QƏLƏMİDİR.


Müəllif: Faiq Novruzov