10 Oktyabr 2014 11:29
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

1992-ci ildən, yəni Qarabağ müharibəsinin aktiv fazası başlanandan ATƏT bu münaqişə ilə məşğuldur. Bu məqsədlə də ATƏT-in Minsk Qrupu fəaliyyət göstərir. Bu qrupun tarixi barədə çox danışıb vaxtınızı almaq istəmirəm.

Minsk Qrupunda həmsədrlik institutu yaranandan həmişə tənqid olunub. Həmsədr ölkələrin münaqişəyə birmənalı qiymət verməməsinin nəticəsidir ki, bu gün işğalçı ilə işğala məruz qalan bir tutulur. Amma ən pisi heç bu da deyil.

Əvvəlcə gəlin son duruma, elə bu il baş verən bəzi məqamlara nəzər salaq.

Sözsüz ki, ilk yada düşən prezidentlərin baş tutan və baş tutmayan görüşləri olur. Çünki birmənalıdır ki, problemin çözümü ancaq bu müstəvidə ortaq məxrəc tapıldıqdan sonra mümkün ola bilər.

Fransa prezidenti Qafqaza səfəri zamanı Azərbaycan və Ermənistan prezidentlərini Parisdə görüşməyə dəvət etdi. Bunun ardınca ABŞ rəsmiləri belə bir görüşün səmərəli ola biləcəyini söylədi.

Prosesləri izləyənlər bu görüşün mümkün ssenarilərini müzakirə etdiyi bir vaxtda qoşunların təmas xəttində yaşanan gərginlik bu müzakirələrə son qoydu. Və bu gərginliyin ortasında Putinin vasitəçiliyi ilə görüş olacağı xəbəri yayıldı. Görüş baş tutdu. Amma ciddi nəticə olmadı. Hətta Azərbaycan prezidenti bu görüşdə Kəlbəcər girovları ilə bağlı məsələni qaldırsa da, hələlik Ermənistan öz himayədarına güvənərək destruktiv mövqeyindən əl çəkmir.

Amma Qərb bu görüşə biganə qalmadı. ABŞ dövlət katibi NATO sammiti zamanı Əliyev və Sarkisyanla bir araya gəldi. Bu görüşdə verilən Paris görüşünə hazırlıq mesajı bir çox mətləblərə aydınlıq gətirdi.
Aydınlıq gələn mətləbin isə bir adı var: Qərb-Rusiya rəqabəti.

Əlbəttə, bu rəqabət həmişə olub və yəqin ki, olacaq. Amma söhbət Qarabağ problemindən gedirsə, bu rəqabətin fəsadları region üçün təhlükəli ola bilər.

Bu rəqabətin açıq təzahürlərinin görsəndiyi ərəfədə ATƏT-in Minsk Qrupunda bir vaxtlar ABŞ təmsilçisi olmuş Keri Kovano ilə görüşmək şansım oldu. Fürsətdən istifadə edib onun yaranmış situasiya ilə bağlı fikirlərini öyrənmək istədim. Sözsüz ki, təcrübəli diplomat qəti nəsə demədi və ancaq "indikindən fərqli olaraq bizim vaxtımızda hər üç həmsədrin fikri üst-üstə düşürdü" söylədi.

Amerikalı diplomatın hazırda həmsədrlər arasında fikir ayrılığının olmasını dolayısı ilə də olsa, etirafı çox təhlükəli məqamlardan xəbər verir desəm, yəqin ki, yanılmaram.

Belə fikir ayrılığının nəticəsində hər iki tərəf - həm Qərb ABŞ və Fransanın timsalında, həm də Rusiya öz maraqları xatirinə regionda yeni siyasi gedişlər edə bilər.

Bu gün rəsmi Bakı Qafqaz regionunun təhlükəsizliyi üçün Dağlıq Qarabağ münaqişəsinin təhdid olduğunu daim təkrar edir. Ancaq hələlik mövcud status-kvonun dəyişdirilməsi üçün elə bir ciddi addım atılmır.

İndi hər iki tərəf Azərbaycana müxtəlif təzyiq üsulları ilə təsir etmək istəyir.
Rusiya, təbii ki, Ermənistanla hərbi əməkdaşlığını qabartmaqla, Qərb isə Azərbaycanda insan haqları və demokratiyanın təhlükədə olmasını bəyan etməklə.

Əslində, hər iki tərəf bununla qarşı tərəfə özünü göstərməyə çalışır. Sözsüz ki, bütün bu davranışların nəticəsində zərbə ala biləcək Azərbaycan var.

İlk baxışda elə güman etmək olar ki, Minsk Qrupundakı bu fikir ayrılığından Azərbaycan bəhrələnə bilər. Amma bu çox təhlükəli siyasi oyunları quran güc mərkəzlərinin heç birində Azərbaycanın taleyi gündəmdə deyil. Necə ki, İraqın, Tunisin, Misirin, Suriyanın.

Deməli, Azərbaycan özü güc mərkəzi olmalıdır və yaxşıdır ki, bu istiqamətdə addımlar atır.


Müəllif: Asəf Quliyev