Götürək elə Abeli... Rektor olanda tələbə ilə danışığına fikir verin: “Sən pul versəydin, qiymət alardın”.
Demir ki, sən pul versəydin, mən istefa verərdim. Kimya fakültəsində dekan olanda otağında Məmməd Əminin portreti vardı. Harun gəldi, Qarun oldu. Təzə rektor olanda naharı tələbələrlə edirdi. İndi residivist kimi poz verir. Minlərlə BDU məzunu kimi mən də onun polis koridorundakı maskalı fotosundan utandım. Rektor olanda Əsas korpusun mərmərli məhəccərlərindən sürüşən tələbəni universitetdən qovmuşdu. İndi özü tələbə olsaydı, qovulardı. Bu, tarixin ədalətidir. Ancaq şərabın kimyəvi tərkibi ilə məşğul olan alimin axırı elə bu da olmalı idi. VIII sinif kimya dərsliyinin üstünə adını yazdırır. Milyon il keçsə də, sən BDU rektoru Yusif Məmmədəliyev ola bilməyəcəksən. Onun yüksək oktanlı təyyarə benzini ilə göydə uçan təyyarələr faşizmi məhv etdi. Sən isə ispan şərabını satırsan. Bir zamanlar tələbən olan polis müstəntiqinin qarşısında farağat duranda nə hiss etdiyini çox gözəl başa düşürəm. Əxlaqı dumanlananların süqutu labüddür. Barı şərabı özün düzəldəydin, akademik... Barı şərabı...
Ya elə İlham Əliyev... Ad və soyadından başqa heç nə ilə maraqlı olmayan insan... Jurnalistlə danışığına fikir verin, "dövlətə bağlı sual verin" deyim... Deputat olanda həm nə elədin, indi nə deyəcəksən? Bu dövlətin torpağı xalqın qanı ilə suvarılıb. Bu dövlət sənin kimi qayınatasından heç bir uğuru olmayan lümpenlərə qalmayıb.
Siyavuş Novruzovla bağlı məsələ məlumdur. 26 yaşında ali təhsil diplomu almış güləşçi...
Yazıb çatdıra bilməyəcəyimiz qədər insan var...
İllərlə dövləti və xalqı talamış, şaha yox, nökərinə qulluq göstərən prinsipsiz bir ovuc bürokratik tör-töküntü...
Amma bütün bu proses makkartizmə, cadugər ovuna çevrilməməlidir. Bu insanlar bu gün inzibati xəta törədiblər, DİN də onları cərimələyib. Lakin ictimai vicdanda inzibati xəta və onun cəriməsi heç də dərin yara açmamışdır. İctimai vicdanı narahat edən, xalqın həssas nöqtəsinə toxunan onların bu zamana qədər törətdiyi əməllərdir. Şair demiş, məsələ toy deyil, sən hələ anlamadınmı? Toy onların cəzalandırılan yeganə əməlidir.
Və bu fonda ombudsman Səbinə Əliyevanın dara çəkilməsi də qərəzli xarakter daşıyır. O, bu toyda həyat yoldaşını müşayiət etmiş və törətdiyi inzibati xətanın da cəzasını ödəmişdir. Vəzifəyə təsdiqlənməsinin üstündən heç bir il də keçməsə də, hər halda yaddaqalan fəaliyyət göstərmişdir. İstər Tovuz döyüşləri, istərsə də AXCP üzvlərinin həbsi zamanı insan hüquqlarının qorunmasına çalışaraq vəzifə bocunu yerinə yetirmişdir. Korrupsioner keçmişi yoxdur.
Hər kəs qanunla mühakimə olunmalıdır.
Qanundan başqa qanun yoxdur.
Məsələ yıxılana balta vurmaq deyil, məqsəd bu sabiq məmurlara kresloda ikən qanunun sərt üzünün, qanunun baltasının kar etməməməsidir.
Onlar buna görə xalq vicdanında ləkələnmişlər...
“Mənəviyyat manifest”i yazan, amma iblis kimi fəaliyyət göstərən, nəinki fəlsəfədən, heç öz “yazdığı” kitabdan da xəbəri olmayan, Brejnev “Kitabımı yaman tərifləyirlər, gərək özüm də oxuyum” lətifəsini addımbaşı yada salan “akademik”ə isə xəyal etdiyimiz işıqlı Azərbaycanda yer ola bilməz. Onun nəsibi zülmət və qaranlıqdır.
Gələcək Günəşindir!!!