3 Sentyabr 2020 17:42
4 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayev sosial şəbəkədə qınaqlara dözməyib Feysbuku tərk edib.

Ona görə ki, televiziyada xalqı kastalara bölüb feodal təfəkkürünü ortaya qoyduğuna görə toplumun böyük kəsiminin sərt tənqidə məruz qalıb.

Haqlı tənqidə dözməyən, kasıbların qəniminə çevrilən bu şəxs toplumun əleyhinə olan qərarı malalamaq məqsədilə daha biabırçı yol seçərkən o qədər rahat danışırdı ki...

Beriyaya oxşayan bu şəxsi tənqid etməyən qalmadığına görə sadəcə bu ifadənin ona yaraşdığını düşünürəm: Abel Məhərrəmovdan da xırda adam.

***

Kasıb camaatın təmsilçisi olaraq hər gün kənddən şəhərə avtobusla gedirəm. Çirkli avtobuslar, tıxac yol, bir-birindən nəinki məsafə saxlayan, bir-birinə tutunub gedən həmkəndlilərim... Hikmətinə şübhə edilən Babayev, yəqin ki, uzun illərdir bu hala şahidlik etməyib. Karantin dönəmində dövlətin verdiyi və ya öz maşınında rahat şəkildə evinə gedib-gələrkən Bakı avtobuslarında Covid-19-un qəbulu üçün necə münbit şərait olduğundan xəbərsizdir.

Canı ağrıyanda dərman almaq dərdi olmayan, kefi pozulanda istədiyi ölkəyə gedə bilən bu kimi xırdadan da xırda adamların özünü ali təbəqənin nümayəndəsi hesab etməsi dövlətimizin adına yaraşmayan bir haldır.

Əgər BNA xalqı təhqir edən bu şəxsi hələ də iş başında saxlamağı düşünürsə, deməli, özü də onun mövqeyini bölüşür, o da məlum toy videolarındakı kimi tayfabazlığı, kasta sistemini dəstəkləyir, onsuz da karantinə görə tarıma çəkilən əsəbləri gərməyi, bununla da etirazların güclənməsini istəyir.

Xalqa xidmət etməli olan bu adamların ilk fürsətdəcə xalqı təhqir etmək bacarığına harada sahib olduqları mütləq araşdırılmalıdır.

Dövlət və idarəçiləri millətin rifahının yüksəldilməsinə xidmət üçün mövcuddur. Yaradılan bir dövlət qurumu xalqın rahatlığı, dövlətin inkişafı üçündür. Xalqa xidmət etməli olanlar televiziyadan açıq şəkildə xalqı təhqir edirlərsə, o qurumun rəhbərliyi də açıqlama verməlidir.

Paytaxt daxilində mənə təklif edilən ucuz taksi xidmətindən yararlanmağımın qarşısı alınırsa, bu dövlət qurumu kimə, nəyə lazımdır?

Ömrü boyu avtobusa minməyən adam elə bilir ki, avtobusla taksinin qiyməti eynidir. Guya ki, taksi qiymətləri elə ucuzdur ki, az qala avtobus qiymətinə yaxınlaşıb. Bəlkə, əksinədir? Avtobus o qədər bahadır ki, taksi qiymətinə yaxınlaşıb? Gün ərzində 3-4 dəfə avtobusdan istifadə edəndə kifayət qədər pul edir.

Azərbaycan dövləti xalq cümhuriyyəti olmaq istəyirsə, min bir əziyyətlə xalqın içindən çıxan şəxsləri dövlət qurumlarının rəhbərliyinə təyin etməlidir.

Ömrü boyu barmağı da üşüməyən Babayev kimi adamlar nə qədər ki öndə olacaq, bu kimi hallarla tez-tez qarşılaşacağıq.


Müəllif: Dilqəm Əhməd