13 Sentyabr 2020 20:13
5 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün hər kəs Azərbaycanda tərcümə məktəbinin zəifliyindən şikayətlənir; peşəkar tərcümələr və tərcüməçilər barmaqla sayılacaq qədər azdır. Ümumiyyətlə, Azərbaycanda bu işə başdansovdu bir yanaşma var.

Səbəb?

Səbəb, həm də yeganə səbəb əsarət illərində tərcümə mətnlərinin yerini rus dilinin işğal etməsidir. Sovet hökuməti Azərbaycan büdcəsini tərcümə məktəbinin formalaşmasına deyil, rus dilinin kütləvi tədrisinə xərcləməyi, hətta adda-budda tərcümə olunan əsərlərin də orijinaldan deyil, rus dilindən tərcüməsini önərdiyi üçün dünyanın Azərbaycan türkcəsindəki şəkli və dərki bu qədər pinti, qarmaqarışıq bir görkəm alıb. Düşünmək doğru deyil ki, Azərbaycanda sovet hökuməti qurulanda poliqlotlar olmayıb. Klassik cümhuriyyətçilərin çoxu xarici dil bilirdi.

“150 cildlik Dünya Ədəbiyyatı” seriyasında redaktorluq etdiyim zaman qəribə bir mənzərə ilə qarşılaşmışdım. Bu seriyada 20-30 kitab nisbətən yaxşı tərcümələr olduğu üçün sovetlər zamanındakı rus dilindən tərcümələrdən seçilmişdi. Qəribə olan bu idi ki, bu 20-30 kitabı, sanki, eyni adam tərcümə etmişdi, sanki, dünyanın müxtəlif xalqlarına, mədəniyyətlərinə aid olan bu 20-30 müəllif hamısı eyni dildə, eyni üslubda əsər yazmışdılar. Əcəba, Mark Tvenlə Viktor Hüqo əsərlərini eyni otaqda qələmə almışdılar ki üslubları, təhkiyyələri bu qədər oxşar idi? Ola bilməzdi axı Şekspirin sonetləri Blokun heca şeirləri ilə bu qədər yaxın olsun? “Don Kixot”la “Hacı Murad” niyə eyni bədii üslubu bölüşürdülər? Bir-birlərindən bu qədər uzaq ikən onları bu qədər bir-birinin tayı, oxşarı edən nə idi?

Əlbəttə ki, bütün mətnlərin eyni dildən, rus dilindən tərcümə olunması. Dünyanın bədii dil, fəlsəfi düşüncə spektrini yalnız bir dilin, bir düşüncənin rəngindən mənimsəməklə azərbaycanlı oxucular dünya mədəniyyətini qurbağa kimi boz görüblər həmişə. Dünya ədəbiyyatında “hansı səmtə, hansı yana” baxsalar da eyni rəngin olduğuna inanıblar. Rus dilinin tərcümə məktəbimizin yerini işğal etməsi dilimizi dünya dilləri ilə ünsiyyətdən yayındırıb, özümüz kimi dilimiz də təklənib, özü deyib, özü eşidib. Ruslər orijinalın ətini yeyib, sümüyünü bizə tullayıblar. Dilimizin müasirlik baxımından, məsələn, Anadolu türkcəsindən geri qalmasının səbəbi siyasi məhbusluğudur, coğrafi tənhalığıdır, orijinal dillərdən uzaq saxlanılmasıdır.

Yazıçılarımızın yaradıcılığını qoyuram qırağa, sıravi azərbaycanlıların da bu gün orijinal olmağa can atmaması, bir-birilərini yamsılaması, bir-birilərinə oxşamaq həvəsi bu düşüncə eyniliyi ilə, dünyanın monoton və ikinci əldən dərki ilə bağlıdır. Etiraf edək ki, rusdilli insanlarımız süni şəkildə yaradılmış bu milli bozluğa, monotonluğa bir balaca rəng qatırlar. Yəni bu nəhəng dil bizim həyatımızda kosmetik rol oynayır. Fars dilinin cənubdan gələn azərbaycanlıların düşüncəsindəki payı nə qədərdirsə, rus dilinin də bizim düşüncəmizdəki payı o qədərdir. Sadəcə, hərdən ölkədən kənara çıxmaq lazımdır bunu görmək, hiss etmək üçün. Əgər mədəniyyətimizin üzünə yaxdığı bu “rus dili” kosmetikasını yuyub-təmizləsək altından kifir, tüklü-müklü sifətimiz çıxacaq. Bu dili elitamız milli eybəcərliyimizi gözəlləşdirmək üçün deyil, ört-basdır etmək üçün kullanıb. Polad Bülbüloğlunun ruscasını Rusiyada badımcan satan üç milyon azərbaycanlının kirli ləhcəsinə, çirkli üst-başına yaxmışıq ki, cəhənnəm, çöldən baxanda, heç olmasa, bir az səliqəli görünək.

Bu dilin bu xalqa vurduğu zərbəni araşdırdıqca böyük bir yazı yaranır beynimdə və mən o yazını yazası oldum...
Gözləyək.


Müəllif: Aqşin Yenisey