14 Oktyabr 2014 16:35
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neçə ilin sözüdü. Dostlar idik bir arada - həmkarlar. Siyasətdən başlayan söhbət həyata, hisslərə, nəhayət, intim mövzulara keçdi. Dostlardan biri - dörd qadının arasında tək kişi xeylağı - danışdı ki, bacısı ailə qurmayıb. Dedi, yaşı keçib, qız heç kəsi bəyənməyib vaxtında, indi heç elçi düşən də yoxdu. Belə getsə, elə evdə qarıyıb qalasıdı. Və Azərbaycan mentalitetinə heç cür uyğun gəlməyən rezüme ilə bitirdi söhbətini - “bir az da keçsə, onunla açıq söhbət edəcəm,- dedi, - hər qadının həyatında mütləq bir kişi olmalıdı, insan o hissləri yaşamadan, o həzzi duymadan dünyadan köçüb gedə bilməz. Çünki cinsəl münasibəti başqa bir həzzlə müqayisə və ya əvəz etmək mümkün deyil”. O danışır, dediyini elmi şəkildə izah edir, bizsə susurduq. Zaman o zaman idi ki, gənc xanımların bu fikri təsdiq etməsi belə kənardan çox pis qiymətləndirilə bilirdi. Əslində, rəfiqələrimin hər biri deyilən fikirlə beşəlli razı idi, amma və lakin... Ax, mentalitet, mentalitet! (Bu mövzuda söhbətə qoşulmaq belə naqislik əlaməti idi, ya mövzunu dəyişdirməli idik, ya da başımızı aşağı salıb sükutu pozmamalıydıq. Cəmiyyətin yazılmamış qanunları bu davranışı diqtə edirdi).

***

İndi dövr və zaman, hadisələrə və faktlara münasibət dəyişib. Cəmiyyətin gəlişməsində sosial medianın da rolu az olmayıb. Ya zəlzələdən, ya vəlvələdən - hər nə isə - indi yanaşma fərqlidir. Bəs düşüncə necə?

***

Bizim parlament vətəndaş nikahlarını qətiyyətlə pisləyir. Olsun. Sağlam cəmiyyətin təməli sağlam ailədə qoyulur. Normal - atalı-analı evdə böyüyən uşaqlar psixi cəhətdən daha sağlam, komplekslərdən uzaq, ünsiyyətə açıq, xoşbəxtliyə adətkərdə, gələcəyə daha inamlı, daha ümidli böyüyürlər - bu, bəlli. Bəlli olan həm də bu ki, yan-yörəmizdə, ətrafımızda, hər kəsin gözü qabağında elə ailəli kişilər də var ki, iki, bəzən üç xanımı öz halalı kimi saxlayır, ehtiyaclarını ödəyir, övlad sahibi edir, uşağa soyadını verir ya vermir - bu ayrı məsələ, amma de-yure olmasa belə, de-fakto atalıq edir. Bir tərəfdən, həmin o diqqətə, sevgiyə, qayğıya, cinsəl həyata ehtiyacı olan qadının gündə biri ilə vaxt keçirib küçələrə düşməsindənsə elə bu cür vətəndaş nikahında olması daha müqabildir. Digər tərəfdən, nə qədər mal-mülk, pul olsa da, doğulan insan hüquqi statusuna görə tamhüquqlu vətəndaş sayılsa belə, daim bir mənəvi ayama daşıyacaq - vələd-dü-zina.. Bu isə söyüşdür, söyüş!

***

İndi xalqın seçdikləri istəyirlər ki, insanlar nikah qeydiyyatına düşməsələr belə, həyata gətirdikləri övladları üçün məsuliyyət daşısınlar. Xub, olsun. Amma nə yolla? Yeni Ailə Məcəlləsinə görə nikahdan kənar doğulan uşaqların valideynləri cərimə ödəməli olacaqlar. Cərimədən qaçanlar məsuliyyətə cəlb ediləcəklər. Amma məsələyə başqa tərəfdən yanaşaq. Lap tutaq ki, cəriməni ödədilər. 50-100, lap 500 manat getdi dövlətin büdcəsinə. Bu məbləğlə atasız uşaq dönüb atalımı olacaq? Yox, təbii. Atanın vicdanı varsa, dünyaya gətirdiyi övladına sahib çıxacaq. Yox, vicdan dediyimiz o efemer məfhum yoxdursa, ha cərimələ, ha cəzalandır. Bir faydası olan deyil.

***

Həyat elə qəribə, ağlagəlməz insan hekayətlərilə zəngindir ki, dolaşıq süjet xətlərindən şeytanın özü də baş çıxarmaz. Və çox zaman bu gedişatlar heç bir qayda-qanuna, heç bir məntiqə sığmır, onda ola cəzası, cəriməsi, daha nəyi.

***

...Kifir idi. Ağlı kəsəndən bilirdi bu görkəmlə ailə qurması müşkül məsələdi. Tale elə gətirdi ki, ərə getmədi, meylini kitab-dəftərə saldı, 2 diplom aldı. Günün birində gördü ev var, maşın var, pul var, başqa heç nə yoxdur. Bir nəfərlə münasibət qurdu, sevgi-filan yox idi təbii, bir tək niyyət var idi. Kifir, amma bacarıqlı qız ana olmaq istəyirdi. Çatdı da niyyətinə. Kişi çox israr, hətta tələb elədi ki, uşağı məhv etsin. Eləmədi. Doğdu övladını. Belə hallar on yox, yüzlərlədi. Ailə Məcəlləmiz dəyişincə necə olacaq? Ailə qurmayan qadınların ana olmaq haqqı əlindən alınacaqmı? Axı necə? Bəs insan haqları? Ən pis halda deyə bilərlər ki, doğduğu vələd-dü-zinnadı. Vəssalam. Amma onu da eləyə bilməzlər. Söyüşdü. Söyüşə kim haqq verər ki?


Müəllif: Afaq Vasifqızı