27 Sentyabr 2020 21:58
3 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyətin Zəngəzuru təmsil edən deputatı Məhəmmədsadıq Aran məqalələrinin birində yazır ki, Qarabağdakı erməni üsyanı yatırıldıqdan və daşnaklar qovulduqdan sonra azərbaycanlılar belə bir şeir oxuyurmuş:

Erməninin daşnakları Qoyub qaçdı başmaqları. Dünən sosial şəbəkədə bu bilgini yazarkən inanırdım ki, ermənilər yenə eyni aqibətə məruz qalacaq, axır-əvvəl işğal etdikləri torpaqlarımızı qoyub qaçacaqlar.

Bunun üçün isə sadəcə bir yol qalırdı: Azərbaycan ordusunun hücuma keçməsi. Belə də oldu. Növbəti erməni atəşinin qarşısını alan Azərbaycan əsgəri Füzuli və Cəbrayıl rayonlarının kəndlərini, önəmli yüksəklikləri azad edə bildi.

* Sosial şəbəkədə hər kəs sevinclidir. Günorta verilən açıqlamadan sonra "doğma kəndim azad edildi" deyənlər başda olmaqla hər kəs həyəcanla növbəti qələbə xəbərlərini gözləməkdədir. Hər kəsin tək bir arzusu var: Torpaqların qalanını və Qalanı azad etmək. Qalanı-Şuşanı azad etmək, Xankəndini geri qaytarmaq bu gün hamımızın vahid hədəfidir.

* Önümüzdəki vəzifələr nələrdir? - Elan edilən hərbi vəziyyətin qaydalarına əməl etmək. - Müdafiə Nazirliyinin rəsmi açıqlamalarını izləmək, ancaq dəqiqləşdirilmiş məlumatları yaymaq. - Azərbaycan ordusuna güvənmək.

* Nələri unutmamalıyıq? - Bugünkü antiterror əməliyyatında Azərbaycanı açıq şəkildə dəstəkləyən dövlətləri. - Azərbaycan əleyhinə bu və ya digər şəkildə mənfi mövqe tutmuş dövlətləri və qurumları. - Qələbəni bizə qazandıran komandanları.

* 1919-cu ildə Hərbiyyə nazirimiz Səməd ağa Mehmandarov Qarabağda hərbi parad qəbul etmişdi. Baş nazir Nəsib bəy Yusifbəyli Şuşada, Xankəndində idi. İnanırıq ki, bu tarixi hadisə bir daha təkrarlanacaq. Torpaqların qalanı və Qala azad ediləcək.


Müəllif: Dilqəm Əhməd