“Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq” - Prezident İlham Əliyev
Azərbaycan cəmiyyəti heç vaxt indiki qədər bütöv olmayıb. Qarabağın Azərbaycandan qopardılması prosesinə başlanıldığı gündən, yəni son 30 il ərzində siyasi proseslərin epidsentində olan bir siyasət adamı və jurnalist kimi bunu əminliklə deyə bilərəm.
İllər öncə “ordu-xalq” ideyasını ortaya atıb işğalı davam etdirməyi və Azərbaycandan yeni ərazilər qopartmağı qarşısına məqsəd qoyanlar və bunun üçün durmadan, dayanmadan fəaliyyət göstərənlər, fasiləsiz təbliğat aparanlar bu gün qarşılarında Azərbaycan Respublikasının Ali Baş Komandanının bir əmri ilə yumruq kimi sıxılmağı, bütövləşməyi bacaran gerçək bir ORDU-XALQ görüb heyrətlənirlər. Çünki indiyədək Azərbaycanda bu istiqamətdə heç bir təbliğat aparılmayıb və buna əslində ehtiyac da olmayıb. Azərbaycan dövləti qarşısına xalqı orduya çevirməyi deyil, ordunun bütün zamanlarda və şəraitlərdə xalqın, dövlətin ali iradəsini həyata keçirmək gücündə olmasını təmin etməyi qarşısına məqsəd qoyub və buna nail olub. Amma yenə də Ali Baş Komandanın bir əmri ilə XALQ mütəşəkkil bir ORDUya çevrilib, Vətən sevgisiylə, yurd həsrətiylə, qan yaddaşıyla, mücadilə əzmiylə, şərəfiylə, qüruruyla bütövləşib, “zərbi kərən sındıran” SÖZə, yerindən dağ oynadan SELə çevrilib. Bir əmrlə Azərbaycan xalqı xarakterini, əsrlərdən bəri cilalayaraq, qoruyaraq bu günümüzə daşıdığı yüksək mənəvi dəyərlərini, sonsuz Vətən sevdasını, sahiblənmək duyğusunu, kəsəsi, HAQQA, ƏDALƏTƏ tapınan, imanının işığına inamıyla ayna tutan bir millət olaraq varlığını ortaya qoyub!
Mənzərə göz qabağındadır – Prezident İlham Əliyevin öz xalqının, dövlətinin maraqlarının, Vətəninin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atdığı bütün addımlarda Azərbaycan xalqınının iradəsi, arzu və istəkləri yer alıb. Xalq Lideriylə, Ordusuyla bütövləşib və qarşısıalınmaz gücə çevrilib.
İlham Əliyev BMT Baş Assableyasının yüksək kürsüsündən dünyaya səslənəndə də, Ermənistanın növbəti hərbi təxribatının qarşılığında hücum əmri verəndə də, ayrı-ayrı çıxışlarında, müsahibələrində verdiyi qərarları təkzibolunmaz faktlarla, dəmir məntiqə söykənən arqumentlərlə əsaslandıranda da onun diliylə paramparça edilmiş, amma yenidən toparlanan, güclənən Azərbaycan danışırdı... Və bu gün də danışmaqdadır!
Bu bağlamdan yanaşanda, Prezident İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində yer alan qətiyyətli fikirlərin qaynağının, onun şəxsi xarakteri ilə yanaşı Azərbaycan xalqının və dövlətinin maraqlarının olduğunu müəyyənləşdirmək çətin deyil.
Prezident deyir ki, münaqişə indi həll olunmalıdır, Azərbaycan bu günün işini sabaha saxlamaq, status-kvonun qorunub saxlanılmasına xidmət edən danışıqlar prosesinin dolanbaclarında vaxt itirmək niyyətində deyil. Bizə yol göstərənlər isə yaxşı olar ki, Ermənistana təzyiq göstərsinlər, ondan işğala son qoymağı tələb etsinlər.
Sitat: “Bu, bizim torpağımızdır. Biz onu geri almışıq, biz onu güc yolu ilə geri qaytarmışıq, biz onları itkilər verərək geri qaytarmışıq, biz heç vaxt bundan geri dönməyəcəyik. Biz orada yaşayacağıq. Bizim həmin ərazilərdən güclə çıxarılmış insanlarımız bu gün demək olar ki, 30 ildir bir arzu ilə, bir amalla yaşayır – geri qayıtmaq.
Bu gün ermənilər hər yerdə yaşayırlar. Onlar Fransada yaşayırlar, onlar Amerikada yaşayırlar, onlar Rusiyada yaşayırlar, onlar Yaxın Şərqdə yaşayırlar. Qoy, onlar öz müqəddəratlarını həmin ölkələrdə istəsinlər. Əgər ermənilər özlərinə məxsus olmayan torpaqları istəsəydilər və sadəcə olaraq, əksəriyyət olduqlarına görə həmin torpaqları istəsəydilər, həmin ölkələrin rəhbərliklərinin reaksiyası necə olardı? Bu, onların uzun illər istifadə etdikləri taktikadır - gəlmək, dəstək istəmək, torpaq istəmək və sonra özlərinin qondarma qədim tarixləri barədə feyk xəbərlər hazırlamaqla və həmin torpaqları özləri üçün tələb etməklə ərazinin tarixi kimliyini dəyişməyə başlamaq. Qoy Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə vermək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Dağlıq Qarabağdan olan ermənilərə versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddəratını təyinetmə hüququ versinlər”.
Maraqlıdır, görəsən həmsədrlərdən hansı biri öz ərazilərinin 20 faizinin itirilməsi ilə barışa bilər? Və yaxud BMT Təhlükəsizlik Şurasının üzvü olan hansı ölkə beynəlxalq səviyyədə tanınmış sərhədlərinin daxilində, tarixi torpaqlarında nə zamansa bu ərazilərə köçürülmüş hansısa etnik qrupun özünə “dövlət” yaratmaq və ya başqa bir dövlətə birləşmək iddialarını qəbul edə bilər?
Avropa mədəni ənənəsindəki əxlaq və ədəb-ərkanın bir qızıl qaydası var - özünə rəva bilmədiyini başqasına da rəva görmə! Bu prinsip özünü bütün müqəddəs kitablarda büruzə verir, Konfutsidən başlayaraq Dekarta, Russoya, Sartra, Kamyuya, Çadayevə, Çernışevskiyə, Tolstoya, Berdyayevə kimi, istiqamətindən, ideoloji tutumundan asılı olmayaraq, bütün fəlsəfi cərəyanların içindən keçir... Amma nədənsə Azərbaycan xalqının kitabsız, fəlsəfi cərəyansız, traktatsız, sadəcə adət-ənənəsindən, mental xüsusiyyətlərindən irəli gələn bu prinsip onun özünə gələndə unudulur.
Belə olmur!
Biz tarixin dərslərindən yetərincə nəticə çıxarmışıq və simasızlığın “demokratiya”, “fikir müxtəlifliyi”, “humanizm” kimi sırınmasını sükutla qarşılamaq mərhələsini çoxdan adlamışıq.
İndi bizim bir seçimimiz, bir şərtimiz var – bunu da Azərbaycan Prezidenti “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində yenidən xatırlatdı...
Sitat:
“Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Ola bilsin müəyyən müddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşaya biləcəklər. Bu, bizim mövqeyimizdir və o, dəyişməzdir”.
Vəssalam!
Elçin Mirzəbəyli
Əməkdar jurnalist, siyasi şərhçi