Feysbukda ilk kimin yazdığını bilmirəm. Amma həmin fikir ikinci Qarabağ savaşının mahiyyətini ən uyğun ifadə edən cümlədir: “1992-də qucaqda gedən körpələr tankın üstündə geri döndülər”.
Bu gün işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda aparılan savaşda iştirak edənlərin əksəriyyəti 1992-2002 arası doğulan gənclərdir, onların və komandanlarının sayəsində möhtəşəm qələbələr qazanırıq.
Səfərbərlik idarəsi könüllülərin müraciətini qeydə almağı çatdıra bilmir. Cəbhə bölgəsinə yaxın ərazilərdə döyüşlərə qatılmaq istəyən yüzlərlə gənc gözləyir.
Paytaxt əhalisi və bölgələr əsgərlərə ehtiyac olmadığı halda əlavə qida, geyim dəstəyi vermək üçün kampaniyalar keçirirlər. Erməni gülləsinə tuş gələn bölgə sakinləri yurdlarını qoyub içərilərə doğru qayıtmaq istəmirlər. Bütün bunları tək bir cümlə ilə ifadə etmək olar və necə ki edilib: Azərbaycan Böyük Vətən müharibəsinə başlayıb.
Bu müharibə başqa dövlətlərin ərazilərini işğal etmək üçün deyil. 28 ildir işğalda olan əraziləri azad etmək üçündür. Bu müharibə hansısa xalqı hədəfə almayıb. Əksinə elə bu gün işğalçıların əsarətində yaşayan erməni vətəndaşlarımıza rəsmi müraciət edilib, döyüş bölgələrindən uzaq durmaları ilə bağlı çağırış olunub. Dövlət başçısı müsahibəsində də bunu vurğulayıb.
Amma qaçmasın deyə öz əsgərini zəncirə bağlayan terrorçu rejimin bu gün Gəncəni hədəfə alması, mülki şəxsləri öldürməyə davam etməsi Azərbaycanın bir daha haqlı davasını davam etdirməyini şərtləndirir.
***
Reportajları izləyirik.
Əsgərlərin, gizirlərin, zabitlərin əhval-ruhiyyəsi bizi hədsiz sevindirir.
Çəkilən “selfilər”, əsir götürülən düşmən “əsgər” və “bayrağı”, işğaldan azad olunan yerlərdə qaldırılan üç rəngli bayrağımız bizi qürurlandırır.
Prezidentin Tvitter səhifəsini insanlar dörd gözlə gözləyir. Dünənki qələbə xəbərlərindən sonra, nəhayət, yeni bir xəbərlə sevindik: Tank üstündə qayıdanlar Cəbrayıl şəhərini və rayonun bəzi kəndlərini azad etdilər!