Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək üçün Böyük Vətən Müharibəsinə başladığı günlərdə ortalıqda “sülh” kəlməsi dolaşmağa başladı.
Əksəriyyəti erməni olan və Azərbaycandan da ondan çox gəncin imza atdığı bir bəyanatda da sülhdən bəhs edildi.
Əlbəttə ki, Azərbaycan dövləti və milləti Mustafa Kamal Atatürkün məşhur devizi olan “yurdda sülh, cahanda sülh” fikrini hər zaman dəstəkləyib.
Amma bəsit həqiqət odur ki, sülh o zaman bərqərar olur ki, ədalət anlayışı təmin olunsun. Düşmən öz sərhədlərinə çəkiləcək, işğal faktı bitəcək, bölgədə sülh olacaq.
Amma Qarabağın işğalı ilə yanaşı Gürcüstan ərazisinə də iddiası olan bir toplumdan və onun liderindən sülh gözləmək mümkündürmü? Gəncəyə raket atan bir dövlətlə sülh masasında indiki halda əyləşmək mümkündürmü?
İşğal faktı bitmədən indiki halda sülh istəməyin yalnız bir adı var: “Arsax” yerində qalsın.
Özünüzü aldatmayın! Erməniyə indiki halda döyüşün dayanması, xarici bir dövlətin qoşunlarının bölgəyə gəlməsi hava-su kimi lazımdır.
İndiki halda sülh status-kvonun qalmasıdır. Yəni “Arsax”ın.
Halbuki artıq status-kvo yoxdur, təmas xətti yoxdur, Hadrutun işğaldan azad olunması faktı var.
***
Hər olayda Cümhuriyyət dönəminə müraciət etməyimiz səbəbsiz deyil. Çünki Qarabağ məsələsi indi olduğu kimi o zaman da gündəmin əsas mövzusu idi, istər parlamentdə, istərsə də mətbuatda dəfələrlə müzakirə edilib. Yekunda məsələ hərb yolu ilə həll olunub.
Azərbaycan indiki kimi o zaman da sülhün tərəfdarı idi.
Məsələn, Məhəmmədəmin Rəsulzadə 1918-ci ilin dekabrında deyirdi:
“Zəngəzur, Qarabağ uyezdi kəza Azərbaycandan ayrılmayacaqdır. Biz bu mübahisəli məsələlərin demokratik nöqteyi-nəzərindən qılınc ilə degil, sülh ilə həll olunmasını hər zaman istəmiş, imdi də arzu ediyoruz. Fəqət heyhat ki, bizim bu arzumuz səhrada çağırılan boş sədadan ibarət qalmışdır. Biz zikr olunan yerlər üzərindəki həqqimizin hər vasitəyə müraciət edilsə eşidiləcəginə qənaətimiz bərkəmal ikən, Qafqasiyanın ümumi müqəddəratını nəzərə alaraq biz həmişə digər mübahisəli məsələlər kibi bu məsələnin də sülh ilə həll olunmasını gözləmişik”.
“Bizim bu arzumuz səhrada çağrılan boş sədadan ibarət qalmışdır” sözü sizə 30 illik dövrü xatırlatmırmı? Sülhün baş verməsi üçün həyata keçirilməsi vacib olan BMT qətnamələrini yada salmırmı?
30 ildir Azərbaycan tərəfi “torpaqlarımızdan çıxın!” demirmi?
Rəsulzadə bu ifadəni təkcə Azərbaycan-Ermənistan üçün deməyib. Eləcə də Ermənistan-Gürcüstan münaqişəsi motivində istifadə edib. Yəni Azərbaycan hökuməti, parlamenti bütün Qafqazda sülhün tərəfdarı olub.
Bu gün Borçalı Azərbaycanın tarixi torpaqları olsa da, bizim oraya qarşı bir iddiamız yoxdur. Beynəlxalq hüquq, sərhədlər var çünki. Amma yeganə Ermənistandır ki, həm bizim, həm də Gürcüstanın ərazi bütövlüyünə qarşıdır.
Ermənistan indi olduğu kimi o zaman da Qarabağla yanaşı Türkiyə torpaqlarına iddialı idi. Rəsulzadə “Köhnə üsul” adlı məqaləsində yazır: “Yeddi vilayət, Kilikya və Qarabağ Ermənistan olaraq tələb olunur. İki milyon bu qədər erməni 4 milyon bu qədər türk və müsəlmana hakim olmaq istər. Bu hakimiyyəti o dünyanın ətrafına dağılmış erməniləri toplayıb da böyük bir Ermənistan təşkil etmək surətilə istərkən, türk kütləsini ikiyə ayırıb da bir xəncər kibi qəlbgahma sapılar. Xəncərlənmək istənən vücud isə əsəri- həyat göstərib kəndisini müdafiə etmək istədikdə onu "panislamizm" töhməti ilə qorxutuyor”.
Necə ki indi də elə edirlər. Haqq döyüşünə başladığımız zaman “suriyalı islamçılar” iddiasına ortaya atdılar. Azərbaycanın deyil, Türkiyənin savaşdığını elan etdilər. Bu qədər zaman keçdi, bir dənə sübut tapıldımı? Əksinə Ermənistanın dünyaya səpələnən qoca terrorçuları Qarabağa axışdılar. İndi onlar da məhv edilməkdədirlər.
Azərbaycan sülhün tərəfdarıdır.
Sülhün isə tək yolu var. Vətən torpaqlarından terrorçuların təmizlənməsi!