Azərbaycan Cümhuriyyətinin rəsmi mətbu orqanı olan “Azərbaycan”ın redaktoru Üzeyir bəy Hacıbəyli bu qəzetdə ermənilərin Qarabağla bağlı iddialarına peşəkar cavablar verib. Yüz il əvvəl də ermənilərin Qarabağ iddiasını nəzərə aldığımızda o zamankı siyasilərimizin, ziyalılarımızın məsələyə münasibəti bizim üçün maraqlı olmalıdır.
Üzeyir bəy “Naxçıvan və Qarabağ” adlı məqaləsində ermənilərin iddialarına çox sadə cavab verib: “Naxçıvan müsəlmanları Ararat hökumətinə tabe olmaq istəmədiyi kimi, Qarabağ erməniləri də Azərbaycan hökumətinə təbəəlik etmək istəmirdilər və istəmirlər. Naxçıvan müsəlmanlarının belə rəftara haqları vardır. Çünki oraların müsəlmanları ədədcə ermənilərdən çox olub, yerlərinin böyük qismi də müsəlmanlara məxsusdur. Halbuki ədədcə müsəlmanlardan az və yer-yurdca müsəlmanlardan kasıb olan Qarabağ erməniləri bu iddialarından heç bir haqqa malik deyildirlər və əlavə bu haqsız fikir və iddia bütün Qarabağ ermənilərinin arzusu olmayıb, bəlkə daşnak partiyasının fitnə və intriqasının nəticəsidir. Halbuki Ermənistana tabe olmamaq təşəbbüsləri ümumnaxçıvan müsəlmanlarının öz arzuları idi”.
Üzeyir bəy “Qarabağ hadisatı” adlı yazısında isə güc yolu ilə erməni iddialarını məhv edən bölgənin hərbi valisi Xosrov bəy Sultanova qarşı olan ittihamlara sərrast cavab verib: “Sultanov Xosrov bəyin əleyhinə danışanlar onun layiqsiz bir hakim olduğundan deyil, biləks, fəzləsilə ləyaqət sahibi, bacarıqlı və iş görən bir Azərbaycan məmuru olmasından qorxuya düşən və gözləri götürməyənlərdir. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni camaəti tərəfindən dəxi möhtərəm sayılan Xosrov bəy Qarabağ hökuməti başında olmasa idi, burası Azərbaycanın cənnəti hesab olunan bu yerlər çoxdan bəri cəhənnəmə dönüb qətli-qital ocağı olmuşdu”.
Maraqlıdır ki, “Qarabağ haqqında” adlı başqa bir yazısında Üzeyir bəy eynilə bugünkü tezisimizi irəli sürüb: Biz Ermənistan hökuməti ilə savaşmırıq, Qarabağda öz ərazimizdə iş görürük. Hacıbəyli yazır: “Hökumətimiz Qarabağda general-qubernatorluq təşkil etmək istəyərkən erməni hökuməti ilə müharibəyə girmək ehtimalını heç xəyalına belə gətirməmişdir, çünki Qarabağ bizim, öz yerimizdə, öz torpağımızda nə siyaq “administrativ” şəkillər yapacağımız bizim öz işimizdir”. Üzeyir bəy onu da əlavə edir ki, “Aramızda müharibə olarsa, erməni cümhuriyyətinin halı fəna olacağına şübhəmiz yoxdur”. Eyni zamanda erməni hökumətini bəyan edir ki, “Ararat hökuməti şükür eləsin ki, biz onun “Andranikin bizə dəxli yoxdur” sözünə inanıb da Andraniki xudsər bir quldur sifətilə torpağımızdan rədd elədik”.
İndi olduğu kimi ermənilər o zaman da Zəngəzurda qətliamlar törədən Andranikin Ararat hökumətinə dəxli olmadığını iddia edirdilər. Ona görə də Azərbaycan hökuməti özünü bu yalana inanmış kimi göstərib erməni çətələrini zor gücü ilə məhv etmişdi. Üzeyir bəy də buna işarə edirdi.
Üzeyir bəyin toxunduğu digər önəmli məsələ Zəngəzurla bağlıdır. Maraqlıdır ki, bugünkü erməni rəhbərliyi “Qarabağ Ermənistandır” dediyi kimi o zaman da ermənilər “Zəngəzur bizimdir” söyləmişdilər. Üzeyir bəy yazır: “Ermənistanın “Zəngəzur bizimdir” deyə haqsız iddialarda bulunması aşkardır ki, “ixtilaflı hüdud məsələlərini sülh və sazişlə həll edəlim” deyil, Azərbaycanın təmamiyyəti-mülkiyyəsinə qarşı sui-qəsd hiyləsidir”.
“Ermənistan və Azərbaycan münasibəti” adlı bu məqaləsində Üzeyir bəy haqlı olaraq yazırdı: “Zəngəzursuz Qarabağ, Qarabağ ola bilməz”.