Arzu Şirinova
“Amerikanın səsi” radiosu ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psakinin bəyanatını yayıb.
Həmin bəyanatda bildirilir: “Humanitar əsaslarda biz Azərbaycan hökumətinə təkid edirik ki, Leyla Yunusa dərhal müstəqil tibbi müayinə və qayğı üçün şərait yaratsın, onun təhlükəsizliyini təmin etsin və durumunu yaxşılaşdırsın. Biz Azərbaycan hökumətini qanun aliliyinə hörmət etməyə və səhhəti ağır olan adamlardan başlayaraq fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbsə atılmış bütün adamları dərhal azadlığa buraxmağa təkid edirik".
Leyla və Arif Yunusların sağlamlıq durumunu xüsusi olaraq qeyd edın rəsmi Vaşinqton Azərbaycan hökumətini öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq vətəndaşlarının hüquqlarına hörmət etməyə çağırır: “Vətəndaşlarının hüquqlarına, ləyaqətinə, azadlıqlarına hörmət etmək ilk növbədə Azərbaycanın maraqlarındandır”.
İnsanların hüquq və azadlıqlarının qayğıkeşi kimi bəyanat verənlərin, o cümlədən ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psakinin səmimiyyətinə şübhə ilə yanaşıram. Çünki bu qəbildən olanlar öz maraqları baxımından bəyanat verirlər. Bu fikri söyləmək üçün Azərbaycan vətəndaşlarının-təbii ki, dövlətin və xalqın sözünü deyənlərdən söhbət gedir-əsasları var.
Bəli, Leyla Yunus və bu qəbildən olanlar azad edilməlidirlər ki, maraqlı dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın imicinə zərbə olan fikirlər və bəyanatlar verməsinlər, hər il hazırlanan hesabatlarında insan haqlarına görə ölkəmiz aşağı yerlərdən birini tutmasın. Bu gün Leyla Yunusu ciddi-cəhdlə müdafiə edənlərin əlinə fürsət vermək lazım deyildi. Onsuz da Leyla Yunus özü-özünü ifşa eləmişdi. Ayaqyolu söhbətini nəzərdə tuturam…
Məlum olaydan sonra səfirlərin müşayətilə ölkədən qaçmağa cəhd edən Leyla Yunusa bu imkan tanınmalıydı ki, o özü-özünü ifşa eləsin. Ancaq indi Leyla Yunus az qala qəhrəman kimi müdafiə olunur. Sanki ermənilərlə işbirliyində olan, Azərbaycan dövlətçiliyinə zərbə vurmaq üçün bəzi beynəlxalq təşkilatlardan qrant alan, Azərbaycanda çaxnaşma yaransın deyə müəyyən işlərə imza atan bu adam deyilmiş…
ABŞ Dövlət Departamentinin sözçüsünün bəyanatına gəlincə, bir dəfə də «humanitar əsaslarla» Ermənistanın ünvanına bəyanat səsləndirilsin ki, işğal etdiyin Azərbaycan torpaqlarından qoşunlarını geri çək, bir milyondan artıq qaçqın və məcburu köçkünün hüquqlarını tanı. Bu hüquqlar isə çox sadədir-məcburən qovulduqları, zor gücünə çıxarıldıqları yurdlarına qayıtsınlar. Həmin yurdlarda dağıdılan mədəni abidələrə görə Ermənistanın əlaqədar təşkilatlar qarşısında hesabat verilməsi istənilsin və bu dağıntılar üzündən işğalçı dövlət küllü miqdarda cərimələnsin. Eyni zamanda, Ermənistana vaxt qoyulsun ki, bütün bunlar olmayacağı halda ona sanksiyalar tətbiq ediləcək. Necə ki, bu gün Rusiyaya Ukrayna olayları üzündən sanksiyalar tətbiq olunur.
Çox təəssüflər ki, bu illər ərzində bütün bunların tərsini görmüşük. İşğalçı ölkə əməllərinə görə cavab verməli olduğu halda, ABŞ başda olmaqla ATƏT-in Minsq qrupuna daxil olan həmsədr ölkələr, Avropa dövlətləri, eləcə də bəzi beynəlxalq təşkilatlar Azərbaycanın üstünə gəliblər. Və Azərbaycandan güzəştə getməyi tələb ediblər. Həm də müharibə etməmək üçün müxtəlif üsullardan istifadə ediblər. Bu üsullardan biri də Avropa Şurası qarşısında Azərbaycan iqtidarının və müxalifətinin götürdüyü öhdəlikdir ki, bunu da hər zaman xatırladırlar. Eyni zamanda, birbaşa Rusiyanın rolu olan atəşkəs haqqında razılaşmadır ki, buna da Ermənistan əməl etmir və mütəmadi olaraq atəşkəsi pozur. Bu ilin avqust ayında Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycanın 13 nəfər olmaqla zabit və əsgərlərinin şəhid olması buna bariz nümunədir. ABŞ Dövlət Departamentinin sözçüsü heç bir dəfə də olsun bəyanar veribmi ki, Ermənistan silahlı qüvvvələri girov götürdükləri Kəlbəcərdən olan məcburi köçkün Dilqəm Ələsgərovu və Şahbaz Quliyevi azad eləsin. Axı onlar ermənilər kimi diversiya ilə məşğul olmayıblar. Onlar öz torpaqlarına gediblər ki, ata-babalarını nqəbirlərini ziyarat etsinlər, yurd yerlərini görsünlər. İnsan haqlarından danışanlar, bu adamlar yurd həsrətlərini belə ovudurlar. Bəs bunların haqqını niyə tanıyıb bəyanat vermirsiniz?