10 Noyabr 2020 17:11
6 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bilirlər mən təbliğatçı deyiləm. Öz sözümü deyirəm.

Qardaşlar, yoxsa düşünürdüz ki, 100 illik problem 40 günə həll olunacaq? Bəri tarixdən götürsək, 1988-ci ilin fevralında Xankəndində başlamış lənətli etirazlardan sonra 32 illik bəlanın 1 ay 2 həftədə yoxa çıxacağına ümid edirdiz yoxsa?

Elə olmur...

Son 32 illik dövrdə özümüzü necə aparmışıq? Siyasi elitamız, mədəniyyət xadimlərimiz, ziyalılarımız, mətbuat böyüklərimiz, fəallarımız - nələrdən keçmişik, necə yaşamışıq, harda kimə atmışıq, kimin evini uçurmuşuq? Neçə ton yalan danışmışıq? Neçə kilo əclaflıq eləmişik? Neçə hektar zəmi tapdamışıq? Necə bulağın gözünü tutmuşuq, harda nohura qələm sancmışıq? Hansı vəzifələrdə kreslo bulaşdırmışıq?..

10-dan az işçisi olan QHT rəhbəri ətrafdakı korrupsiyadan ağzı buğlana-buğlana danışa-danışa 100 min dollarla pul mənimsədiyi məhkəmədə sübuta yetirildi. Hələ də hamını tənqid edir. Adam elə bilir, onu heç vaxt görmürlər...

Mən özüm neçə gənc ədibə Qarabağın bizim ölüm-qalım məsələmiz olduğunu başa salmaqdan ötrü ən təsirli, ən inandırıcı sözlər tapmağa çalışmışam. Bəzilərini bu müharibədə patriot gördüm, şükür.

Dünən gecə hamı yatandan sonra imzalanmış və sabaha saxlamadan elan olunmuş bəyanatın əyər-əskiyini bilirəm. Adamları gecəylə yorğan-döşəkdən qaldırdılar!..

Biz Şuşaya girdik, ruslar Qarabağa girdi. Daha nə eləmək olardı, bəlkə bundan bir az çox, bəlkə bundan bir az - az...

Bu illərdə hərəmiz bir az Qarabağ ala bilmişikmi? Yoxsa hərəmiz bir az Qarabağ vermişik? Bəlkə gözləmişik ki, yenə gözləyirik ki, yenə də gözləyəcəyik ki, kimsə gəlib bizə Qarabağ alacaq? Yoxsa göydən Qarabağ yağacaq, hərəyə birini götürüb diyirlənçik düzəldib sürəcəyik?

Məni eşidin: Qarabağı biz hamımız alacağıq.

Öz payıma deyirəm: mən Qarabağı heç vaxt düşmənə verməyəcəm. Nə düşüncəmdə, nə də ürəyimdə. Mənim payıma düşən Qarabağdan arxayın ola bilərsiz, mən onu heç vaxt satmayacam, mən onu heç kəsə təslim etməyəcəm. Siz də söz verə bilirsizmi?

Mən bilirəm: Azərbaycanın Qarabağsız gələcəyi yoxdu. Qəti bilirəm...


Müəllif: Qurban Yaquboğlu