17 Noyabr 2020 23:25
4 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə qüvvətləri dünyada yeganə ordudur ki, Azərbaycan xalqı son iki əsrin əvvəlində onların gəlişini sevinclə gözləyib, ümid yeri kimi baxıb. 1918-ci ildə Azərbaycanın taleyi həll olunarkən tək çıxış yolu vardı – xalqın paşalarına şərqi yazdığı ordunu Bakıya çağırmaq. Həm hökumət üzvləri, həm də xalq bu ortaq düşüncədə idi. Çünki ingilis, rus, erməni tapdağında qalan Bakı şəhəri azərbaycanlıların əlindən əbədiyyən çıxa və bir daha Xəzər dənizini görməyə bilərdik.

M.Rəsulzadə Türkiyə ordusunu Bakıya çağırmaqda məqsədlərini parlamentdəki çıxışında çox dəqiq şəkildə ifadə edib: “Biz kamali-cəsarətlə deyiriz, türkləri çağırdıq və bununla da iftixar ediriz. Çünki türklər gəlməsəydi, Bakıda vüqu bulan mart hadisəsinin təsiri yalnız Bakıda qalmayıb bütün Azərbaycana istila edəcəkdi, millətdə ümumi bir qitalə məruz qalacaqdı. İşdə bu ali məqsəd üçün türklər buraya dəvət olunmuşlardı”.

Mart soyqırımı Azərbaycan xalqının Qafqazdakı siyasi mövcudluğunu birdəfəlik məhv etmək üçün idi. Bakıdan sonrakı hədəf Gəncə şəhəri idi. Ardınca bütün Azərbaycan. Ona görə də Türkiyə ordusunun Bakıya gəlişini təkcə Batum müqaviləsinin şərti kimi siyasi məqsəd olaraq görməməliyik. Etiraf etməliyik, biz cümhuriyyət qursaq da, onun mövcudluğu kağız üzərində idi. Yalnız 15 sentyabr qalibiyyətindən sonra faktiki dövlətimiz oldu.

15 sentyabr qələbəsindən sonra Ənvər Paşa Rəsulzadəni təbrik etmişdi.

8 noyabrda Şuşanın işğaldan azad edilməsindən sonra Mövlud Çavuşoğlu ilə Hulusi Akarın Bakıda Azərbaycan prezidentini təbrik etmələrinə də bu tarixi yaddaş prizmasından baxmaq lazımdır.

1918-ci ildə Bakının azadlığının əhəmiyyəti nə qədər idisə, 2020-də Şuşanın azadlığı o qədər idi.
Rəsulzadə o zaman deyirdi ki, Bakı işğaldan azad olunmasa, Azərbaycana “əlvida” deməliyik. Necə ki bu gün Şuşa azad edilməsəydi, Qarabağla vidalaşacaqdıq.

15 sentyabr elə bir tarixi qələbə idi ki, 70 il Azərbaycan mühacirləri birmənalı şəkildə mühacir mətbuatında bu ortaq qələbəmizdən yazdı, Azərbaycanda isə bolşevik hakimiyyəti altında gizli şəkildə türk şəhidlərin məzarları qorundu, azadlıq günlərinə qədər əmanət kimi saxlanıldı.

44 günlük Vətən müharibəmizdə Türkiyə birmənalı şəkildə yanımızda oldu. Prezidentindən ordu rəhbərliyinədək, bütün türk milləti bizə dəstək oldu. Azərbaycan xalqı bu tarixi dəstəyi ilk gündən gördüyü üçün bütün şəhərləri Türkiyə bayrağına bürüdü.

İndi isə Türkiyə ordusu Qarabağa gəlir. Hansı statusda olmasından asılı olmayaraq onların oradakı mövcudluğu bizim azad nəfəs almağımıza, qalibiyyət hissimizin davamlılığına səbəb olacaq.
Xoş gəlişlər ola!


Müəllif: Dilqəm Əhməd