20 Noyabr 2020 17:15
4 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa və Ağdamın azad edilməsindən sonra hərbçilərimizin gördüyü ilk işlərdən biri terrorçuların xaraba qoyduqları məscidlərimizi öz imkanları çərçivəsində bərpa etmələri, azan oxumaları və namaz qılmaları oldu.

27-28 ildən sonra işğaldakı məscidlərimizdən azan səsi gəldi, cümə namazı qılındı.

Bu hadisəyə nə cür baxmalıyıq?

Birincisi, Azərbaycan xalqının yüksək faizi müsəlmandır, eləcə də döyüşən əsgərlərimiz arasında inanclı insanların olması təbiidir. İşğaldan azad edilən və uzun illər təhqirə məruz qalan məscidlərdə yenidən ibadətin edilməsi qədər gözəl hadisə ola bilməz.

İkincisi, məscidlər bizim Qarabağdakı və digər yurdlarımızdakı tarixi keçmişimizdir və prezidentin vəd etdiyi kimi şəhərlərimiz dirçəldiləcəyi zaman məscidlərin də bərpası tamamlanacaq və yeni ibadət yerləri də açılacaqdır. Xüsusilə Şuşa şəhərində bir çox mədəni ocaqlarla birgə yeni məscidlərin də tikilişi gündəmə gələcəkdir.

Üçüncüsü, dağıdılmış məscidlərin videolarının yayılması ona görə yaxşıdır ki, bu gün qədim kilsə arzusunda olan ermənilərin başqa dinlərin ibadətgahlarına hansı münasibət göstərdiklərinin dünyaya bəyan edilməsidir. Məscidlərdə donuz saxlanılması ancaq irqçi, faşist təfəkkürünə sahib insanların əməlləridir ki, bunun xristianlıqla heç bir əlaqəsi yoxdur. Yəni məscidlərin dağıdılması, təhqir edilməsi ermənilərin həm də öz dinlərinə olan münasibətlərinin göstəricisidir.

Biz onlardan fərqli olduğumuz üçün necə ki, Bakıdakı erməni kilsəsi bu gün də tarixi abidə kimi qorunur, ermənilərin kilsələri də Tanrı evi kimi yenə də mövcud olacaq, dünyaya nümunə kimi göstəriləcək.

Məzardan sümük daşıyan, kilsə zəngi oğurlayan təfəkkürün İslama sərgilədiyi münasibət elə öz dininə olan münasibətidir. Erməni “kilsə”sinin daimi şəkildə türk düşmənçiliyi və terrorçuluğa çağırış motivləri əsasında fəaliyyət göstərməsi də bu qəbildəndir.

***
Dövlət başçısı bu gün Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciət etdi. Bir daha Azərbaycanın haqlı davasına qarşı bəşəri dəyərləri ayaqlayan bəzi Qərb dövlətlərini və qurumlarını açıq tənqid etdi.

Haqlıydı.

Müharibənin başladığı ilk günlərdə belə ərazi bütövlüyü, insan haqları, özünümüdafiə kimi dövlətlərin razılaşdığı ortaq anlayışlara qarşı çıxaraq suriyalı mücahidlər söhbətini ortaya atanlar, məsələni xristian-müsəlman davasına çevirmək istəyənlər oldu. Halbuki onların da məqsədi nə xristianlıq, nə də hansısa erməni kilsəsi idi. Məqsəd Türkiyənin yüz ildən sonra Cənubi Qafqazda yenidən söz sahibi olmasının qarşısını almaq, Azərbaycanın bölgə və qonşuları üçün parıldayan bir ölkəyə çevrilməsinin önünü kəsmək idi.

Bacarmadılar. Artıq hər şey geridə qaldı.

Azərbaycan indi dünyaya məscidlər də daxil olmaqla, 27 ildə xaraba qoyduqları şəhərlərimizdəki evlərin, abidələrin hesabını soruşacaq, Ermənistan təzminat üçün məhkəməyə veriləcəkdir.

Qarabağda isə azan səsi də, kilsə zəngi də olacaq, ölkəmizin bütün ərazilərindəki birgəyaşayış, dialoq orada da təmin ediləcəkdir.


Müəllif: Dilqəm Əhməd