Bu yaxınlarda Qafqaz və Azərbaycan tarixi ilə bağlı bir neçə kitab əldə etdim. Əsərləri oxuduqca səhifələrdə Azərbaycanla bağlı maraqlı nüansların olduğunu gördüm. Bu bilgilər günümüz üçün də maraqlıdır.
Vasfi Şensözen.
1892-ci ildə Bandırmada doğulub. Hüquq təhsili alarkən Birinci Dünya müharibəsi başlayıb, son sinifdə ikən cəbhəyə göndərilib. Müharibə bitənədək Qafqaz cəbhəsində olub, 1918-ci ildə tərxis edilib. Geri qayıtdıqdan sonra 1919-cu ildə təhsilini tamamlayıb. Mustafa Kamal Paşanın öndərliyində Milli Mücadilə başladığı zaman könüllü qüvvələrin orduya göndərilməsi üçün çalışıb. Zəfərdən sonra Balıkəsirdə vəkilliyə davam edib, CHP-dən millət vəkili olub. Ömrünün son illərində yenidən vəkillik fəaliyyəti ilə məşğul olub, 1985-ci ildə vəfat edib.
Şensözenin yazdığı “Birinci Dünya müharibəsi illəri və Qafqaz cəbhəsi xatirələri” kitabı Azərbaycan tarixi baxımından maraqlı detallarla zəngindir. Məsələn, Qarakilsəyə yürüş edərkən başlarında “Axund” dedikləri şəxsin olduğu türk kəndlərindən gələn təmsilçilərin onları qarşılamaları, məmnuniyyət bəslədiklərini yazan Vasfi bəy bu bilgini də qeyd edir: “Bunu öyrəndik ki, Qafqaz Ermənistanı da o zaman türklərlə qarışıq haldaydı”. Bu fakt o illərdə tarixi Azərbaycan torpaqlarında yaşayan həmyerlilərimizin türk ordusunu sevinclə qarşıladıqlarını göstərir. “Naxçıvan qalası” adlı kiçik bölümdə Şensözen yazır: “Naxçıvan qalasına türk bayrağı sancma hadisəsini qeyd etmək istəyirəm. O törən əsnasında azəri bir şair yazdığı şeirləri oxumuş, “Hardasan, Mahmud Şövkət bir oyan!” deyə Mahmud Şövkət Paşanı yad etdikdən sonra “Çox yaşa Ənvər Paşa, pək çox yaşa!” kimi misraları bizə dinlətmişdi”.
V.Şensözenin xatirələrindəki İran bölümü, Təbrizdə gördükləri də tariximiz üçün maraqlıdır.
***
Emine Gürsoy Naskalinin çapa hazırladığı “Cəlal Bayar arşivində Sərbəst Firqə xatirələri” kitabında Əhməd Ağaoğlu ilə bağlı maraqlı bilgilər var. Atatürkün istəyi ilə qurulan müxalif partiya haqqında C.Bayarın arxivində saxlanılan xatirəsində Kılıç Ali yazıb: “Balo əsnasında Atatürk orada olan Ağaoğlu Əhməd bəyi yanına çağırmış, qərarlaşdırdığı yeni firqənin proqramını ona göstərmiş, fikrini soruşmuşdu. Əhməd bəy belə cavab verdi: “Bütün dövlət və hökumət xəstəliklərinin həqiqi dəvası bundadır. Tamamilə mənim istədiyim müxalifət. Atatürk: “Belə olduğu halda sən də girmək istəyərsənmi?” deyə soruşdu. Əhməd bəy isə “Paşam, bu iş tam mənim işimdir” dedi””.
Göründüyü kimi Əhməd bəy müxalifətin mövcudluğunu dövlət və hökumət daxilindəki problemlərin müalicəsi olaraq görüb. Bu səbəbdəndir ki, Sərbəst Firqədə təmsil olunduğu dövrdə hökuməti sərt şəkildə qəzetlərdə tənqid edib. Kitabdan onu da öyrənirik ki, Türkiyənin gələcək prezidenti Cəlal Bayar Cümhuriyyətin qurulduğu illərdə Ə.Ağaoğlunun Ankarada Keçiörendəki evində kirayənişin qalıb.
***
Əhməd Refikin “Qafqaz yollarında” kitabı Türkiyədə ən çox nəşr edilən əsərlərdəndir. Əhməd Refik Altınay 1880-ci ildə İstanbulda doğulub. Mətbuatda tarixi mövzularda yazdığı məqalələri qısa zamanda onu tanıdıb. “İttihad və Tərəqqi” cəmiyyətini dəstəkləyən “İttihad” qəzetinin yazı işləri müdiri olub. I Dünya müharibəsinin sonlarında Ə.Refik erməni zülmləri ilə bağlı tədqiqat aparmaq üçün alman və avstriyalı yazarlardan ibarət heyətin başqanı olaraq Doğu Anadoluya göndərilib. Batum, Trabzon, Ərzurum, Ərzincan, Qars, Ərdəhan, Artvini dolaşan Refik “İki komitə, iki qətl” (İstanbul, 1919) və “Qafqaz yollarında xatirələr və təhəssüslər” (İstanbul, 2019) əsərlərini yazıb.
“Qafqaz yollarında...” adlı əsərinin Ərdəhan bölümündə buradakı türk kəndlərində oxunan türkülərin dilinin səlis, lətif türkçə olduğunu, bəzi hallarda rusca sözlərin də istifadə edildiyini yazan Ə.Refik maraqlı bilgi verir: “Ən məşhur türküləri azərbaycanlı Nəbinin qəhrəmanlığına həsr edilən türküdür. Nəbi rusları qırıb tökmüş. Arvadı Həcər həbs edilmiş. Bütün türkü Nəbinin ayrılığına, Həcərin üzüntülərinə aid. Türkü rusca kəlmələrlə doludur. Bir yerində belə deyilir:
Mən gələndə bizim yerlər qış idi
Göllər dolu ördək ilə quş idi
Bir ərzi-hal yazdım əlim üşüdü
Ağla, Nəbim, ayrı düşdün elindən”
Ə.Refik bunları yazarkən Nəbinin ölümündən 23 il keçmişdi. Demək ki, Nəbinin namının yayıldığı coğrafiyada onun vəfatından 20 il ötsə də, şəninə qoşulan xalq mahnıları hələ də oxunulurmuş...