8 Dekabr 2020 00:14
4 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqiçi Mustafa Mərdanov sosial mediada Şuşadan bir fotoşəkil paylaşaraq belə yazıb: “Tarixin bir ədalət qanunu da vardır və bu qanun öz yerini gec-tez tapır! “Difai” partiyasının ən böyük və güclü təşkilatı olan Qarabağ təşkilatının rəhbəri ulu babam Əbdülkərim bəy Mehmandarovun Şuşada yerləşən malikanəsi qarşısında Ordumuzun qəhrəman əsgərlərindən simvolik foto...”

Bu paylaşım 44 gün ərzində “kəndimiz alındı!” deyə sevincdən ağlayan vətəndaşların hisslərinin ən ali mərtəbələrindən biridir. “Difai” təşkilatı ermənilərin azərbaycanlılara qarşı başlatdıqları qətliamlara cavab olaraq şuşalı Əhməd bəyin yaratdığı tariximizin ən şərəfli səhifəsindən biridir. Şuşanın azad edilməsi həm də buna görə vacib idi.

Noyabrın 10-dan bu yana vətəndaşlar hələ ki bayrağımız dalğalanmayan yerlərə görə narahatlıq keçirsələr də, qısa zamanda bu məsələnin də diplomatik və iqtisadi güc nəticəsində həll ediləcəyini bildiyi üçün sevinclidir. Aktiv olan hər kəs azad edilən yerlərlə bağlı öz təklifini səsləndirir. Təkliflərin çoxu isə şəhid Xudayarın səsi ilə bağlıdır. Şəhidlər adlandırılacaq metro stansiyasında onun səsinin səsləndirilməsi... Gözəl və həyata keçirilməsi gərəkli ideyadır.

Zəfər gününün 8 noyabra keçirilməsi onu göstərdi ki, dövlət vətəndaşların səsinə və həssasiyyətinə qulaq asır. Müharibə bitənədək birmənalı şəkildə yanımızda olan türk millətinin və onun rəhbərlərinin fədakarlığına, eləcə də bütün türk məmləkətləri işğal altında olarkən qələbə bayrağını yalnız Mustafa Kamal paşa ucalda bildiyinə görə anım gününə hörmət vacib idi.

Zəfər günü ilə bağlı dövlət başçısının sərəncamları oldu. Muzey və memorial kompleksin hazırlanması kimi. Tarixi hadisələrin abidələşməsi vacibdir. 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun xatirəsinə Çəmbərəkənddə Türk Şühəda türbəsi planı olsa da, təəssüf ki, rus işğalı bu addımın qarşısını aldı. Amma Azərbaycan xalqı gizli şəkildə məlum olan əsgər məzarlarını qoruyub günümüzə əmanət çatdıra bildilər. Hazırda ilk türbənin olacağı yerdə xatirə kompleksi yerləşir.

Ona görə də Zəfər muzeyi və abidəsi çox önəmlidir. Necə ki Çanaqqala şəhidliyi öz əzəməti ilə oranı ziyarət edənləri heyran edir, memorial kompleksimiz də o şəkildə yaradılmalıdır. Təkcə Bakıda deyil, azad edilən torpaqlarda da.

Vətəndaşların səsinin eşidildiyi bu günlərdə biz də acizanə şəkildə bəzi arzularımızı ifadə etmək istəyirik.

  • Şəhidlərin ailələrinə elə yüksək səviyyədə diqqət göstərilməlidir ki, onlar bircə dəfə də dövlətdən və millətdən küsməsinlər. Qazilərimizin savaşdan sonrakı həyatlarını qurmaları üçün mümkün olan hər şey edilməlidir ki, onlar heç bir zaman narazı qalmasınlar. Bütün dövlət qurumları tam məsuliyyəti ilə buna çalışmalıdırlar.
  • Şəhid olan 2783 hərbçimizin hər birinin həyat hekayəsinin əks olunduğu çoxcildli kitabın hazırlanması.
  • Şuşa şəhərinin tarixiliyinin qorunması, Çar dövründə tikilən evlərin, Sovet vaxtında yaradılan abidələrin bərpa edilməsi. Şuşada Ağaoğlunun, Hacıbəylinin, Çəmənzəminlinin, Haqverdiyevin mövcudluğunun hiss olunması lazımdır.

Əlbəttə ki, arzularımız, görmək istədiklərimiz çoxdur və bu arzuların çoxu onsuz da dövlətin həyata keçirəcəyi addımlarla üst-üstə düşür. Çünki 44 günlük savaş ortaq bir ab-hava yaradıb. Bunu qorumaq lazımdır ki, qarşıdakı 5 ildə bizi həddindən artıq mühüm sınaqlar gözləyir. Ayıq olmalı, aldanmamalı, hər kəs öz sahəsində xaraba qoyulmuş torpaqlarımızın dirçəldilməsi üçün çalışmalıdır.


Müəllif: Dilqəm Əhməd