Uzun illər ərzində Prezident İlham Əliyevin öz ad günündə qaçqın və məcburi köçkünləri ziyarət etməsi ənənə halını alıb. Bu görüşlər dövlət başçısının milli təəssübkeşliyindən, doğma torpaqlarını və ata-baba evlərini itirmiş soydaşlarımızın dərdinə şərik çıxmasından xəbər verən alicənab bir addım kimi xalq tərəfindən həmişə yüksək qiymətləndirilib.
Bu il Prezident öz ad gününü tam fərqli bir ictimai-siyasi şəraitdə qarşılayır. O artıq 1 milyon qaçqını və məcburi köçkünü olan ölkənin deyil, Vətən müharibəsində möhtəşəm qələbə qazanmış qalib bir ölkənin prezidentidir. Hər ilin bu günündə dövlət başçısını gözlərində sual, ürəklərində həsrət və kədərlə qarşılayan qaçqın və köçkünlər bu il Ali Baş Komandanı Möhtəşəm Qələbə münasibətilə təbrik etmək, ona özlərinin ən səmimi minnətdarlığını, sevgi və məhəbbətini bildirmək üçün gözləyirlər.
30 ilə yaxın müvəqqəti yaşayış yerlərinə sığınmış məcburi köçkünlər də artıq köçkün və qaçqın deyillər. Onlar azad ölkənin azad vətəndaşlarıdır. İndi onların vətəni də, doğma torpaqları da öz əllərindədir. Hələlik düşmənin özündən sonra qoyub getdiyi ölüm təhlükəsini torpaqlarımızdan təmizləyən və aradan qaldıran hərbiçilərimiz soydaşlarımızın öz vətənlərinə sağ-salamat qayıtması üçün yağmalanmış torpaqlarımızdan vəhşi düşmən izlərini silməkdə, köçkünlərimiz isə böyük ruh yüksəkliyi və ölkə başçısına sonsuz minnətdarlıq hissi ilə azad olunmuş doğma torpaqlarımızda qurulacaq yeni xoşbəxt həyatın xəyalı ilə yaşamaqdadırlar.
İlham Əliyev prezident seçildikdən dərhal sonra illər ərzində çadır düşərgələrində dözülməz şəraitdə yaşamış qaçqın və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün onlara yeni yaşayış qəsəbələrinin tikilməsinə başlamışdı. Həmin illərdə işğalçı qüvvələrlə təmas xəttində daimi gərginliyin davam etməsinə baxmayaraq İlham Əliyev regionların sürətli sosial-iqtisadi inkişafını hədəfləyən dövlət proqramları irəli sürdü və onların uğurla həyata keçirilməsini təmin etdi. Təhsil, səhiyyə, sosial müdafiə sahələrində köklü islahatlar aparıldı. Ölkənin iqtisadi inkişaf templəri dünyanın inkişaf etmiş ölkələrini də ötüb keçdi və Azərbaycan sosial-iqtisadi inkişafın müxtəlif meyarları üzrə dünyada qabaqcıl yerlərə çıxdı. Uğurla aparılan ardıcıl və praqmatik iqtisadi siyasət nəticəsində Azərbaycan Qərb - Şərq və Şimal - Cənub nəqliyyat-logistika dəhlizlərinin kəsişmə mərkəzinə çevrildi. Ölkəmiz Cənubi Qafqazın iqtisadi güc mərkəzinə və beynəlxalq iqtisadi əməkdaşlığın cazibə mərkəzinə çevrildi.
Uğurlu iqtisadi inkişaf nəticəsində əldə olunmuş gəlirlər Prezident İlham Əliyevin daxili siyasətinə uyğun olaraq insan kapitalına çevrildi. Ölkəmizdə müasir dünyəvi dəyərlər sisteminə sahib olan vətəndaş cəmiyyəti yetişdirildi.
İlham Əliyevin apardığı ardıcıl xarici siyasət nəticəsində ölkəmizin dövlət müstəqilliyi gücləndi, beynəlxalq nüfuzu artdı və Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutdu. Azərbaycan həqiqətləri dünya birliyinin ölkəmizə dəyişən münasibətində öz təsdiqini tapdı.
İlham Əliyev ölkəmizdə milli hərbi sənayenin əsasını qoydu və prezident olduğu bütün illər ərzində ölkənin hərbi qüdrətinin davamlı olaraq yüksəldilməsini təmin etdi. Azərbaycan dünyanın kosmik sənaye dövlətləri sırasına qoşuldu. Milli Ordumuz öz peşəkarlığına və hərbi-texniki təchizat səviyyəsinə görə dünyanın ən müasir və güclü orduları səviyyəsinə yüksəldi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu dünya hərb elminin səhifələrinə qızıl hərflərlə yazılan yüksək döyüş qabiliyyəti və ən müasir hərb taktikası və strategiyası nümayiş etdirdi. Şanlı Ordumuz bir milyondan çox qaçqın və köçkünlərin doğma torpaqlarını işğaldan azad etdi, uzun illər ərzində sonu görünməyən bir münaqişə ocağında sülh yaratdı və hazırda da qaçqınların tezliklə öz evlərinə qayıtması üçün lazım olan bütün addımları atmaqdadır.
Qaçqın və köçkün problemi qlobal problemdir. Dünyanın müxtəlif bölgələrində daimi yaşayış yerlərindən və öz ev-eşiyindən məhrum olmuş on milyonlarla qaçqın və köçkünlər var. Dünya birliyi nə qədər onların problemini həll etməyə çalışsa da bu say azalmır, əksinə hər il bir qədər də artır. Azərbaycan Prezidenti isə dünyada heç bir dövlət başçısının edə bilmədiyi və yəqin ki, yaxın gələcəkdə də edə bilməyəcəyi bir qəhrəmanlığı etdi – bir milyondan çox qaçqın və məcburi köçkünün xəyallarını gerçəkliyə çevirdi. Prezident İlham Əliyev dünyanın ən böyük problemlərindən birinin həllinə əvəzsiz bir töhfə verdi. Dünyadakı çoxmilyonlu qaçqın ordusunun sayı bir milyon azaldı.
Milyonlarla insanın həyatını dəyişərək yaşanan ömrün hər ili bəşəriyyətə verilən töhfə, insanlığa göstərilən misilsiz xidmətdir. Belə möhtəşəm qələbələrlə və insanlığa verilən belə böyük töhfələrlə yaşanan ömür ən böyük alqışa və ən uca şöhrətə layiqdir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin şərəfli ömür kitabının yeni, 60-cı səhifəsi açılır. Bu ömür kitabının açılacaq bütün səhifələrinə möhkəm can sağlığı və xoşbəxtlik, davamlı uğurlar və qələbələr yazılmasını arzulayıram. Yaşasın Azərbaycan Prezidenti! Bu bütün Azərbaycan xalqının öz prezidentinə ən səmimi arzularıdır.