21 Oktyabr 2014 18:00
1 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həqiqət namusdan irəlidir!

Bu günün ən dəhşətli, ən müəmmalı, ən ilgəkli-ilməli sualı bu bizlər üçün: biz həqiqət adamıyıq, yoxsa namus?

Ən sadə, ən aydın, ən rahat sualıdı bu günün, eyni zamanda və həm də çox sərt və dəqiq cavabı var: heç bir kateqoriyanın adamı deyilik!!!

Baxmayaraq ki, tarix bizlərin həm həqiqət, həm də namus fatehləri olduğumuza şahiddir!

Bizi heç kim bu günə salmayıb – günahkar gəzməyin!

Özümüzük özümüzün düşməni!

Bütün variant və ehtimallarla ittihamedici suallara birbaşa cavaba hazıram!!!

İstər iqtidarı ittiham, istərsə də müxalifəti müdafiə və ya tam bunun əksini iddia edənlər olsun!!!

Cavab bir reallıqdan keçir: həqiqəti namusdan üstün bilməyəndə, namus da gedər, namusa qədər olan hər şey də - həyat da, dövlət də, yaşam da, axirət də!!!

Həqiqətə sığınanda hətta Allahı da ittiham etmək olar!

Məhz həqiqət ədalətin təntənəsidir!

Həqiqət üstündə heç kim döyüşmür!

“Vaxt gələcək...”

Çingiz xan!!! Tarixin şəksiz üç məğlubedilməz sərkərdəsindən biri!!! Öləndə demişdi ki: “Vaxt gələcək, ən gözəl atları minəcəksiniz, ən gözəl ətləri yeyəcəksiniz, ən gözəl xanımların pəmbə dodaqlarını öpəcəksiniz, amma və lakin bütün bunları kimə minnətdar olduğunu unudacaqsınız!!!”

UNUTDULAR... monqollar!!! FATEH monqollar bu gün ironiya hədəfidi!!!

Amma və lakin... 10 yaşlı Çingiz... xan olmadan onlara xatir dünyaya xan olaraq... dünya fəth etmişdi!


Çünki... həqiqəti namusdan irəli bilmişdi!!!


Nəydi onun namusdan irəli bildiyi həqiqət?

Ərinməyin, gözünüzü qıymaqdansa, gözünüzün nuruna qıyın, oxuyun və yadda saxlayın, həm də xəcalət təri tökün ki, 10 əsr qabaq 10 yaşlı bir oğlan qədər də həqiqəti etiraf etmək və namusdan irəli bilmək qədərincə deyilsiniz, deyilik!!!

DEMƏLİ: Çingiz 10 yaşında olanda babasıyla qonşu qəbiləyə dostlarıgilə elə-belə, qonaq gedir. Qonşu qəbilədəki dostun qızı... Çingizi bəyənir, seçir və aslan dərisini atır Çingizin üstünə! Bu isə o demək idi ki, o qız Çingizə ərə gəlmək istəyini bəyan etdi və qeyd-şərtsiz bu nikah istəyi yerinə yetirlməlidi – o dövrdə o qəbilələrdə adət buydu!

Növbəti dəfə, yəni “gəlingördü”yə Çingiz anasıyla gəlir və təbii ki, aslan dərisiylə birgə. Bu qızı gözaltı etmiş tayfa isə, - yenə də o dövrün ənənələrinə uyğun, - qızı qaçırmağa gəlir Çingizin hüzurunda. Çingizin bir yolu olur: ya anasını aslan dərisiylə atın tərkinə alıb aradan çıxmaq, ya qızı aslan dərisiylə götürüb namus ləkəsindən xilas olmaq!

Çingiz... anasını və onu seçən qızın üstünə atdığı aslan dərisini atın tərkinə alır... namus ləkəsiylə qəbiləsinə dönür.

Çox az müddətdə dəstə yığır, qoşun düzəldir və 40 min atlı ilə həmin qəbiləyə hücum edir!!! Bu faktları oxuyanda mənə ləzzət edən bir məqam vardı: “Çingiz xan bu qəbilədə dünyaya oğul yox e, övlad gətirə biləcək nə vardısa, at ayaqları altında tapdadıb nəsillərini kəsdi!!!”

Həm də... qaçırılmış sevgilisini qaçqınçılıqda doğduğu oğulla birlikdə gətirir sarayına, onu birinci xanımı edir, həmin, bizim dillə desək, bic oğulu birinci ordunun komandanı...

İkinci möhtəşəmlik məqamından ehtizaza gəlirəm hər dəfə xatırlayanda: Çingiz xan artıq fatehdir və “siyasi büro”nun ərkli üzvlərindən biri deyir ki, “Fateh, dünya ayağının altında, nə ehtiyac vardı ki, namusu ləkələnmiş qadını baş hərəm, oğlunu da birinci ordunun komandanı qoyursan, bilirsən, belə bir az düz çıxmır e, məndən deməkdi, yenə də özün bilərsən...”

CAVABA BAXIN!!!

“Onun namusunu məhz məni seçdiyinə görə ləkələdilər!!! O oğulu məhz mənə görə ona doğuzdurdular!!!

Onları xilas etmək, şərəfləndirmək mənim borcum idi! Bunun üçün isə mən məğlubedilməz fateh olmalıydım!!!”

Sual verin özünüzə: sizlər haçan, harda, nədən və nəyin fatehi oldunuz – sizə görə hətta namusu ləkələnmişləri xilas bir yana, dərdlərinə acıdınızmı???

Sərt və çətin sualdı, eləmi? Görürsünüzmü, həqiqəti namusdan irəli tuta bilmirsiniz!!!

Siyasət isə namus hərləmir!

Siyasət isə həqiqət hərləmir!

Siayasət... mümkün olanı əldə etməkdir – rəhmətlik Lenin deyib bunu hələ 100 il əvvəl!

Min il əvvəli də, yüz il əvvəli də qulaqardına vuranların yüz il sonra da, min il sonra da nə siyasətə iddiaları olmalıdı, nə də namusdan danışmalıdı!!!

Bu qədər sadə və aydın!!!

Anlaşılmadısa, bir az daha açıqlayım!

Taleh Şahsuvarlının bir metaromanı çap olunmuşdu. Özüylə müzakirə edərkən verdiyim sual yadıma düşür: “Babəkin anasının adı nəydi? Babək xalq qəhrəmanıydımı, yoxsa 9-cu əsrdə zeytun yağı monopolistinin oğlu? Vətən və azadlıq uğrundamı vuruşurdu, yoxsa Mötəsimlə monopoliya davasını döyürdü?”

Bu qədər ciddi bir tarixi romanın müzakirəsində bu qədər idbarcasına sualımın-yanaşmamın bir nədəni vardı: Babəkin anası TƏKGÖZ Börümənə sual verəndə ki, oğlun nəyin üstündə döyüşürdü, demişdi:

“Mənim oğlum at üstündə azadlıq uğrunda vuruşurdu!!!”

Və mən onu istəyirdim, anlatılsın: azadlıq uğrunda vuruşanda belə... azadlıq əldə edilmirrrr!!!

Göstərin tarixdə bir qəhrəman ki, bir təşkilat ki, azadlıq uğrunda vuruşub və qələbə qazanıb... ƏGƏR Kİ BUNA MÜNBİT ZƏMİN OLMAYIBSA, TARİX ŞANS VERMƏYİBSƏ!!!

Sərt deyirəm: məgər Azərbaycan özü azad olubmu ki, Azərbaycandan vətəndaş azadlıq və hüquqları istənilir?

Amerika, Rusiya, bürövlükdə Avropa, İran Azərbaycanla, Azərbaycanın varlığıyla dava döyür, məngənədə saxlayır, yoxsa dədəm Məmmədlə?

Bu həqiqəti etiraf etmək lazım deyilmi ki, a kişi, vətəndaş azadlığı bir yana, ölkənin öz azadlığı, hüququları diskriminasiya olunur, təhdid və hədələr səngimir!!!

Hanı bu həqiqəti yazan müstəqil analitik, siyasi icmalçı, araşdırmaçı, jurnalist, nə bilim daha kimlər...

FƏRQİNDƏ olmaq lazım deyilmi ki, davamız davadı, amma şələni dağa qaldırmaq laızmdı?

Kimdir ortada atılıb düşən, cavab versin: Azərbaycan geosiyasi təhlükədən qurtulubmu?

Və ən “tupoy” adamlar üçün ən sadə misal: bir yaxın dostumla son aylar ətrafımda yaradılan tor və tələ şəbəkəsini təhlil edəndən sonra, açmalarımı dinlədi və bildirdi, “halımı təsəvvür edirsənmi” sualına çox dəqiq bir xəritə çəkdi: sən bir qoyun misalı, ətraf da canavarlar, sadəc sıxılmısan arxası divara, əlində də od...

Eynən Azərbaycanın halı!!! Bəlkə elə deyil?

Həqiqət namusdan irəli olmalıdı ki, bunu etiraf edəsən!!!

Kimi ittiham edirsiniz, əgər 90-cı illər ana müxalifət partiyasının politbomondunun tam əksəriyyəti milyonerlər idi – sponsorluq edirdilər! Kİ... etibarlı gələcək... gələcək! Hamı buna inanırdı, bir inanılanın özündən başqa!!! O bilirdi bu xalqı aldadır! Müxalif düşərgədə opponentlik edəni də bilirdi ki, o bu xalqın lideri ola bilməz! Opponentliyi alver üstündə idi – at üstündə, azadlıq uğrunda deyildi!!!

Sadəcə... bu qədər bəsit!!!

Yox, mən yalanlarımla uduzum, günahkar Həmzə olsun!

Kimi ağıllı sayırsınız, kimi gic?

Bu siyasi yönü!!!

P.S. Azərbaycan siyasilərinin tam əksəriyyəti Azərbaycanın Azərbaycan siyasətini yox, Amerikanın, Avropanın Azərbaycan siyasətini siyasət bilir! Bu namussuzluqdu! Amma nə yazıqlar ki, həqiqətdi!
Keçək iqtisadi yönə!

“Amerika vətən deyil!!!”

Xəstə çağlarımda – 2008-2010-cu illərdə bütün sutkanı Rusiya kanallarının verdiyi kinolara baxırdım... mənə indi də qəribə gəlir ki, o kino necə olmuşdu efirə yol tapmışdı NTV-də...

Mahiyyətini deyirəm: ayaqqabı istehsalı üzrə dünyanın ən varlı bir yəhudi biznesmeninin bir qızı olur və bu ata qızının çıxdığı bütün oyunlara göz yumur, bütün şıltaqlıqlarına can-başla dözür və istədiyi hər şeyi edir, hətta qızı toyunda Frenk Sinatranı görmək istədiyini deyəndə yəhudi Frenk Sinatranı toy müğənnisi olmağa da razı salır şöhrətinin zirvəsində olanda. Bunlar maraqlı deyil. Maraqlı olan oydu ki mənə, ata qızına deyir: “Sən həyatda hər nə istəsən edə bilərsən, amma var-dövlətinin 25 faizini İsrail dövlətinə verməyə borclusan, İsraili sevməyə borclusan, yəhudiləri sevməyə borclusan və unutmamalısan: Amerika vətən deyil, quldurların siyasi sığınacağıdır!!!”

Bunu İkinci Cahan savaşında alman hərbi düşərgəsində ayağını don vurmuş ata deyir qızına... ayağını itirdiyi üçün ayaqqabı biznesi ilə məşğul olan ata-yəhudi istəmir ki, bir daha və yenidən daha bir yəhudinin ayağını don vursun!!!

İsrail heç dövlət kimi yox idi ki, yəhudiləri alman Hitlerin əzablarından xilas etsin! Amma xilas olan, hətta ayağını don vursa da, ayaqsız olaraq ayaq üstə qalxan yəhudi vicdanlı şəkildə övladına nəsihət, vəsiyyət edir: “Sən həyatda hər nə istəsən edə bilərsən, amma var-dövlətinin 25 faizini İsrail dövlətinə verməyə borclusan, İsraili sevməyə borclusan, yəhudiləri sevməyə borclusan və unutmamalısan: Amerika vətən deyil, quldurların siyasi sığınacağıdır!!!”

Gözü qıyılan, var-yoxumu yeddi arxa dönəniməcən arxaya, yeddi yüz bel də bundan sonrayacan söyən “patriot”, tanıyırsanmı azərbaycanlı biznesmen övladına belə vəsiyyət, nəsihət etsin?!

Amma mən tanıyıram... Rusiyada, Türkiyədə, Dubayda və daha nə bilim haralardasa narkotik, silah və fahişə alveri ilə beş-üç yüz min dollar qazanıb özünü varlı sayan azərbaycanlı... tamam ayrı şeylər deyir!!!

Bax, bu həqiqət namusdan irəli olmalıdı!!!

P.P.S. Azərbaycan biznesmenlərinin tam 100 faizi Amerikanı, Avropanı vətən bilir!!! Bu namussuzluqdu, amma həqiqətdi!!!

Keçək mənəvi yönə!!!

“Atadan-anadan... kim şirin olar, şirin...”

Siz hansısa qəzada şahid olubsunuzmu adamın qıçının şaqqıltısına?

Siz haçansa ağrıyan birinin sümüklərinin çat verməsini duyubsunuzmu?

Siz haçansa ürəkdən qopan nalənin, fəryadın ildırım sürətiylə içinizdən qırıcı təyyarə kimi keçməsini hiss edibsinizmi?

Siz haçansa göz yaşının güllə kimi adamın canında qəlpələnməsini yaşayıbsınızmı?

Siz... yaşayıbsınız!!! Amma duymayıbsınız!!! Bunu duymaq üçün gərək həqiqət namusdan irəli bilinə!

Bunu duymaq üçün gərək hər bir xoşbəxt adam içində olduğu bədbəxtliyi, hər bir bədbəxt adam içində olduğu xoşbəxtliyi bilə.

Artıq ailə ən ali mənəvi tac deyil! Ancaq valideyn-övlad münasibətləri ər-arvad münasibətləri qədər cılızlaşmayıb, düşükləşməyib deyə, bir abzasla da olsa, kifayətlənirəm.
Bax, bu məqama diqqət yetirilməsini istəyirəm.

İndi hamı hər yerdə, istər sosial şəbəkədə, istər radio-televiziyada, istər sayt-portallarda ata-ana serenadaları oxuyur.

İnanmıram! Və övladlar da elə siyasilərimiz kimi, biznesmenlərimiz kimidi.

Ancaq bir az var... bir az xoşbəxt olanlar var... Bir az bədbəxt olanlarımız çoxdur! Və valideyn qulluğunda duran övladlarla övlad böyütmüş valideynlərin bir fərqi var: valideynlər övladlarını böyüdəndə döyə də biliblər, söyə də! Ancaq övladlar “şıltaq və ərköyün” valideynlərə bunu edə bilmirlər!

Bax, budur o valideyn yoxluğunun bədbəxtliyində olan xoşbəxtlik – indi hər övlad da dözmür axı!

Bax, budur bədbəxtlik: valideyn var və bu varlığın xoşbəxtliyi bədbəxtlikdən başqa bir şey deyil! Bir var valideynin yoxluğundan bədbəxt olasan, bir də var, varlığının xoşbəxtliyindən bədbəxt olasan.

REZÜME

Azərbaycanda istər iqtidar, istərsə də müxalif siyasilər xoşbəxtdirlər!!! Onlar müstəqilliyi tanınmış, etiraf olunmuş ölkənin SİYASİ MƏƏNSUBLARIDIR! Onları hər yerdə belə də qəbul edirlər - bütün əyər-əskiyimizə baxmayaraq!!! Amma onlar öz xoşbəxtliklərində bədbəxtdirlər – görün bir-birlərini nə seytnotda saxlayırlar?! Faciə deyilmi???

Azərbaycanlı biznesmenlər xoşbəxtdirlər – onları kölə Azərbaycanın yox, müstəqil Azərbaycanın milyonerləri kimi tanıyır, qəbul edirlər, baxın, onlar necə ortaya çıxırlar!

Azərbaycanlı ailələr xoşbəxt deyil – bu bədbəxtlyin içində hələ də xoşbəxtlər var!!!

SON: “Qələbə şirin ağzındadırsa belə...

...başını sal ağzına, qələbəni əldə et”. Çörçill deyib.

Amma Çörçill bunu deyəndə, ingilisin qələbəni əldə etmək şansı o qədər ondan uzaq idi ki!!! Hitler vardı!!! İndi axı Hitler yoxdur! Varsa da belə dünya siyasi düzəninin Hitleri, Adolf Şilklqruber qədər cəsarətli deyil, hiylə ilə istəyinə çatmaq istəyir!!! Qələbə bu qədər bizə yaxın ikən, əlimizlə niyə onu şirin ağzınacan uzaq salaq? Doğru olmazmı başımızın boşluğundan əldən verdiyimiz qələbəni əldə etmək üçün başımızdan keçək?!

Bir halda ki, həm həqiqəti, həm də namusu boş tuturuqsa!!!

O baş kimə lazımdı?


Müəllif: Aydın Canıyev