22 Oktyabr 2014 17:27
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən bir liberalam.

Sırf liberal kriteriyalardan yanaşdıqda, Azərbaycan dövlətinin, xalqının, iqtidarının atacağı çox addımlar var.

Açıq cəmiyyətlər yaratmış xalqların təcrübəsi bu yolu daha sürətlə qət etməyimiz üçün bizə avantaj yaradır.

Ancaq açıq cəmiyyətlər sadəcə sərbəst bazar iqtisadiyyatının, bütün vətəndaşlara bərabər imkanlar yaradan hüquq sisteminin qurulması ilə bərqərar olmur.

Bunun üçün həm də cəmiyyətin dəyərlər sisteminin özgürlüyə, plüralizmə, tolerantlığa doğma olması lazımdır.

Liveral cəmiyyət dövlətin vətəndaşların hüquq çərçivəsindəki davranışlarına, fəaliyyətinə, tək və ya cəm halında bəlli bir məqsədə çatmalarına müdaxilə etməyən, toplumun “güc aparatı”nın təsiri olmadan özünü nizamladığı sistemdir.

Bu sistemin işləməsi, effekt verməsi üçün əsas məsuliyyət dövlətin deyil, toplumun öz üzərindədir.
Bu günlərdə Dövlət Yol Polisi bir statistika açıqladı və məlum oldu ki, Azərbaycanda baş verən avtomobil qəzalarının əksəriyyəti Bakıda baş verib. Bakıda baş verən qəzaların az qala 2/3-də isə piyada vurulub.

Əgər son 9 ayı əhatə edən həmin statistika ilə maraqlansanız onu da biləcəksiniz ki, piyadalar daha çox Hava Limanı yolunda, Salyan şosesində, Nobel, Babək, Azadlıq kimi prospektlərdə vurulub.
O yollar isə ya çoxsaylı işıqforların, yeraltı və yerüstü keçidlərin mövcud olduğu şoselər, ya da piyadaların keçməsi yasaq olan magistrallardır.

Əminəm ki, bu yol qəzalarının mühüm bir hissəsində taksi, avtobus, iri tonnajlı vasitələrin sürücüləri, digər önəmli hissəsində isə piyadalar günahkardır. Xamlıqdan, ehtiyatsızlıqdan, sərxoşluqdan, hoqqa çıxarmaq həvəsindən qəza törədənlər isə cüzidir.

Əgər bir ölkənin sadə vətəndaşı yeraltı və yer üstü keçidlərdən istifadə etmirsə, piyada zolağından adlamaq üçün işıqforu gözləmirsə, ictimai nəqliyyatı kim gəldi, necə gəldi, hara gəldi sürürlərsə, günün günorta çağı ağır tonnajlı vasitələr tıxac, gərginlik yarada bilirsə, bu problemin mövcudluğunda ən az məsuliyyət daşıyan siyasi iqtidardır.

Demək ki, hələ Azərbaycan vətəndaşı qaydalar daxilində yaşamağa hazır deyil.

Demək ki, hələ Azərbaycan cəmiyyəti özünü tənzimləyə bilmir.

Demək ki, hələ Azərbaycanda şirkət mədəniyyəti, xidmət məsuliyyəti formalaşmayıb.
Bunun kökü isə bir iqtidara, hətta tam olaraq sovet rejiminə bağlı deyil, bir az dərindədir.
Azərbaycan Qərb xalqı Qərb cəmiyyətləri kimi renessans dönəmindən keçməyib, istehsal etməyə öyrəşməyib, modernləşmə sürəcini yaratmayıb.

Kim istəyər, orta çağ sxolistləri ilə gecə-gündüz öyünə bilər, ancaq bu bir faktdır ki, xalqımız fəlsəfəsizdir.

Akademik, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qələmə aldığı kitablardan savayı, Azərbaycan ictimai şüurunun inkişafına xidmət edən, tarix və müasirlik arasında körpü qura bilən əsərlər yox səviyyəsindədir.

Odur ki, Azərbaycanın gələcəyi ilə bağlı bütün düşüncələrimizdə çağdaş Qərb fəlsəfəsindən maksimum istifadə etməliyik.

Qərb düşünürləri ilə tanış olduqca, bir xalq və cəmiyyət olaraq problemlərimizin kökünü də tapa bilirik, bu yöndə şəxsən mənə ən çox yardımçı olanlardan biri də Fridrix Hayekdir.

Liberal kriteriyalara qayıtsaq, bu gün Azərbaycanda şadlıq evlərinə dövlət müdaxiləsi yoxdur. Heç bir dövlət qurumu müştərinin cəlb olunmasında, onlara hansı menyü, hansı personal, hansı qiymətlə xidmət göstərməsində toyxana sahibkarının işinə qarışmır.

Cəmiyyətin sərbəst bazara, sağlam rəqabətə, açıq cəmiyyətə nə qədər hazır olduğunu, ümimi kültürəl səviyyəsi dəyərləndirmək üçün şadlıq evlərindən, toylardan, toyxanaya 5-6 saatlığa yığışan topluluqlardan yaxşı indikator yoxdur.

Azərbaycan toyları, Hayekin təbirincə desək, sırf içgüdülərlə hərəkət edən topluluqlar ortaya çıxarır.
Əlbəttə, istisnalar da var. Məsələn, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin oğlu Mirhacibin toyu yaddaşımda çox müsbət qalıb. Rəşad Məcid zəngin insan deyil, orta təbəqəyə mənsubdur. Ancaq iştirak etdiyim çox nadir toylardan biridir ki, orada məhz MƏDƏNİ ORTAM vardı. İçgüdülərlə hərəkət edən deviant insanlar yox, əsasən normalara əməl edən təbəqə qatılmışdı məclisə.

Buradan bir daha o nəticə çıxır ki, insanların öz davranışlarında hansı prinsiplərə, hansı meyarlara, hansı dəyərlərə istinad etməsi nə qədər önəmlidir. Bir az da aydın desəm, insanı mühit yox, mühiti insanlar yaradır.

Elə bu məqamda bir foto təqdim etmək istəyirəm Sizə. Türkiyənin köklü müxalifət partiyası olan MHP-nin əsas simalarından birinin- Maral Ağşenərin oğlunun toyunda çəkilib bu şəkil. Bəylə-gəlinin nikah şahidlərindən biri MHP genəl başqanı Dövlət Baxçalı, digəri MHP-nin müxalif olduğu AKP iqtidarının lideri Ərdoğandır.

Bu toydan və fotodan sonra MHP-nin nə içindən, nə də dışından Maral Ağşenərə “Ərdoğanın nə işi vardı oğlunun toyunda” deyə sual etməyib, kimsə onu satqınlıqda, ülgüçülüyə xəyanətdə suçlamayıb. Heç AKP-lilər də öz liderinə irad bildirməyib ki, sən niyə gedib Baxçalı ilə birlikdə nikah şahidliyi edir, MHP liderinin əyarını artırırsan?


Gözəl mənzərədir, deyilmi?

Pozitiv yanaşmadır, deyilmi?

Hansımız Azərbaycanda bu mənzərənin mövcud olmasını arzu etmirik?

Ancaq məlumunuz, YAP-çı deputat Aydın Mirzəzadənin Müsavat funksioneri, Milli Məclisin sabiq üzvü İkram İsrafilin oğlunun xeyir işinə qatılması AXCP-nin bir-iki qaragüruhçusunun “mədəsini bulandır”dı.
Bir daha söyləməkdə yarar var, cəmiyyətin sərbəst bazara, sağlam rəqabətə, açıq cəmiyyətə nə qədər hazır olduğunu, ümimi kültürəl səviyyəsi dəyərləndirmək üçün şadlıq toylardan yaxşı indikator yoxdur.
İkram İsrafilin oğlunun toyuna məlum reaksiyalar onu üzə çıxardı ki, Azərbaycanda azad və ədalətli seçkilərə, çoxpartiyalı sistemə, dialoqa, tolerantlığa ən çox hazır olmayan, liberal dəyərlərdən ən çox uzaq düşən, demokratik inkişafın qarşısına sipər çəkmək “əzm”i ilə yaşayanlar Əli Kərimli və ətrafındakı iki cüt, bir tək binəvadır.


Siyasət, rəqabət, mübarizə seçimlərə hesablanmış davranışlardır. Qalan müstəvidə siyasətçilər bir-birinin xeyrində, şərində iştirak etməklə həm də tolerantlıq nümunəsi göstərməlidir. Əks fikrə sayğı ilə yanaşmalı, bir-birinin əlini sıxmağı, qələbəsini qəbul etməyi, ümumi mənafelər naminə ortaq məxrəcə gəlməyi və vahid mövqedən çıxış etməyi bacarmalıdırlar.

Ancaq Əli Kərimlinin sosial şəbəkədəki binəva natiqləri, "lider dediyi şəxsin heç vaxt bu rejimi müdafiə edən YAP-çılarla bir masa arxasında oturmasını rəva görməyən" əhədi məlum qəhrəmanlarının nifrət ortamı yaratmaq cəhdləri başqa suallar da doğurdu.

1995-ci ildə Azərbaycan Avropa Şurasında qonaq kimi təmsil edilirdi, qərb dövlətləri və beynəlxalq təşkilatlarını Azərbaycanda parlament seçkilərinin demokratik keçməsi deyil, ölkədə siyasi sabitliyin bərqərar olması maraqlandırırdı. Elçibəy hakimiyyətinin yıxılmasından cəmi iki il keçmişdi, iki il öncə iqtidara gəlmiş Heydər Əliyevin və onun başçılıq etdiyi partiyanın reytinqi gündən-günə artırdı. Əli Kərimli nə İsa Qəmbərdən nüfuzlu fiqur idi, nə də AXCP Müsavatdan. Belə bir ortamda deputat mandatı əldə etdi və Milli Məclis üzvü olmağının avantajlarından faydalanıb müxalif düşərgədə önə çıxdı. O, deputat statusuna sahib olmasını “öz qələbəsini qorumaq bacarağı ilə” izah etdi. Ancaq işə bax ki, 1995-ci ildə, Azərbaycanın Avropa Şurasında qonaq olduğu, ölkəmizdə keçirilən seçkilərin beynəlxalq təşkilatları ilgiləndirmədiyi bir zamanda “qələbə qorumaq bacarığı” olan Kərimli 10 il sonra, partiya sədri ola-ola bütün dünyanın diqqət mərkəzində saxladığı “narıncı inqilab” dalğasında parlamentə düşə bilmədi. Məqsədim 1995 və 2005-ci ildəki səsverməni təftiş etmək deyil. Demək istədiyim odur ki, Əli Kərimlinin parlament müxbirliyindən dövlət katibliyinə qədər yüksəlməsində Elçibəyin rolu olduğu kimi, AXCP sədrliyinə yüksəlməsi və partiyanın möhürünə sahib olmasında da şəxsi bacarığından çox mövcud hakimiyyətin himayəsi təsirli olub. Onun hazırda yaşadığı, daha öncə sabiq Milli Təhlükəsizlik naziri Nəriman İmranova məxsus olan mənzil də məhz YAP iqtidarı tərəfindən ona verilib. AXCP-nin qurultaylarında, Əli Kərimliyə xaricdən maliyyə ötürücü funksiyası daşıyan Demokratiyanın İnkişaf Fondunun tədbirlərində YAP funksionerləri dəfələrlə iştirak və çıxış ediblər. Əgər Əli Kərimlinin deputat kimi seçicilərlə görüşə getdiyi rayonlarda keçirilən tədbirlərin videosuna baxsanız, görəcəksiniz ki, zalda Əli Kərimlinin başı üzərindən o zamankı prezidentin portreti asılıb. Elçibəyin vəfatından sonra AXCP-nin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus şirkətlər tərəfindən maliyyələşdirildiyi, 2000-ci ildə Əli Kərimlinin parlamentdə iştirak etməmək haqqında digər müxalif partiyalarla bağladığı müqaviləni, o müqavilədəki imzasını heçə sayıb məhz Milli Məclisdə YAP-çılarla yan-yana oturmaq üçün getdiyi də sirr deyil. Sadəcə, indi müxalifətdəki AMİP-çilər, Müsavatçılar, KXCP-çilər, ADP-çilər kimi hakim qüvvənin təmsilçiləri də Əli Kərimliyə “sözünün üstündə duran adam” kimi baxmırlar.

Əli Kərimlinin bir zamanlar qazanmış olduğu təşkilati resursları sürətlə itirməsinin, bu gün tamamilə siyasi iflasa uğramasının əsas səbəbini də, zənnimcə, məhz burada- prinsipsizlikdə, ilkəsizlikdə axtarmaq lazımdır. Konyuktura və manipulyasiya siyasətin doğasında var, ancaq demokratiya təkcə cəmiyyət yox, həm də şəxsiyyət modelidir. Bu gün AXCP-dən bircə adamın adını “demokratdır” deyə çəkə bilərikmi? Bu gün Əli Kərimlinin özünü totalitar düşüncədən uzaq siyasətçi kimi xarakterizə edə bilərikmi?
Bu sualların cavabı “yox” olunca, yada yenə Fridrix Hayek düşür.

“Ötəkilərlə savaş”- seçkilərlə hesablanmış rəqabət deyil, heç bir əndazəyə sığmayan düşmənçilikdir, yağılıqdır, yağmaçılıqdır. Bütün bunlar isə demokratik yox, total düşüncənin simptomlarıdır, içgüdülərlə hərəkət edən primitiv adamların mühitində alqışlanan şüardır. Belələri tərəqqinin, rifahın, gələcəyin sərmayəsi sayıla, ola bilməzlər. Amma indiki keçid dönəmində belələrinin də olması qaçılmazdır. Hətta bəzən “faydalıdırlar” da. Axı qaranlıq olmasa, aydınlığın qədrini kim bilər?

Gəlin, Aydın Mirzəzadənin də qədrini bilək. Onun timsalında ötəkilərə savaş açanları gördükdən sonra Aydın Mirzəzadənin qədrini lap çox bilək.


Müəllif: