Asəf Quliyev
Maraqlı zamanda yaşayırıq. Dünya bizim üçün sanki ovuc içindədir. İstədiyimiz məkana əlimiz çatır. İnternet adlandırdığımız beynəlxalq şəbəkə insanlar arasında məsafəni o qədər kiçildib ki, bəzən bu, arzuolunmaz olur.
Bu beynəlxalq şəbəkədə kimin nə fikirləşdiyini, nə yediyini, nə arzuladığını da bilmək üçün çeşidli resurslar var. Əlbəttə ki, həmin kəs bunu istəsə.
***
Bu günlərdə əziz dostum Qulu Ağsəs Facebok səhifəsinə gələcək planlarından birini dostları ilə bölüşdü: “Şuşadan yazmaq istəyirəm. Adi belədi: Özünü dağ başına qoyan şəhər...”
Ləzzət elədi. Onun bu fikrini bəyəndim. Və təkcə mən bəyənmədim. Çoxları bəyəndi. Amma mən Qulunun bu fikrinə şərh vermədim. Nə şərh verəsən? Nə deyəsən?
Amma şərh yazanlar az olmadı.
Bu fikri bəyənib şərh etməyənlərdən biri də Kərim Kərimli idi. Kərim təklif elədi ki, o şərhlərin hamısını oxu. Oxudum. Və istədim ki, mən də bir şərh yazım. Amma yazmadım. Əvəzində bu yazını yazdım.
***
Bu yerdə hörmətli Aynur Camalın da bir fikri yadıma düşdü. O da öz fikirlərini Façebook səhifəsində paylaşmışdı: “Biz Qarabağ haqqında ən gözəl şeiri, hekayəni, romanı yazmamışıq. En gözəl musiqini bəstələməmişik. Ən gözəl rəsmi, filmi çəkməmişik. Görəsən niyə?..”
Bu fikirlərə də çeşidli şərhlər yazılmışdı. Amma əsl mahiyyət tamam kənarda qalmışdı, məncə. Və mən bu fikirlərə belə bir şərh yazdım: “Əslində əsl sual sətirlərin arasında gizlənib.
Şəxsən mənim üçün sətirlərin arasında gizlənən sual çox, həm də çox dəhşətli sualdı”.
***
Qayıdıram Qulu Ağsəsin fikirlərinə. “Özunu dağ başına qoyan şəhər...” adlı bir yazı yazmaq istəyir. Mən onun bu fikrinə verilən şərhləri oxuyub yazmaq istədim: “Qardaş, daha o yazını yazma. Həm də ona görə ki, biz indi dəniz səviyyəsindən də aşağıda yaşayırıq. Dağ başında şəhərlə nə işimiz?”
***
İndi isə başqa bir fikrimi sizinlə bölüşüm. Nə Qulu Ağsəsin, nə də Aynur Camalın fikirlərində gizlənən mətləbi hələ də anlamamışıq, deyəsən. Bir toplum olaraq. Anlamamışıq. Anlasaydıq, indi arzuladığımız şəhər dağbaşında, biz isə dəniz səviyyəsindən də aşağıda olmazdıq.
***
Bu yaxınlarda Qurban bayramını qeyd elədik. Bir vurhavur, bir qoymahaqoyma vardı gəl görəsən. Qurban payına möhtac olan da qurban kəsirdi, ətrafdakıların halal haqqın oğurlayan da. Kəsilən qurbanların nə üçün olduğunu isə kimsə bildisə, demək, müdrik adamdı.
Qarşıdan da Kərbəla şəhidlərinin ildönümü gəlir. Aşura mərasimində yenə də...
Əzizlərim, biz bir millət olaraq dərk edə bilməmişik ki, Qurban olacaq sərvətimiz varsa, gözlərimiz qarşısında Qarabağ var.
Bəlkə də ona görə dərk edə bilmirik ki, dəniz səviyyəsindən aşağıdayıq. Arzuladığımız reallıqlar isə dağ başında.
***
Maraqlı zamanda yaşayırıq. Dünya bizim üçün sanki ovuc içindədir. İstədiyimiz məkana əlimiz çatır. İnternet adlandırdığımız beynəlxalq şəbəkə insanlar arasında məsafəni o qədər kiçildib ki, bəzən bu, arzuolunmaz olur.
Bu beynəlxalq şəbəkədə kimin nə fikirləşdiyini, nə yediyini, nə arzuladığını da bilmək üçün çeşidli resurslar var. Əlbəttə ki, həmin kəs bunu istəsə.
Amma qəribəsi odur ki, bu kiçik dünyanın 300-400 kilometrlik məsafəsini qət edə bilmirik. Dünya da bizim istəyimizi eşitmir sanki. Axı hesabla biz ürəyimizdən nə keçdiyini hamının duymasını istəyirik. Amma...
Bəlkə də onlar duyur..?
Bəlkə də biz onların duymasını istəmirik..?
Əgər duymasını istəsəydik, Qarabağ haqqında ən gözəl şeiri, hekayəni, romanı, rəsmi, filmi yaradardıq.
Bəlkə də biz bu 300-400 kilometri gedə bilmirik ona görə ki, getmək istədiyimiz məkan dağ başındadı, biz isə dəniz səviyyəsindən də aşağıda...?
***
Bu yerdə Xumar Qədimovanın sözləri Nüsrət Kəsəmənliyə aid olan mahnısı yadıma düşdü: “Hələlik zəhərə döndər suları. Ağlama, ağlama, İsa bulağı...