7 Fevral 2021 23:24
4 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötənlərdə İstanbulda hərracların birində Türkiyənin tanınmış yazıçılarından Şükufə Nihala aid bir neçə kitab satıldı. Əldə edə bilmədiyimiz həmin kitabların iç səhifəsində “Ağaoğlu kütüphanesi” möhürü vardı.

Əhməd bəy Ağaoğlu dövrünün ən zəngin şəxsi kitabxanalarından birinə sahib olub.

Rus, fransız, fars və s. dillərə hakim olduğu üçün kitabxanasının çeşidinin zənginliyini güman etmək mümkündür. Bugün həmin kitabxananın taleyini bilməsək də, günümüzə bir fotoşəkli çatıb.

Ömrünün son baharında kitabxanası önündə şəkil çəkdirən Ağaoğlunun dünyagörüşünün necə formalaşdığını anlamaq mümkündür.

Hərraclar sahibi öldükdən sonra dağılmış kitablarla doludur. Bu kitablar müəllifinə və nadirliyinə görə olduqca bahalı qiymətə satılmaqdadır. Kitablar sahiblərindən daha uzunömürlü olduqlarına görə, buna təqdiri-ilahi də demək mümkündür. Amma böyük şəxsiyyətlərin kitabxanalarının müxtəlif şəkildə dağılmasındansa, onların hansısa universitet və ya mərkəzdə qorunması daha yaxşıdır. Təbii ki, bu zaman başqa bir məsuliyyət də ortaya çıxır. Varisləri tərəfindən hədiyyə edilən kitabları qurumlar qoruyurmu?!

Bir mühacirin qızının dediklərinə görə, professor olan atasının arxivini Türkiyədə bir universitetə bağışlayıb. Bir neçə il sonra kitabxana ilə maraqlandığı zaman görüb ki, kitabxana, demək olar ki, yerində yoxdur, universitet xocaları mənimsəyiblər.

Ondan sonra arxivin qalanını xarici bir tədqiqat institutuna bağışlayıb. Ölkəmizdə də belə hadisələrin baş verdiyinə dair rəvayətlər dolaşmaqdadır. Muzey və arxivlərdə yer olmadığı üçün zamanla kitabların başqa yerlərə daşınması və bu zaman ərzində yüzlərlə kitabın yox olmasına dair xəbərlər eşidirik.

Həqiqətdirmi, bilmirik. Amma mümkündür.

Mühacirət arxivini topladığım üçün mütəmadi azərbaycanlı mühacirlərin Türkiyədə vaxtilə hansısa quruma imzalayıb bağışladıqları kitablar, dərgilər bukinistlərdə qarşıma çıxır. Halbuki mühacir bu arxivi gələcək üçün qorunması məqsədilə hədiyyə edib. Amma nəticədə qurum ləğv olunduğu və ya məkanı dəyişdiyi zaman yenə yüzlərlə kitab yoxa çıxıb.

Kitablarla yanaşı kitabxanaçıların, kitab mağazalarının da taleyi acınacaqlıdır. Şəhərimizdə bukinist mağazaları, demək olar ki, qalmayıb. Bir-iki mağaza ötən əsrin kitablarını hələ də oxuculara təqdim etməkdə, köhnə kitab qoxusunu yaşatmaqdadır.

Allah rəhmət eləsin. Kiril əlifbasında oxuya bilən yüzlərlə tələbə Elman müəllimin Qız qalasının yanındakı mağazasından yararlanıb.

Bu gün Elman dayı da, mağazası da ancaq xatirələrdə yaşayır və bir zaman unudulacaqdır. Halbuki kitabxanaçılıq, kitab satıcılığı gəliri az olsa da, faydası çox böyükdür və bu işlə məşğul olan insanların həyat hekayələri, fəaliyyətləri yazılmalıdır.

Türkiyədə bu mövzuda kitablar yazılır. İsmayıl Erünsalın “Osmanlılarda kitabxanalar və kitabxanaçılıq”, “Orta çağ İslam dünyasında kitab və kitabxana”, “Osmanlılarda sahaflıq və sahaflar” kimi kitabları çox məşhurdur. Azərbaycanda kitabxanaçılıqla bağlı bir neçə kitab yazılsa da, təəssüf ki, bu kitablarla heç bir şəkildə müqayisə edilə bilməz.
Kitabxanaçılığın maraqlı bir qolu da kitab kolleksiyaçılığıdır.

Köhnə tarixli kitabları toplayan bu şəxslər onları oxumaq və ya tədqiq etmək üçün deyil, sadəcə bir zövq üçün yığırlar. Bir müddət sonra isə həmin kitabları sataraq başqa şəxslərin əlinə keçməsinə səbəb olurlar.

Türkiyədə bu sahədə də maraqlı kitablar yazılıb. Rıfat Balinin iki cildli “Türkiyədə kitab kolleksiyaçıları və sahaflar”, “Keçmişdə qalan nəşriyyatlar” kitabları çox məşhurdur.

Çar Rusiyası dövründən günümüzə Azərbaycanda hansı kitab mağazalarının, nəşriyyatların olduğuna dair bir tədqiqat işi varmı? Kitabxanaçılıq mövzusunda yazılmış kitablardakı qısa bilgilər istisna olmaqla yoxdur. O zamankı Nikolayevski küçəsində fəaliyyət göstərən Abbasqulu Kazımzadə və Qulamrza Şərifzadəyə məxsus kitab mağazası təkcə Bakı qəzetlərini, kitablarını satmırdı, hətta Osmanlıdan gələn mətbuatın adreslərə göndərilməsi işini də təşkil edirdi.

Bu kimi kitab mağazaları, mətbəələr və nəşriyyatların tarixi mütləq yazılmalıdır...
Mövzu o qədər ağrılı və genişdir ki, harada tamamlayacağımı bilmədim. Xatirimə bir neçə il qabaq baş verən hadisə gəldi.

Vəfat edən bir alimin kitabxanasını övladları 25 min manata satırdı. Kitabxanadakı ən təzə kitabın tarixi 1930-cu illər imiş...


Müəllif: Dilqəm Əhməd