Bir neçə gündür Azərbaycan Cümhuriyyətinin Osmanlıdakı səfiri Yusif Vəzirin mətbuata verdiyi müsahibələri oxuyuram.
Dövrün ən böyük imperiyalarından birinin mərkəzində yeni dövləti təmsil etmək olduqca çətin idi. Yusif Vəzirin isə digər siyasi xadimlərlə müqayisədə Ukraynadakı siyasi fəaliyyətini çıxmaqla yetərli təcrübəsi də yoxdu. O nə Əlimərdan bəy Topçubaşı kimi Rusiya müsəlmanlarının hüquqları uğrunda geniş mücadilə aparmış, nə də Osmanlı sarayında və hotellərində paşalarla, xarici dövlətlərin diplomatik təmsilçiləri ilə müzakirələrdə olmuşdu.
Digər tərəfdən 1919-cu ilin yayında tacir kimliyi ilə (ingilis müdaxiləsini yarmaq üçün) İstanbula gəldiyi zaman bu şəhər işğal altında idi, Mondros müqaviləsindən sonra 600 illik imperiya laxlamışdı. Özünün dediyi kimi, aləm İstanbulda idi, siyasi işlərin ucu, əfkari-ümumiyyənin gözü burada idi. İstanbul həm də Parisə açılan qapı idi. Qafqazın və Azərbaycanın taleyi isə Parisdə müəyyən ediləcəkdi. Ona görə də bir səfir kimi dövlətini layiqincə təmsil etməliydi.
1919-cu ilin noyabrından etibarən Yusif Vəzirin mətbuata müsahibələrini görürük. Noyabr ayının 2-də “Yeni gün” qəzetinə verdiyi müsahibədə artıq tədricən yetişməkdə olan diplomatın cavablarını görürük. Həmin müsahibədə Yusif Vəzirdən Azərbaycandakı azlıqlarla bağlı sual soruşmuşdular. Cavabı belə olmuşdu: “Azərbaycanda azlıqlar türklərin bərabər hüquq və dəstəyi daxilində yaşamaqdadırlar. Qanun nəzərində eyni hüquqa malikdirlər və parlamentdə əksəriyyətləri nisbətində üzvləri olduqlarından qonşu hökumətlərin aldatmaları təsirsiz qalmaqdadır”.
Yada salaq ki, o dövrdə azlıq deyildikdə qeyri-müsəlmanlar nəzərdə tutulub ki, ən “məşhurları” ermənilərdi. Yusif Vəzir onu da deyib ki, hətta Qarabağ erməniləri arasında bölgənin Azərbaycanın tərkibində olmasını istəyənlər vardır. Ermənistanla bağlı suala isə maraqlı cavab verib: “Hamımız Ermənistanın istiqlalını təmin etməsini istəyirik. Bu millətin öz irqi hüdudları daxilində azad və məsud yaşamasını təmənni edirik”.
Necə ki, indi də erməniləri öz irqi hüdudlarına çəkilmələrinə doğru çalışırıq, baxmayaraq ki, çəkildikləri yerlər də bizə məxsusdur. Yusif Vəzir təhsildən də danışıb: “Milli cərəyan qüvvətləndiyi kimi keçmiş rus məktəbləri də milliləşdirilməkdədir”.
1920-ci ilin 10 yanvarında “Tasviri-Efkar” qəzetində çıxan müsahibəsində yenə təhsil məsələsindən danışıb: “Təəssüf ki, məktəblərimiz hələ ki arzu etdiyimiz dərəcədə milliləşməyib. Hələ ki keçmiş Rusiya zamanında təsis edilmiş məktəblərin təhsil tərzini dəyişdirə bilmədik. Bu da çox təbiidir. Çünki təhsil tərzi məsələsi birdən-birə təbdil edilə bilməz. Müəyyən bir zamanın keçməsinə ehtiyac var... Bir çox yeni məktəblər də açdıq. Bakıda bir də darülfünun təsis edilmişdir”.
Azərbaycanın əsas sərvətinin idarəçiliyi ilə bağlı isə belə danışıb: “Mis mədənləri, Bakı neft quyuları azərbaycanlıların sərmayəsi ilə milli şirkətlər tərəfindən işlədilməkdədir”.
Dəmiryolları məsələsini isə Yusif Vəzir hər müsahibəsində qeyd edib. Yusif Vəzirin həyatının ən xoşbəxt günləri 1920-ci ilin 10 yanvarından sonrakı günlərdi.
Parisdə Azərbaycan Antanta tərəfindən de-fakto tanınmış və bu hadisə İstanbulda bayrama çevrilmişdi. Universitet, məktəb tələbələri, müxtəlif cəmiyyət üzvləri səfirliyə axışmış, onu təbrik etmişdilər. Yanvarın axırında isə Türk Ocağının təşkilatçılığı ilə İstanbul universitetinin konfrans salonunda böyük tədbir keçirilmiş, Xalidə Edip, Həmdullah Suphi, Ruşen Eşref, Yusuf Akçura kimi şəxsiyyətlər nitq söyləmişdilər. Bəlkə də, həmin günlərin sərxoşluğu idi ki, Yusif Vəzir Mustafa Kamal paşanın öndərliyində Anadoluda başlanan İstiqlal hərbinin mahiyyətini duya bilməmiş, dəstək verməmişdi.
O günün şahidlərindən Səməd Ağaoğlu xatirələrində yazırdı: “Anadoluda başlayan milli mücadiləyə qarşı soyuq davranır, hətta onu kiçik görən sözləri qəzetlərdə yazılırdı. Zəfərdən sonra Ankaranın İstanbuldan uzaqlaşması üçün ilk işarət verdiyi adamlardan biri də Yusif bəy oldu. Bir daha nə üzünü gördüm, nə də adını eşitdim”.
Çünki İstanbul səfiri Parisdə səfil olmuşdu. Bu da bir tale idi. Məmləkətinə qayıtdı, amma tale onu sürgünə və arxasınca ölümə apardı. Yusif Vəzir İstanbul səfirliyinin qurbanı oldu.