1930-cu il.
Türkiyədə qadınlar ilk dəfə olaraq seçkidə iştirak edəcəkdilər.
Cümhuriyyətin 7-ci ilində qadınlar bələdiyyə seçkilərinə qatıla və ya öz namizədlərini seçə biləcəkdilər.
O tarixdə başqa bir yenilik də vardı. İlk dəfə olaraq seçkidə iki partiya mübarizə aparacaqdı. Həmin ilin avqustunda Mustafa Kamal Atatürkün razılığı əsasında ölkənin Parisdəki səfiri Əli Fəthi Okyarın qurduğu liberal görüşlü Sərbəst Cümhuriyyət Firqəsi də seçkidə iştirak edəcəkdi.
Artıq iqtidardakı Cümhuriyyət Xalq Firqəsinin qarşısında Əhməd Ağaoğlu kimi şəxslərin də yer aldığı yeni partiya vardı.
Ən maraqlısı isə bu partiyanın ilk üzvlərindən biri də Mustafa Kamalın bacısı Məqbulə xanımdı. Təbii ki, Atatürkün icazəsiylə.
SCF-nin qurulması ilə bağlı Əhməd Ağaoğlunun maraqlı xatirələri var.
Daha əvvəl Atatürkün yaxın silahdaşlarının qurduğu Tərəqqipərvər Cümhuriyyət Firqəsinin ləğv edilməsi və dəstəkçilərinin təqibindən sonra ölkədəki təkpartiyalı sistemin cümhuriyyət dəyərlərinə zidd olduğunu qəbul edən Atatürk öz nəzarətində bir müxalif partiyanın qurulmasına və xalqın nəbzinin yoxlanılmasına qərar vermişdi. Nəticədə yeni partiyanın rəhbərinin qəzetlərdəki bəyanatları xalq arasında maraq doğurmuş, Fəthi Okyarın gəzintiləri (xüsusilə İzmir) qalmaqallı keçmişdi.
Fəthi bəy ölkənin prezidenti olsa da, eyni zamanda CHF-nin qurucusu olduğu üçün Atatürklə qarşı-qarşıya gəlmənin xoş şəkildə nəticələnməyəcəyini hesablayıb partiyanı qapamış, bununla da Türkiyədə maraqlı bir proje sona çatmışdı. 1950-ci il parlament seçkilərinə qədər CHF yenidən tək partiya olmuşdu.
1930-cu ilə qədər Türk qadını Mustafa Kamal paşanın sayəsində bir çox haqlara nail olsa da, hələ ki seçki hüququna malik deyildi. Nəhayət, həmin il qəbul edilən bələdiyyə qanununda cins fərqi olmadan hər kəsə bu hüquq verildi.
Bununla da qadınların seçkidə iştirakı prosesi başladı.
Qadınlar hər iki partiyada aktiv şəkildə fəaliyyətə başlasalar da, yeni qurulan partiya daha çox maraq dairəsində idi. Türkiyə Qadınlar Birliyinin sədrlərindən Nəzihə Muhiddin xanım başda olmaqla bir çox müəllimlər, Suat Dərvişin timsalında xanım yazarlar partiyaya üzv oldular, seçkiyə qatıldılar.
Atatürkün bacısı yeni partiyaya üzvlüklə bağlı mətbuata açıqlamasında belə demişdi: “Bu firqənin millətin, məmləkətin bütün ehtiyaclarını düşünəcəyi və rifaha çatdıracağı qənaəti və Əli Fəthi bəy əfəndiyə olan böyük etimadıma görə qoşuldum. İki firqə digərinin düşməni deyil, qardaşıdır”.
Qadınlara bələdiyyə seçkilərinə qatılma hüququnun verilməsi SCF-nin nizamnaməsini hazırlayan Əhməd bəy Ağaoğlu tərəfindən də dəstəklənib. Əhməd bəy parlamentdəki çıxışında belə deyib: “Mən əvvəldən bəri qadınlarımızın sərbəst, azad və mütərəqqi Türk anası olmalarının tərəfdarıyam. Bu qanunla da bu məqsədimin hasil olduğunu görməklə bəxtiyaram. Bir gün gələcək qadınlar da millət vəkili seçkilərində iştirak edəcəklər”.
SCF İstanbul bələdiyyəsindən 3 xanımın namizədliyini irəli sürdü: Nəzihə Muhiddin, Məqbulə xanım və Suat Dərviş. Hər üç namizəd seçkilərdə məğlub olsalar da, onların aktiv fəaliyyəti türk qadınının seçki hüququndan istifadə etməsində nümunə oldular.
Nəticədə Əhməd Ağaoğlunun arzusunda olduğu gün cəmi 4 il sonra gəldi. 1934-cü ildə qadınlara parlamentdə təmsil olunmaq hüququ verildi.