Tarix bəşəriyyətin həyatında qəddarlığı və kütləviliyi ilə dərin sarsıntı yaradan çoxsaylı qırğınlara və müharibələrə şahidlik edib. Bütün qitəni bürümüş və Avropa xalqlarını qan gölünə qərq etmiş iki dünya müharibəsi XX əsrdə bu amansız savaşların sonuncuları idi. II dünya müharibəsindən sonra formalaşmış yeni dünya düzəni, bəşəriyyətin tərəqqisi və humanistləşməsi istiqamətində geniş vüsət alan etik-siyasi təkamül prosesləri etnik, dini, irqi ayrı-seçkiliyə əsaslanan zorakılığın artıq tarixin arxivində qaldığına böyük ümidlər yaratmışdı. Təəssüf ki, yenicə toxumları cücərməyə başlayan bu ümidlər əsrin sonlarına doğru yenidən Avropanın qonşuluğunda alovlanan etnik müharibələrlə sönməyə başladı.
1988-ci ildə Ermənistanda yaşayan 250 min azərbaycanlının öz evlərindən və torpaqlarından qovulması ilə Cənubi Qafqazda etnik təmizləmə başladı. Ermənistanda yerləşən 185 Azərbaycan kəndində yaşayan 250 mindən çox həmvətənlərimiz öz tarixi torpaqlarından qovuldu, onlara məxsus 31 min yaşayış evi, 165 kolxoz və sovxoz, çox sayda mal qara və bütün əmlakları qarət olundu. Bu əməliyyatlarda 225 nəfər öldürüldü, 1154 nəfər yaralandı. Yüzlərlə soydaşlarımız fiziki işgəncələrə məruz qaldılar və şikəst oldular.
Az sonra erməni hərbi birləşmələrinin Azərbaycan ərazisinə təcavüzü Dağlıq Qarabağ ərazisinin və onun ətrafındakı daha 7 rayonun işğalı ilə nəticələndi. Qarabağ müharibəsinin ən faciəli səhifəsi 7 min əhalisi olan Xocalı şəhərinin yer üzündən tamamilə silinməsi oldu. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni quldurlar bir neçə həftə öncədən mühasirəyə alınmış Xocalı şəhərinə hücum etdilər. Şaxtalı qış gecəsində qaçıb canını qurtarmağa çalışan dinc sakinlər təqib edilərək yollarda və meşələrdə gülləbaran edildilər. Şəhər tamamilə yandırılıb məhv edildi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
BMT tərəfindən 1948-ci ildə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada əks olunan müddəalara müvafiq olaraq, cinayət hadisələrini soyqırım kimi xarakterizə edən bütün xüsusiyyətləri Xocalının acı taleyində görmək mümkündür. Həmin Konvensiyada qeyd olunmuş etnik mənsubiyyətinə görə insanların məqsədli şəkildə, xüsusi qəddarlıqla və işgəncə verilərək öldürülməsi, kütləvi qırğın aktının qabaqcadan planlaşdırılması kimi meyarlar Xocalı hadisələrinin mahiyyətini təşkil edir. Özündə dözümsüzlüyü, etnik-dini ayrı-seçkiliyi, məqsədli etnik təmizləməni, ağlasığmaz işgəncələri birləşdirən Xocalı qətliamı əsl soyqırımı hadisəsidir. Bu günədək dünyanın 10-dan çox ölkəsində Xocalı qətliamı soyqırımı kimi tanınıb.
Bütövlükdə 5 il davam edən Qarabağ savaşlarında Azərbaycanın təxminən 20%-ni təşkil edən 12 rayonunda yerləşən 700 yaşayış məntəqəsi işğal olundu, 24 min azərbaycanlı vəhşicəsinə öldürüldü, 4 minə qədər dinc əhali əsir düşdü. Əsir aparılanların əksəriyyəti uşaq, qadın və qocalardan ibarətdir. İtkin düşmüşlərin sayı 4965 nəfərdir. Onlardan 320 qadın, 69 isə uşaqdır. 1 milyona yaxın azərbaycanlı öz doğma yuvalarından qovularaq qaçqına və məcburi köçkünə çevrildi.
Bütün bu hadisələrin cərəyan etdiyi zamanda dünya susdu, azərbaycanlıların fəryadına səs verən olmadı. O zaman dünya nəinki erməniləri qınadı, hətta Ermənilərin bu vəhşiliyinə əl-altdan dəstək verən dövlətlər, siyasi xadimlər, dini rəhbərlər də tapıldı. Bəzi beynəlxalq təşkilatların zorakılıqdan çəkinmək çağırışlarını eşitməzliyə vuran ermənilər 1993-cü ildə BMT-nin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz geri çəkilmək haqqında qəbul etdiyi 4 Qətnaməyə də məhəl qoymadı.
Erməni lobbisinin təbliğatına uymuş Avropa susdu, işğalçıya “dur” deyən və onu durmağa məcbur edən güc tapılmadı. Bütün bu hadisələri planlayan, həyata keçirilməsində bilavasitə iştirak edən erməni ideoloqları Zori Balayan, Silva Kaputikyan, o zamankı Ermənistan prezidenti Levon Ter-Petrosyan, səhra komandirləri Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları isə soyqırımı və insanlıq əleyhinə cinayətlər törətdiyinə görə mühakimə olunmaq əvəzinə Ermənistanda siyasi hakimiyyətə yiyələndilər və o zamandan zəbt etdikləri hakimiyyəti 2018-ci ilə qədər əllərində saxladılar.
Sentyabrın 27-də 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etmək üçün müqəddəs savaşa qalxan Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistanın demək olar ki, bütün ordusunu və separatçı rejimin quldur dəstələrini darmadağın edərək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bununla da 1993-cü ildə BMT tərəfindən qəbul olunmuş 4 Qətnamənin həyata keçirilməsi təmin olundu.
İndi Ermənistan 30 il ərzində apardığı təcavüz və işğal siyasətinin acı nəticələri ilə üz-üzə dayanıb. Ölkə iflic vəziyyətində, insanlar isə dərin məyusluq və çaşqınlıq içərisində küçələrdə dolaşır və vəziyyətdən çıxış yolu axtarırlar.
Azərbaycanın həyatında isə yeni bir mərhələ - azad olunmuş ərazilərin bərpası mərhələsi başlayır. Talanlara və qeyri-qanuni istismara məruz qalmış Qarabağ torpaqlarımızda artıq abadlıq – quruculuq işlərinə başlanıb. Lakin Qarabağın azad olunması nə Ermənistanın, nə də onun adından 30 il torpaqlarımızı işğal altında saxlamış, soydaşlarımızı həyatından və bütün hüquqlarından məhrum etmiş Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və digər cinayətkarların məsuliyyətdən qaça biləcəyi anlamına gəlmir. Hərb meydanında ədalət öz yerini tutdu, indi Azərbaycan xalqının düşmənlərini ədalət məhkəməsi gözləyir. Gec və ya tez hər bir qatil və cinayətkar Azərbaycan xalqına qarşı törətdiyi bütün cinayətlərə görə, o cümlədən Xocalı soyqırımına görə öz layiqli cəzasını alacaq.