Qarşıdakı illərdə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək. Prezident İlham Əliyevin çıxışlarında açıqladığı bəyanatlardan başa düşülür ki, Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər Prezidentin də vurğuladığı kimi layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar.
Bunun üçün ilk addımlar hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra atılmağa başlayıb. Dekabrın 23-də Prezidentin Zəngilan, Qubadlı və Laçın rayonlarına səfəri zamanı Güləbird SES-nın açılışı, eləcə də Ağalı kəndində tətbiq olunacaq ilk “ağıllı kənd” layihəsinin hazırlanması ərazilərin ən yeni dünya standartları səviyyəsində bərpa olunması üçün bütün dövlət qurumlarının tam səfərbər olunduğunu göstərir. İşğaldan azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələrinin işlənməsi tikinti-abadlıq işlərinin Qarabağın bütün ərazisində eyni vaxtda aparılacağından xəbər verir. Bunun üçün dövlət tərəfindən nəzərdə tutulmuş vəsaitlərin böyük bir hissəsi artıq icraçı şirkətlər üçün ayrılıb. Yaxın onillikdə Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, ilk növbədə Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququndan faydalanacaqlar. Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması bunun əyani göstəricisidir. İlk növbədə bütün regionda yollar, körpülər, su elektrik stansiyaları, su və qaz təminatı kimi həyati vacib infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən üçtərəfli komissiya bölgədə bütün nəqliyyat kommunikasiyalarının açılması və daha da genişləndirilməsi üzrə məsləhətləşmələr aparır və ən qısa zamanda həyata keçiriləcək layihələr təsdiq olunur. Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən avtomobil və dəmir yollarının bərpası ölkəmizin infrastruktur bütövlüyünü təmin edəcək və region ölkələri arasında birbaşa əlaqələri xeyli asanlaşdıracaq. Bütün bu tədbirlərin həyata keçməsi ölkənin infrastur orqanizmini canlandırmaqla yanaşı həm də Cənubi Qafqazı yeni simalı geopolitik regiona çevirəcək. Azərbaycanın Qərblə Şərq və Şimalla Cənub arasındakı geostrateji mövqeyi və əhəmiyyəti daha da güclənəcək.
Qarabağın 30 il ərzində dağıntılara və qarətlərə məruz qalmış əraziləri bərpa olunduqca bölgədə insanlar arası kommunikasiyaların canlanması və ərazidə yaşayan milli azlıqların multikultural Azərbaycan cəmiyyətinə reinteqrasiyası da öz həllini tapacaq. Bütün məcburi köçkünlər əvvəl yaşadıqları məntəqələrə, o cümlədən Xankəndiyə, Xocavəndə, Ağdərəyə və Xocalıya da öz doğma evlərinə qayıdacaqlar.
Bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəlib. Bunun üçün Laçın-Kəlbəcər bölgələrində külək enerjisindən, Zəngilan-Cəbrayıl bölgələrində isə günəş enerjisindən istifadə imkanları genişdir. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. Öz torpaqlarına qayıdan sakinlərin əmək məşğulluğunun təmin edilməsi üçün proqramlar hazırlanmaqdadır. Ənənəvi məşğuliyyət sahələrinin bərpa edilməsi ilə yanaşı yeni məşğulluq növlərinin yaradlılması da dövlət tərəfindən hazırlanan planların tərkib hissəsidir.
Ənənəvi olaraq kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istifadə olunmuş torpaqların reabilitasiyası üzrə tədbirlərə artıq başlanıb və hətta 7 min ha sahədə dənli bitkilərin əkilməsi də həyata keçirilib. Lakin torpaqların böyük bir qisminin minalardan təmizlənməsi gələcəkdə yüz min hektarlarla ərazinin əhalinin istifadəsinə verilməsinə şərait yaradacaq. Azad olunmuş ərazilərin yaxın gələcəkdə ölkənin iqtisadi fəaliyyət dövriyyəsinə cəlb edilməsi, bir tərəfdən yeni iş yerlərinin açılmasına və digər tərəfdən ümumdaxili məhsulun həcminin kifayət qədər artmasına imkan verəcək.
Qarabağın dilbər guşələri Kəlbəcər və Laçın turizm sənayesinin inkişafı üçün böyük potensiala malik bölgələrdir. Azərbaycanın və bütün türk dünyasının mədəniyyət beşiyi sayılan Şuşa şəhərində də öz təyinatına uyğun şəkildə geniş bərpa işləri həyata keçiriləcək. Şuşa öz gözəlliyi və əzəməti ilə dünyanın bütün bölgələrindən gələn turistləri yenidən heyran edəcək.
Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını və Vətən müharibəsi zamanında göstərilən milli birliyin növbəti mərhələyə - abadlıq və quruculuq mərhələsinə daşınmasını tələb edir. Heç şübhə yoxdur ki, 30 il ərzində yalnız bir arzu və bir məqsədlə - işğal altında qalmış torpaqlarımızın azad olunması məqsədi ilə yaşayan Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq. Qarabağ öz yeni həyatına qovuşacaq.