20 Mart 2021 14:43
5 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yurdumuza bahar gəlir. Yaz çiçəklərinin açması ilə bərabər Qarabağ arzularımızın da çiçək açdığı bir bahar. Uzun illər ərzində bütün xalqın nisgilinə dönmüş Qarabağ arzularımızın çin olması ilə birlikdə gələn bir bahar. Çiskin bir payızda, qış sazağı qapıları döymədən azadlığına qovuşmuş Qarabağ son 30 ildə azadlığın ilk baharına qədəm qoyur.

Bu bahar başqa bir bahardır - təbiətlə bərabər ruhumuza və şüurumuza gələn bir bahardır. O dərdli könülləri ovundurur, yandırılan və yağmalanan Qarabağın uzaq və soyuq xatirələrini qızındırır, əsarətdən qurtulmuş doğma torpaqlara yeni nəfəs gətirir. Bu bahar Şuşa dağlarının yamaclarında və hər bir azərbaycanlının ürəyində açan xarıbülbülün azadlığa açılan ilk baharıdır.

“Növbəti baharı Qarabağda – Şuşada, Laçında qarşılayaq” arzularımız artıq gerçəkliyə çevrilib. İndi bütövləşmiş vətənimizə bahar Qarabağdan gəlir. 28 ildən sonra Prezident İlham Əliyev tərəfindən yandırılan ilk Novruz tonqalı ilə Şuşaya gələn yaz nəfəsi bu torpağa can verib onu əsarətdən xilas edən qəhrəman oğullarımızın isti nəfəsidir. Şuşa dağlarının dumanını yararaq torpağı qızındıran, təbiəti canlandıran, çaylarımızı gurlandıran yaz günəşinin ilk parlaq şüaları Qarabağ şəhidlərimizin nurlu çöhrəsini xatırladır. Torpağın oyanması ilə baş qaldıran bənövşələr, nərgizlər şəhid qanı ilə suvarılmış Qarabağ torpağını bəzəməyə tələsir. Azadlığa qovuşmağın baharı ilə öz sahiblərinə qovuşmağın baharını birgə yaşayan Qarabağ tezliklə yaz libasına bürünəcək. Qarabağ al-əlvan geyinəcək. 30 il ərzində düşmən işgəncələrinə dözən, lakin təslim olmayan Qarabağın yaraları sağalacaq. Dağıdılmış, viran qoyulmuş kəndlərimizə, şəhərlərimizə və meşələrimizə yeni həyat gələcək. Bütün nisgillər və əzab-əziyyətlər unudulacaq. Qarabağı xalqımıza qaytaran müqəddəs ruhlardan başqa. Vətən müharibəsi şəhidlərinin ruhu hər zaman Qarabağda dolaşacaq, onu düşmən nəfəsindən qoruyacaq, onun dirilişinə sevinəcək. Qarabağ dirçələcək, Yer üzünün əşrəfi ilə Təbiətin ahəngdar yaşamında həyat öz axarına qayıdacaq. Fəsillər dəyişəcək, illər keçəcək. Qarabağda isə daimi bahar olacaq – Azadlıq baharı. İllər keçəcək, nəsillər dəyişəcək, amma Qarabağı öz baharına qovuşduran şəhidlərimiz heç zaman unudulmayacaq. Onların əziz xatirəsi hər evdə, hər ailədə əziz tutulacaq. Xalqımızı öz doğma torpaqlarına qovuşduran bahar, bütün arzularımızın anası olan Qarabağ baharı heç zaman bu torpaqlardan çəkilməyəcək. Baharın əbədi olsun, əziz Qarabağ! Bahar bayramın mübarək olsun, doğma Azərbaycan!


Müəllif: Cavanşir Feyziyev