5 Aprel 2021 13:02
6 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyat, Allahın insanı güldürməyən zarafatıdır. Xoşbəxtlikdən bu qorxunc məzhəkənin sonu ölümlə qurtarır.

Xoşbəxtlik heç vaxt yaşamaq üçün vasitə olmayıb, insanı həyata ümidsiz səyləri bağlayır.

Ən azı sakitlik... bu, ümidsizlikdən xilas olmaq üçün bəs edir. Amma şübhələr var, insanı sakitləşməyə qoymur. İnsan bütün gün içini didib-yeyir. Şübhə... yəni, nə? Şübhə həyat eşqidirmi, mübarizə tələb edirmi? Yəqin ki, insana görə dəyişir. Əslində şübhə müdafiə və ya hücum - mübarizə gərəkdirməlidir, kələfin ucundan tutub harasa gedib çatmalısan. Amma bu şübhələr insanın öz mənliyinə aid olanda, onu kimlik böhranına yuvarlayanda oturub gözləməkdən başqa əlindən heç nə gəlmir. Oturub gözləmək – bu, artıq kələfin ucunu itirməkdir. İnsan həmişə kələfin ucunu itirməyə meyllidir. Çünki sonadək mübarizə aparmaq mümkün deyil. Bəzən istəmədən mübarizənin içinə düşür. İnsan mübarizə aparırsa, demək, qorxur. Hər şey qorxudandır.

Bilmirəm, bəlkə də həyat, adamlar, yer, göy üzü mən düşündüyüm kimi deyil. Bəlkə də insan hər şeyi öz yaddaşında həll etməlidir. Ya da hər şey öz həllini tapıb, biz sadəcə nəticəyik. Nəticə... bu, son deməkdir.

Hərdən düşünürəm ki, insanı yarımçıqlığı öldürür. Bəlkə də insan bütövləşə bilsəydi, bu, ölümün çarəsi olardı. Amma elə deyil, insan ölür, həm də yarımçıq ölür. Ölməkdən başqa da əlindən heç nə gəlmir adamın. Bəlkə də ölüm olmasaydı, yaşamaq mümkün olmazdı. Elə dünyanı az da olsa, yaşamalı yerə çevirən ölümdür.

Hər ölüm vaxtında gəlir...

Bir də ki, insan görmədiyi hər şeyi önəmsəyir. Görünməyən şeyə həmişə inam var. Yəni nə qədər ki yoxdur, inanırsan. Bu, ümid deyil, insanın özünə qarşı məsuliyyətidir. Ümid isə məsuliyyətsizlik yaradır. İnsan elə ki ümid etməyə başladı, oturub gözləyir. Sizifin daşı dağın zirvəsinə yuvarlaması kimi... Yəni ümid inamı öldürür.

Yaşamaq – ölümqabağı məzhəkədir. Minillərdir ölüb-ölüb dirilir adamlar. Bu, güldürməyən zarafata bənzəyir, təkrar-təkrar danışırsan, bəlkə gülən tapıldı. İnsanlar da elə sanki kimsə, daha doğrusu son ümid yerləri olan allahları onları görmür, bəlkə bir gün gördü deyə təkrar-təkrar doğulurlar. Bu, qorxunc zarafatdır – insanı yox edən məzhəkə. Amma bu zarafat onu öldürmədən əvvəl ələ salmaq üçündür. İnsanı şübhəyə sürükləyən də qeyri-ixtiyari ələ salındığını duymasıdır.

İnsanı yaşamaq uğrunda apardığı mübarizə qorumur, onun yeganə müdafiə qalxanı ölənədək içindən çıxa bilmədiyi boşluqdur. Boşluq – o həmişə insanla birlikdədir. Mübarizə aparan hər insan hədəfdədir, amma boşluğa yuvarlananı kimsə xatırlamır, heç kim onunla məşğul olmur.

Hər şeyin kökü heçlikdən başlayır – insanı xaosa sürüyən yalnızlıqdan. Sonra? Sonra... növbə əzrayıla çatır – ölümü yorğan kimi canına çəkir adam. O gün bu gündür, insan övladları yer üzündə gor qazırlar. Qazırlar... qazırlar... qazırlar... sonra çəkirlər torpağı üstlərinə. Sonra? Sonra, yəni, heç nə...


Müəllif: Mənsur Rəğbətoğlu