8 Aprel 2021 13:38
6 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan mətbuatı həmişə olduğu kimi, arzu olunanı reallıq kimi təqdim etmək əzmindədir. Sayı barmaqla sayıla biləcək qədər olan Ermənistan KİV-ləri vaxtaşırı dünyanın bu və ya digər ölkəsində hansısa kəndin, qəsəbənin və ya şəhərin bələdiyyə rəhbərinin artıq İrəvanda da unutmağa başladıqları qondarma “Dağlıq Qarabağ” qurumunu tanıması haqqında bəyanatları bir-birindən köçürərək tirajlamaqla erməni cəmiyyətində xoşbəxtlik abı-havası yaratmağa çalışırlar.

Bu kimi saxta və mənasız xəbərlər erməni jurnalistləri ilə yanaşı beynəlxalq siyasətdən o qədər də baş çıxarmayan oxucularda da onların “Artsax” yanğısına su səpmək effekti yaşadır. Bu məsələdə fransızlar xüsusi fəallıq göstərərək erməni qardaşlarının (və ya Makronun təbirincə desək, “balaca bacılarının”) yarasına məlhəm çəkməyə, növbəti dəfə erməniləri miflərə və əfsanələrə uyaraq bir anlıq da olsa özlərini xoşbəxt hiss etməyə sövq edirlər. Keçən həftə erməni lobbisinin Ermənistana ezam etdiyi Avropa Parlamenti üzvləri Natali Uazo və Fransua Havier Belami də Ermənistanda rəsmi şəxslərlə və katolikosla görüşərək erməni mətbuatının qəhrəmanına çevriliblər. Fransada müxtəlif yerli icma rəhbərlərinin, bəzi hallarda isə hətta parlament üzvləri və icra strukturlarını təmsil edən məsuliyyətsiz siyasətçilərin erməni diasporunu məmnun etmək xatirinə səsləndirdiyi bəyanatlar və yazdıqları məktublar xüsusi canfəşanlıqla yerli erməni mətbuatının baş mövzusuna çevrilir.

Bu günlərdə erməni mətbuatının tilovuna əməlli-başlı “iri balıq” düşüb. Fransa Respublikası Parlamentinin yuxarı palatasında – Senatda respublikaçılar fraksiyasının rəhbəri olan Bruno Retayo özünü “Artsax Respublikası Milli Məclisinin sədri” adlandıran Artur Tovmasyan adlı bir şəxsə məktub göndərib. Cəmi 3 cümlədən ibarət olan məktubunda Bruno Senatın qəbul etdiyi qətnamənin “…dəhşətli sınaqlar və faciələrlə üzləşmiş erməni cəmiyyətində ümid yaratmasından məmnun olduğunu” bildirib. Senator Retayo ermənilərə bu qətnamədən doğan “ümidlərin tezliklə həyata keçməsini, Artsaxın azad və təhlükəsiz şəraitdə öz gələcəyini qura bilməsini” arzulayıb. Sonuncu cümləsində isə ermənilərin dəvətini məmnuniyyətlə qəbul etdiyini və mövcud vəziyyətin imkan verəcəyi halda “Artsaxı və artsaxlıları kəşf etmək üçün” qonaq gələcəyini vəd edib.

Maraqlıdır ki, Senatda fraksiya rəhbəri olan bu şəxs qondarma rejimlə bağlı qəbul olunmuş qətnamənin heç bir hüquqi əhəmiyyətə malik olmayan kağız parçası olduğunu bildiyi halda erməni xalqına onu əhəmiyyətli bir sənəd kimi sırımağa cəhd edir. Bu məsələnin hüquqi-nəzəri və mənəvi tərəfləridir. Sözügedən qətnamənin qəbul edilməsinin praktiki tərəfi isə erməniləri aldatmaq, sülh və barışa səsləmək əvəzinə yalançı ümidlər verməklə onları növbəti faciəyə gətirib çıxaracaq qisasçılığa sövq etməsidir. Bunu başa düşmək isə ilk növbədə ermənilərin özünə hava-su kimi lazımdır.

Məsələ ondadır ki, Fransa Senatının məlum qətnaməsinin erməni separatçılarına verdiyi ümidlərin doğrulmayacağı hamıya, o cümlədən Azərbaycan ərazisində özlərini marginallaşdırmış Qarabağ ermənilərinə və hətta onların separatçılığını dəstəkləyən senatorun özünə də gün kimi aydındır. Belə olan halda dünya tarixinin ən keşməkeşli hadisələrini yaşamış və ən ziddiyyətli siyasi qarşıdumalardan sağ çıxmağı bacarmış Avropanın aparıcı ölkələrindən biri olan Fransanın senatorunu ermənilərə yalan vədlər və ümidlər verməyə vadar edən nədir? Görünür ki, Bruno Retayo kimi bəzi Fransa siyasətçiləri yalan vədlər və ümidlər verməklə həm Fransa ermənilərinin xətrini xoş etmək və eyni zamanda onların maliyyə yadımından faydalanmaq məqsədindən vaz keçə bilmirlər.

Retayo ola bilər ki, növbəti seçkilərdən sonra ermənilərə təskinlik vermək iqtidarında olmayacaq. Onun kimi məsuliyyətsiz siyasətçilərin verdiyi saxta ümidlərə uyan ermənilər isə əvvəl-axır xəyal qırıqlığına məhkumdur. Hər dəfə xəyal qırıqlığına uğrayanda isə əvvəldən hazırlanmış ssenarilər üzrə “genosid” spekulayasiyaları işə düşür və bədbəxt ermənilərin “ekzistensial təhlükə” şüvəni bütün dünyanı bürüyür.

Ermənilərin o qədər də uzun olmayan siyasi tarixlərində özlərinə dövlət yaratmaq cəhdləri dəfələrlə boşa çıxıb. Dəfələrlə baş vermiş uğursuzluq residivi onlar üçün artıq “keçilmiş dərs” olsa da görünür ki, ermənilər hələ də bu dərsi yaxşı qavramayıblar. Hələ də ermənilər başa düşməyiblər ki, bütün dünyanı zinhara gətirmiş “erməni məsələsi” uydurma tarix əsasında yaradılmış əfsanələr və miflər hesabına həll oluna bilməz. Dəfələrlə başı daşa dəymiş ermənilər artıq özlərinin uydurduğu “tarixi qədimliyə və möhtəşəmliyə”, “erməni müstəsnalığına” özlərindən başqa heç kimin inanmadığını anlamalı və özlərinə dövlət qurmağın yalnız de-yure mövcud olduqları zaman və məkan çərçivələrində mümkünlüyünü qəbul etməlidirlər. Çağdaş dünyamızda uğurlu dövlət quruculuğunun örnəkləri kifayət qədər çoxdur. Nəhayət, ermənilər də özlərinin çoxəsrlik dövlət yaratmaq arzusuna çatmaq üçün bütün xalqların tarixi təcrübəsindən doğan “yaxın qonşu uzaq qohumdan irəlidir” məntiqini qavramalı və ilk növbədə bölgə dövlətləri ilə yaxın qonşuluq və səmimi əməkdaşlıq yollarını aramalıdırlar. Əks təqdirdə onların özlərinə milli dövlət yaratmaq arzuları elə arzu olaraq da qalmağa məhkumdur.


Müəllif: Cavanşir Feyziyev