12 Aprel 2021 22:49
6 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni terrorçularından azad edilən yurdlarımızı dağıdılmış görəcəyimizdən əmin idik.

Tarixi abidələrimizin məhv olunduğundan, evlərimizin yerlə-yeksan edildiyindən əmin idik.

Erməni dəstələrinin əsir götürdükləri vətəndaşlarımıza işgəncə verdiklərindən, qul kimi saxladıqlarından, qadınlara təcavüz etdiklərindən də əmin idik.

Çünki əsrin əvvəllərində də bunu görmüşdük, Xocalıda da, başqa fəlakətlərdə də.

Amma inanmazdıq ki, onlar çoxdan ölmüş insanların qəbirlərini eşib sümüklərini də oğurlayalar...
Bölgələrə gedən jurnalistlərimizin yazdıqlarını dəhşətlə oxuyuruq. Atalarının qəbirlərini dağıdılmış tapan jurnalistlərin, siyasilərin foto və videolarını əsəblə izləyirik.

Tarixin ironiyasıdır ki, ermənilərlə sülh quruculuğu işində canfəşanlıqla iştirak edənlərdən birinin də babasının qəbrini ermənilər dağıdıbmış...

Ermənilər ölülərdən nə istəyiblər?

Ağlıma türk tədqiqatçı Səbahəddin Şimşirin bir konfransda Rəsulzadədən gətirdiyi sitat düşür: “Əgər bu gün Qarabağın kimə məxsus olmasını bilmək istəyirsinizsə, son 20-30 ildə orada kimlərin sayının çox olduğuna deyil, kimlərin ölüsünün çox olduğuna baxmaq lazımdır”.

Görünür, dirilərimizi öldürən, əsir götürən ermənilər yurdlarımızın onlara məxsus olduğunu isbat etmək üçün ölülülərimizi də yox etmək istəyiblər. Çünki ölülər də canlı şahidlərdirlər.

Sümük oğurlayanların kaskalarının Hərbi qənimətlər parkında sərgilənməsi sosial şəbəkədə erməniləri elə hala salıb ki, onların vayına bir qrup zədələnmiş azərbaycanlılar da qoşulublar.

Bunlar həmin adamlardırlar ki, müharibə vaxtı, əsgərin cəbhədə böyük ruh halı ilə savaşdığı bir anda millətinə, ordusuna və əsəgərinin amalına xəyanət edərək sülh bəyanatı vermişdilər.

Bunlar həmin adamlardırlar ki, “aman Hadruta girməyin” deyə savaşdan öncə uzun-uzun sayıqlamalar yazırdılar.

Sülh də oldu, Hadrut da qazanıldı, hətta inanmadığımız Şuşa da. Bu dəfə nə etdilər?

“Aman Xankəndi ermənidə qaldı” dedilər. Halbuki tanklarımız Xankəndinə daxil olsaydı, bu dəfə “aman bizi Qərbdə biabır etməyin, orada sivil vətəndaşlar yaşayırlar” deyəcəkdilər.

Bu adamların dərdi başqadır.

Həmişə narazı olan bu adamlar illərdir əziklik duyğusundan əziyyət çəkənlərdirlər.

Erməninin kaskası ilə onların maskası eyni qəbildəndir. İstehsalı da, son istifadə müddəti də.
Parkda sərgilənən kaskaların sahibləri Qarabağı işğal edənlər, Xocalıda hər cür təcavüzü edənlərdirlər. Başqasının torpağını işğal edəndə, namusuna təcavüz edəndə, Bərdəyə, Gəncəyə raket atanda utanmayanların kaskasına görə siz niyə xəcalət çəkirsiniz?

Aman Azərbaycanın imicini düşündüyünüzü söyləməyin. 44 gündə nələr yazdığınıza da şahidik.
Bir az cəsarətli olun, maskanızı çıxarın, kaskanızı taxın.


Müəllif: Dilqəm Əhməd