17 Aprel 2021 21:40
6 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət başçısı dəfələrlə tarixi Azərbaycan torpaqlarına – Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağımızı bildirib. Son çıxışında isə başqa dövlətin ərazisinə iddiamızın olmadığını, tankla deyil, başqa cür dönəcəyimizi deyib. Burada haqlı sual çıxır. Nə cür?

Öncəliklə bu qayıdış məsələsi son 100-150 ildə o torpaqlardan didərgin düşən nəsillərin haqqıdır. Doğulduğu torpaqları görmək, onun üzərində gəzmək, əcdadların ruhunu hiss etmək onların haqqıdır. İmperiyaların dağıldığı dövrdəki qarmaqarışıqlıqdan istifadə edərək yurd yerlərimizi ələ keçirən, qətliamlar törədən bir dəstə üzərində tarixi haqqımızı bərpa etmək haqqımızdır.

44 günlük savaşın nəticəsi Qarabağdan köçkün düşənlərə ümid işığı oldu. Xarabazara çevrilən bölgələr bərpa edildikdən sonra onların həsrətinə son qoyulacaq. Necə ki hazırda jurnalistlərə və bəzi qruplara bu imkan yaradılıb, onların ata yurdlarından yazdıqları məqalələri maraqla oxuyuruq. Bəs İrəvanda doğulanlar və onların övladları o yerlərə necə gedəcəklər? Qarabağa getdiyimiz kimi gedə bilməyəcəyik, bu, təbiidir. O halda necə?

Şübhəsiz ki, bu prosesin başlanğıcı Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında quru yolunun bərpası olacaq. Zəngəzur dəhlizinin açılması təkcə bir neçə ölkənin iqtisadi maraqlarına xidmət etməyəcək, eyni zamanda azərbaycanlıların tarixi yurdlarına getmələri, orada biznes qurmaları, yaşamaları ilə nəticələnəcək. Sülh müqaviləsinin imzalanmasından sonra Ermənistanın da marağına xidmət edəcək bu addımlar mütləq həyata keçəcəkdir.

Amma bu məsələlər gündəmə gəldiyi zaman bir qrup Qərbi Azərbaycanda doğulmuş şəxslər özlərinə vəzifə bilib hökumət elan edir, parlament qurur, bayraq təsdiq edirlər. Pandemiyanın birinci dövründə ilkin adı Qərbi Azərbaycan Respublikası olan, ardınca İrəvan Türk Cümhuriyyəti kimi dəyişdirilən hökumətdən sonra pandemiyanın ikinci ilində yenə bir qrup şəxs Zəngəzur-Göyçə Respublikası yaradıldığını bildirdi. Bu o deməkdir ki, pandemiyanın üçüncü ilində Mehri-İrəvan Cümhuriyyəti və s. adlı hökumətlər elan edilə bilər.

Bunların qarşısı alınmalıdır!

Ona görə yox ki, biz Qərbi Azərbaycanda doğulan insanların öz tarixi haqlarını bərpa etmələrinə qarşıyıq. Əsla. Oralar bizim tarixi yurdlarımızdır, Azərbaycan hökumətinin deyə bilmədiklərini elan edə bilən qurumların varlığı zəruridir. Bu, Güney Azərbaycanla bağlı da olmalıdır. Burada etiraz etdiyimiz məsələ hökuməti qurma şəklinədir. Çünki bir qrup insanın bir araya gəlib yuxarıdan başlayaraq özlərinə hökumət qurmaları qeyri-leqaldır, təmsilçilik haqqı doğurmur, eyni bölgə ətrafında saysız-hesabsız “hökumət”lərin qurulması ilə nəticələnəcək. Çünki Qərbi Azərbaycanda doğulmuş bir şəxs olaraq eyni məntiqlə 20 adamı bir araya toplayıb bir hökumət də bəndəniz qura bilər. Daha yaxşı dizaynerlərə daha yaxşı bayraqlar hazırlatdıra bilərəm. Daha yaxşı kampaniyalar apara bilərəm. Eləcə də bir başqası da eyni addımı ata bilər.

Tarixdən bir sitat.

Əgər Mustafa Kamal Atatürk Amasya, Ərzurum konqreslərini keçirib xalqdan dəstək almasaydı, İstanbuldakı leqal hökumət onu yerindəcə yıxa bilərdi. Amma Mustafa Kamal paşa başa düşürdü ki, yeni hökumət qurmağın yolu birbaşa xalqdan keçir.

Bu baxımdan Qərbi Azərbaycan torpaqları üzərində mühacir hökumət qurulacaqsa, öncəliklə bölgənin bütün kəndlərinin, mahallarının seçdikləri qanuni təmsilçilərin qurultayından sonra mümkün ola bilər. Qurultay hökumət üzvlərini seçəcək, qurultay tarixi bayrağı bərpa edəcək və bundan sonra heç bir Qərbi Azərbaycanda doğulan şəxs hökumət iddiasına düşə bilməyəcək.

İndiki halda isə ortalıqda dolaşan “hökumətlər”, “bayraqlar” bölgə əhalisi adından sui-istifadədir, yanlışdır, bu işlərdən əl çəkmək lazımdır.


Müəllif: Dilqəm Əhməd