25 Aprel 2021 11:42
6 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi Türkiyə ilə yanaşı Azərbaycan ictimaiyyətində də etiraz doğurdu. Prezident İlham Əliyev də Ərdoğanla telefon danışığında Baydenin bu addımını qınadı, regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirdi, Türkiyənin yanında olduğunu qeyd etdi.

İctimaiyyət arasında bir qrup bu məsələnin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətdaşıdığını, bizim reaksiya verib-verməməli olduğumuzu müzakirə edir.

Əlbəttə ki, bu məsələyə yüz il öncəki baxışla, bugünkü baxış arasında fərqlər olacaqdır. Bu gün Azərbaycan toplumunda Türkiyəyə olan münasibətlə, 1915-1918-ci illərdə Osmanlıya olan baxış arasında hansı fərqlərin və ya oxşarlıqların mövcudluğu təhlil edilməlidir.

Azərbaycanda tarixə bu günün pəncərəsi ilə baxanda elə zənn edilə bilər ki, ötən əsrin əvvəllərində Qafqaz ayrı bir yer idi, Osmanlı ayrı. Halbuki Azərbaycan xalqının İstanbulla əlaqəsi daha güclü idi, nəinki Peterburqla. 1828-dən 1918-ə qədər Azərbaycanın şiə kəsimi Qacarı, sünni kəsimi Osmanlını padşah bilib. Çar rəsmiyyətdə padşah idi.

Osmanlıdan gələn qəzet Bakıda indiki İstiqlaliyyət küçəsindəki Abbasqulu Kazımzadənin mağazasından abunələrə paylanılırdı. Axund Yusif Talıbzadə İstanbula dəfələrlə səyahət etmiş, mətbuatda bu barədə yazılar yazmışdı, ona görə də Tağıyev onu sultanın sarayına elçi göndərmişdi.

Bakı və Osmanlı mətbuatı bir-birindən detallı şəkildə xəbərdardı. Osmanlı müəllimləri Azərbaycanda dərs deyirdi. Osmanlı kitabları Bakıda işlənirdi. Bakıda qəzet bağlananda Osmanlı mətbuatı buna reaksiya verirdi. Tağıyev Osmanlı sultanının etirazına görə "Füyuzat" kimi jurnalı qapatmışdı.
1918-ci ildə istiqlaldan öncə Azərbaycanın Şirvan, Ağdaş, Şuşa, Gəncə, Kürdəmir və s. yerlərindən Osmanlıya xeyli məktub göndərilmişdi ki, oraya birləşmək istəyirik. O məktubların əksəriyyəti çap edilib. Çünki xalqın bir qrupu özünü mahiyyətdə Osmanlıya aid edirdi. Çünki hələ ki öz müstəqil dövlətimiz yox idi, bölgədə anarxiya hökm sürürdü, Zəngəzurda, Qarabağda qətliamlar vardı, sonrasında mart soyqırımı törədildi. Bu baxımdan istiqlal ideyası nəzərindən zərərli görünsə də, millətləşmə mərhələsinin tamamlanmadığı o illərdə bunlar olduqca təbii idi. Osmanlıya daxil olmaq fikrini dəstəkləyənlər arasında dövrün ictimai-siyasi xadimləri də vardı. Amma nəticədə siyasi liderlərimizin sayəsində müstəqil dövlət qura bildik və bu gün də onun hüquqi mirasçısı və davamçısıyıq. Bu müstəqilliyin kağızdan əmələ keçməsi isə yenə də Osmanlının Bakını işğaldan azad etməsi sayəsində oldu. Bu baxımdan Qafqaz türkləri ilə Osmanlı türkləri arasında ortaq tarixi keçmiş, ortaq tarixi qədər mövcuddu.

Ona görə də ötən əsrin əvvəllərində baş verən hadisələr təbii olaraq indi də Azərbaycan türklərini maraqlandırır. Buna reaksiyalar normaldır, reaksiyasızlıq anormallıq və yaşanmış tarixi bilməməkdir.
Müstəqil dövlətin nə reaksiya verəcəyi ayrı məsələdir. Halbuki Azərbaycan dövləti də xalqı kimi reaksiya verməlidir.

Necə ki verdi. “Biz başqa dövlətik” desəydik, 44 günlük Vətən müharibəsindəTürkiyə də gərək kənarda durardı. O zaman nələr olardı Allah bilir.

Erməni xəyanəti, terror dəstələri bizim ortaq bəlamız və tariximizdir. Fətəli xana atılan güllə ilə Talat paşaya atılan güllə eyni zehniyyətin məhsulu idi.

“Türkiyə özü bilər, bundan bizə nə demək” Azərbaycanı dəstəkləmək deyil, əksinə Türkiyəfobiyanın yaratdığı əzik düşüncənin məhsuludur.


Müəllif: Dilqəm Əhməd