11 May 2021 21:14
6 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Dünya müharibəsindən sonra SSRİ vətəndaşı olan minlərlə türk almanlara əsir düşdü. Savaş bitdikdən sonra Avropada düşərgələrdə qalan əsirlərin bir qisminə Misir hökuməti yardım edərək öz ölkəsinə gətirdi. Onların bəziləri Misirdə əmək fəaliyyətinə başladılar, bəziləri düşərgələrdə yaşadılar. Misir kralı onlara qayğı göstərsə də, əsirlərin tək hədəfləri vardı: Ana yurd dedikləri Türkiyəyə getmək.

1948-ci ildə Misirin Abbasiyyə düşərgəsində yaşayan tatarlar adından Türkiyəyə məktub ünvanlanır. Eləcə də dönəmin önəmli qəzetlərindən olan “Tasvir”də onlar haqqında məqalə dərc edilir. Məqalədə maraqlı bir məsələyə toxunulub: “Misir hökuməti öz düşərgələrindəki türklərə, Avropa düşərgələrindəki digər qism türklərə yəhudilərə qarşı Fələstin savaşlarında iştirak etmələri təklifini edib. Fəqət Ana yurda dönməkdən başqa bir qayələri olmayan irqdaşlarımız bu təklifləri rədd etmişlər”.

Əsas mövzuya keçmədən onu deyək ki, təkcə bu fakta görə Almaniya tərəfdən zorakı şəkildə müharibəyə cəlb edilən, Stalinin ölüm məngənəsinin qorxusundan legionlara qoşulan türk xalqlarının nümayəndələri heç də pullu əsgərlər deyildilər. Elə olsaydı onları himayə edən Misir hökumətinin təklifini qəbul edər, pul qarşılığında yəhudilərlə savaşardılar. Eləcə də onlarda aşırı müsəlman təəssübkeşliyi olsaydı, müsəlmanların savaşına dəstək olmaq üçün silaha sarılardılar. Demək ki, əsir türklərin tək qayəsi ölümdən xilas olmaq və Türkiyəyə sığınmaqdı. Bu məqsədlə də almanların girovluğunda müharibə bitənədək mübarizə aparıblar.

Azərbaycan türklərinin isə yəhudilərlə tanışlığı orta əsrlərə qədər gedir. Cümhuriyyət dövründə Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadə Quba səfərinə çıxıb, yəhudi ravvinlə görüşüb, gənc dövlətdə bütün dinlərə eyni hörmətin bəslənildiyi ifadə edilib. Eləcə də Azərbaycan türkləri ərəblərlə VII əsrdən etibarən münasibətdə olublar, ölkəmizə ərəb axınları olsa da, zamanla yerli xalqların içərisində assimilyasiya olublar. Ona görə də yəhudilərdən fərqli olaraq bu gün ayrı bir icmaya sahib deyillər.

Amma ötən əsrin əvvəllərindən etibarən başlayan ərəb-yəhudi savaşı isə azərbaycanlılara həmişə yad olub, bir qrup dini təəssübkeşlikdən fələstinliləri, bir qrup isə Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa görə israilliləri virtual şəkildə dəstəkləyir. Nəticədə qarşılıqlı raketlər atıldığı zaman sosial mediada da azərbaycanlıların aşırı polemikaları gündəmə gəlir.
Azərbaycan milləti son yüz ildə mütəmadi terrora, soyqırımına məruz qaldığı üçün heç bir müharibəni, terror aktlarını dəstəkləmir. Əksinə keçmiş Dağlıq Qarabağ probleminə görə hüququn aliliyi prinsipinə riayət edib və BMT qərarlarına qoşulub. Bu baxımdan dəfələrlə Fələstinin müstəqilliyi məsələsində açıq şəkildə mövqeyini ifadə edib. Bu mövqeyə rəğmən Azərbaycan hökuməti strateji tərəfdaşı olan İsraillə də münasibətlərini irəlilədib, tezliklə səfirliyin açılması məsələsi də gündəmə gələcəkdir. Fələstin dövləti də bu münasibətlərə pozitiv yanaşıb, hər hansı problem görməyib.

II Qarabağ müharibəsində İsrailin ölkəmizə dəstək verməsi də münasibətlərin inkişafında yeni mərhələyə səbəb olub.
Ona görə də ölkəmizdə İsrail və ya Fələstin təəssübkeşlərinin olması təbiidir. Amma bu təəssübkeşliyi qorumaqla kifayətlənib, oradakı münaqişəni ölkəmizin gündəminə çevirməyə də gərək yoxdur. Çünki biz nə İsrail, nə də Fələstin tərəfindən vuruşacaq könüllü əsgərlər yetişdirmirik. Ən yaxşı halda İbrahimin tonqalını söndürməyə su damlası aparan qarışqa misalındakı kimi mənəvi tərəf seçə bilərik. Amma unutmayaq ki, Azərbaycan dövlətinin və millətinin mənafeyi hər zaman birinci gəlməlidir.


Müəllif: Dilqəm Əhməd